Uzman həkim: "Üst tənəffüs yollarının allergik xəstəlikləri bu halda ölümlə nəticələnə bilər"


“Tənəffüs sistemi həyati vacib sistemlərdən biridir. Elə bu səbəbdən həmin sistemdə baş verən istənilən dəyişiklik sağlamlığa təsirsiz ötüşmür”. 
Bunu Yeniavaz.com-a açıqlamasında uzman otorinolarinqoloq Elnur Əkbərov tənəffüs yolu xəstəliklərindən danışarkən deyib. O bildirib ki, yaz və payız aylarında bu qəbildən olan xəstəliklər daha çox müşahidə olunur:
“Tənəffüs sistemi orqanları şərti olaraq iki hissəyə - alt və üst tənəffüs orqanlarına ayrılır. Bu, xəstəliklərin təsnifatını asanlaşdırmaq üçün həyata keçirilən prosedurdur.
Xüsusilə yaz və payız aylarında immun sistemində baş verən dəyişikliklərdən irəli gələrək tənəffüs sisteminin xəstəliklərinin rastlanma tezliyi artmaqdadır. Kəskin xəstəliklərlə yanaşı xroniki xəstəliklərin ağırlaşması baş verir ki, bu da öz növbəsində müəyyən əlamətlərlə müşahidə olunur. 
Tənəffüs sistemi orqanlarının zədələnməsinin ən çox rastlanan əlamətləri tənəffüsün pozulması və öskürəkdir. Peşəmin tələbi etibarilə üst tənəffüs yolları xəstəlikləri ilə də məşğul oluram ki, bunlara daha çox rast gəlinir. Bu xəstəliklərdən rinit, faringit, sinusit, tonzilit kimilərini xüsusi qeyd etmək lazımdır. Tənəffüsün pozulması ilə müşahidə olunan, ən çox rastlanan, hər yaş qrupunda mövcud olan xəstəliklər rinitlər və sinusitlərdir. Rinit və sinusit burun tənəffüsünün pozulması, burunda axıntı, başağrıları, bəzən çox yüksək olmayan bədən hərarəti və ümumi halsızlıqla müşahidə olunur”.
Mütəxəssisin sözlərinə görə, payız aylarında müşahidə olunan allergik rinitlər ölümcül ola bilər:
“Yaz və payız aylarında xroniki seyr edən allergik xəstəliklər baş qaldırır ki, bunlardan da yenə allergik riniti xüsusi qeyd etmək lazımdır. Bu zaman orqanizmdə baş verən immunoloji reaksiya nəticəsində burunun selikli qişasında ödəm və buna bağlı olan tənəffüs çətinliyi inkişaf edir.
Allergik reaksiyaya təkan allergen ilə orqanizmin kontaktı nəticəsində baş verir. Ətrafımızda olan bir çox amillər allergen rolunu oynaya bilər. Amilin təsirindən asılı olmayaraq baş vermiş reaksiya şiddətinə görə anafilaktik şok, yəni həyati təhlükəli allergik reaksiya gedə bilər. Təxirəsalınmaz təcili yardım olunmadığı halda xəstə həyatını itirə bilər”.
E.Əkbərov üst tənəffüs yolları xəstəlikləri dərman müalicəsi ilə keçmədikdə cərrahi müdaxilə gərəkdiyini söyləyib:
“Allergik rinitlərin və sinusitlərin müalicəsi dərmanlar vasitəsilə ildə iki dəfədən az olmayaraq həyata keçirilməlidir.  Bu halda həyat komfortu təmin edilmiş olur. Lakin bu xətəliklər fonunda burun boşluğunda və burunətrafı ciblərdə poliplər əmələ gələrsə və bu poliplər müalicə əsnasında geriləməzsə,  bu halda cərrahi müdaxiləyə ehtiyac qalır.
Tənəffüs yolları xəstəlikləri istənilən halda mütəxəssis nəzarətində qalmalı və müalicə olunmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top