Şamaxıda “Sara” adlı yeni tamaşanın təqdimatı olub - FOTO


Şamaxıda yerləşən və XIV əsrə aid olan Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sara” adlı yeni tamaşanın təqdimatı olub.
Yeniavaz.com
xəbər verir ki, tamaşa ölkəmizdə ilk dəfə olaraq, təbii dekorasiyadan istifadə edilərək-açıq səma altında, tarixi abidələrin fonunda nümayiş olunub.
Tamaşa şifahi xalq ədəbiyyatı nümunələrindən olan “Apardı sellər Saranı” dastan-rəvayətinin motivləri əsasında hazırlanıb.
Tamaşanı səhnələşdirən Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Rəfael Haşimov (Əməkdar rəssam), musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin quruluş müəllifi Eyvaz Əliyev, rejissoru Cavid Təvəkkül, layihənin rəhbəri Səxavət Məmmədovdur.
Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, Aydın Quliyev və teatrın gənc aktyorları iştirak edib.
Qeyd edək ki, açıq havada bu tamaşanın hazırlanması və təqdimatı zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb.

Esmira Hidayətova, Mingəçevir
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top