“Salnaməfilm” Milli Qəhrəmanlar barədə sənədli film çəkilişlərini davam etdirir


Azərbaycan Respublikası Мədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən sənədli filmlərin çəkilişləri davam edir.

“Salnaməfilm” studiyasının mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, artıq bir neçə müddətdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə studiyada bu silsilədən sənədli filmlər istehsal olunur. Rejissor Kamran Qasımov 2016-cı ildə qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov haqqında sənədli filmi yekunlaşdırmaq üzrədir. Filmin çəkilişləri qəhrəmanın doğulduğu Qusar rayonunda, hazırda ailəsinin yaşadığı Bakıda, habelə, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılıb.
Rejissor Kamran Qasımov filmin adını Çingiz Qurbanovun ailəsi ilə vidalaşarkən son dəfə söylədiyi cümləyə əsasən qoyduqlarını bildirib:
“Filmin hazırlıqlarına ilin əvvəlində başlamışdıq. Sərt karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq filmin istehsalını saxlamalı olduq. Hazırda isə uzadılmış karantin rejimlərinin tələblərinə uyğun şəkildə filmimizin çəkilişlərini yekunlaşdırmışıq. Biz filmin çəkilişində maraqlı bir üsula əl atdıq. Belə ki, film müşahidə janrında çəkilib. Bütün müsahiblərimizi kamera kənardan müşahidə edib. Filmdə əlbəttə, xronikadan da istifadə olunub. İnşallah oktyabr ayının əvvəlində film tam hazır şəkildə təhvil veriləcək”.
“Hər şey yaxşı olacaq” filminin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Mirzə Ələkbərov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.
Rejissor Elnaz Əbluc isə Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov haqqında sənədli filmin çəkilişlərinə başlayıb. Rejissorun sözlərinə görə, Cəlil Səfərov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbində təhsil almış peşəkar zabit idi: “O, dəqiq atəşlərlə düşmənin canlı qüvvəsinin məhv edilməsinə başçılıq edirdi. Onun qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən ağır itki vermişdi”.
Filmdə qəhrəmanın döyüş yoldaşları və ailə üzvlərindən müsahibələr alınacaq. Onun təhsil aldığı və hazırda adını daşıyan Sumqayıt şəhərindəki 10 saylı məktəbdə, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə çəkilişlərin aparılması nəzərdə tutulub.
Filmin rejissoru və müəllifi Elnaz Əbluc, operatoru Soltan Abdullayev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.
Rejissor Yavər Rzayev Azərbaycanın Milli Qəhrəmanı Hikmət Muradov haqqında filmin hazırlıqlarına başlayıb. O bildirib ki, Hikmət Muradov yeganə milli qəhrımandır ki, təyyarədə həlak olub: “Vertolyotla döyüşənlərimiz, şəhid olanlarımız, Milli Qəhrəman adına layiq görülən igidlərimiz çox olub. Amma Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. O, sərt döyüş anında belə işindən bir addım geri çəkilməyib. Sonuncu əməliyyat zamanı isə Xocalı ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi güclü raket atəşinə məruz qalır. Hikmət Xocalı aeroportundan Yevlaxa apardığı 6 dispetçerlə birlikdə şəhid olur”.
Filmin çəkilişlərinin Yevlaxda, onun təhsil aldığı 190 nömrəli məktəbdə, dəfn olunduğu Maştağa qəsəbəsində aparılması planlaşdırılır. Filmdə qəhrəmanın ailə üzvləri, xidmət yoldaşları da iştirak edəcəklər. Oktyabr ayının əvvəlindən çəkilişlərə start verilməsi nəzərdə tutulur.

“Biz bu filmdə maraqlı bir yanaşma da edəcəyik. Hikmət Muradovun yarım qalan bir məhəbbət hekayəsi olub. Biz həmin xanımı axtarıb tapmışıq. Xanım da məmnuniyyətlə çəkilişlərdə iştirak edəcəyini deyib. Beləcə, biz filmə məhəbbət xətti də qatmışıq” , – deyə rejissor sözlərinə əlavə edib. Filmin müəllifi və rejissoru Yavər Rzayev, operatoru Rüfət Süleymanov, icraçı prodüsri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.
Rejissor Kəmalə Musazadə isə Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanov haqqında filmin çəkilişlərini aparır. Onun sözlərinə görə, Rafiq Alcanov zabit olub və o, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvanda döyüşlərdə iştirak edib, elə ömrünü də qəhrəmanlıq göstərərək başa vurub.
Filmdə qəhrəmanın ailə üzvləri, döyüş və xidmət yoldaşları Rafiq Alıcanov haqqında xatirələrini bölüşürlər. Qəhrəmanın doğulduğu Qazax rayonu, Şəhid olduğu Füzuli bölgəsində və Bakıda çəkilişlərin aparılması nəzərdə tutulur.
 “Mən artıq uzun müddətdir ki, Vətənimizin müdafiəsi uğrunda şəhid olan igidlərimiz haqqında filmlər çəkirəm. Düşünürəm ki, hazırda Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” stusiyasında Azərbaycanın Milli Qəhrəmanları silsiləsinin istehsalı çox təqdirəlayiq haldır. Xüsusilə də son zamanlar düşmənin fəallaşması görünür. Şəhid olan igid oğul və qızlarımızın qisasının alınması və torpaqlarımızn geri qaytarılması üçün bütün xalq olaraq səfərbər olmalıyıq. Biz də yaradıcı heyət olaraq, bu yolda şəhid olan qəhrəmanlarəmızın döyüş yolunu işıqlandırır, xalqımıza nümunə həyatları təqdim edirik. Vətənpərvərlik ruhunun aşılanması üçün bu çox vacib bir addımdır. Hətta mən təklif edərdim ki, “Salnaməfilm” studiyasının tərkibində xüsusi bir şöbə yaradılsın ki, burada sadəcə Vətənpərvərlik mövzusunda filmlərin istehsalı davam etsin. Mənə inanın ki, xüsusilə də son günlərdə biz bunun nə qədər ehtiyac olduğunu görürük”, - Kəmalə Musazadə sözlərinə əlavə edib.
Qeyd edək ki, Rafiq Alcanov haqqında filmin müəllifi və rejissoru Kəmalə Musazadə, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

DİGƏR XƏBƏRLƏR

Top