Yoluxma halları azalır, virus təsir gücünü itirirmi? – HƏKİM AÇIQLADI


Artıq bildiyimiz kimi, istər Azərbaycanda, istərsə də dünya ölkələrində karantin rejimi mərhələli şəkildə yumşaldılıb və bəzi sosial sahələr fəaliyyətini bərpa edib. Lakin ölkəmizdə sərt karantin rejiminin tətbiq olunduğu ərəfələrdə, koronavirusa yoluxma pik həddə olduğu, karantin rejiminin yumşaldıldığı dövrdə isə gözə çarpacaq dərəcədə azalma olub. Bu zaman ağıllara bir sual gəlir. Koronavirus get-gedə öz təsir gücünü itirirmi?  
Məsələ ilə bağlı tibb üzrə ekspert Adil Qeybulla ilə əlaqə saxladıq. O Yeniavaz.com-a açıqlamasında payız fəslində COVID-19-la, ənənəvi soyuqdəymənin xeyli çətinliklər törədəcəyini bildirdi: 
“Virus hal-hazırda mutasiyaya uğrayır. Eyni zamanda təbiətində həm morfoloji, həm funksional dəyişiklik baş verir. Funksional yeni əlamətlər deməkdir və biz müxtəlif mənzərələr görürük. Bu dəyişikliklərə görə klinik əlamətlər o qədər də gözə dəymir. Amma payız fəslində COVID-19-la, ənənəvi soyuqdəymə xeyli çətinliklər törədəcək. Yüksək temperatur, bu xəstəliklərin hər ikisi üçün xarakterikdir. Bununla bağlı hal-hazırda Koreyda xüsusi testlər icad edilir. Mən hesab edirəm ki, məhz bu istiqamətdə işləmək lazımdır və payız fəslindən biz normal çıxa bilsək, yavaş-yavaş hər şey düzələcək. Lakin hesab edirəm ki, karantin qaydalarına əməl etmək şərti ilə bütün sosial sahələr fəaliyyət göstərə bilər. Yəqin ki, hər yer mərhələli şəkildə açılacaq”.
Həkim eyni zamanda məktəblərdə şagirdlərin virusa yoluxma məsələsinə də toxundu. Bildirdi ki, şagirdlərin virusa yoluxma səbəbi məktəblərdə nəzarətin olmamasıdır:
“Müəllimlərin əksəriyyəti otaqda maskasız, bir-biriləri ilə söhbət edirlər. Şagirdlərin üzərində nəzarət yoxdur. Hətta belə bir məlumat da var ki, bir sinifdə 48 şagird yerləşdiriblər. Bu tamamilə karantin qaydalarının pozulması deməkdir. Belə hallar davam edərsə təbii ki, yoluxma davam edəcək. Uşaqlar daşıyıcı olduqlarından yüzlərlə adamı yoluxdura bilərlər. Kitab, dəftərin üzərində inanmıram virus qala bilsin, buna görə də keçə bilməz. Lakin parta üzərində virus uzun müddət qala bilər. Buna görə də tez-tez sinif otaqları dezinfeksiya olunmalıdır. Karantin hamı üçündür və hər kəs buna uyğun davranmalıdır”.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top