Bakıda vəzifəli şəxsin qətl törədən oğlu polisə təslim oldu – YENİLƏNİB

Sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Xəzər rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***09:38
Türkan qəsəbəsində qətl törədən şəxs saxlanılıb.

Bacısının ölümündə şübhəli bilinən Məhəmməd Babayev hadisədən sonra polisə gedərək könüllü təslim olub.

Məlumata görə, M.Babayev Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğludur. O, odlu silahdan atəş açaraq bacısını öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, R.Babayevin adı qoca yaşda olan Türkan qəsəbə sakininin torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı mətbuatın gündəminə gəlmişdi. (Report)

DİGƏR XƏBƏRLƏR

Top