“Rusiyanın adamları”nın siyahısı – Qalmaqallı siyahıda adı olanlardan AÇIQLAMA


"Dossier.center" saytı Rusiyanın maraqları naminə əməkdaşlıq üçün nəzərdə tutulan azərbaycanlıların siyahısını yayıb. 76 nəfərdən ibarət olan siyahıda tannmış siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Siyahıda olan adlardan 16-sı isə xüsusi rənglə vurğulanıb.
Mövzu ilə bağlı siyahıda adı olan bir neçə şəxsin məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.
Siyahıda adı olan şəxslərdən biri “7news.az” saytının redaktoru Səbuhi Abbasovdur. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, yazılanlar tamamilə absurd bir haldır:
“Mən o yazını sözün açığı görməmişəm ancaq absurd bir şeydi. Mən həmişə Rusiyanın laqeyd münasibətindən narazı olmuşam. Biz Azərbaycan mədəniyyətini slavyan ölkələrində təbliğ etmək, Rusiya, Sloveniya və digər ölkələrin də mədəniyyətini Azərbaycanda təbliğ etmək üçün tədbirlər görmək üçün qarşımıza missiya qoyanda belə Rusiya bizə soyuq yanaşmışdı. Bütün slavyan ölkələri bu missiya ilə ikiəlli razı oldular ancaq, Rusiya bizim bu addımımıza yanaşmadı”. 
Səbuhi Abbasov həmçinin bildirdi ki, 5 il qabaq da belə bir siyahı yayılmışdı:
“Düzdür onda mənim adım yox idi. Çox güman ki, bu siyahı Azərbaycanda keçirilən humanitar forum ya da ki, Rusiya-Azərbaycan gənclərinin forumu təşkilatında diaspor komitəsindən göndərilən adların siyahısıdır. Keçən dəfə də elə olmuşdu. Azərbaycan-Rusiya arasında keçirilən humanitar forumda iştirak edən bütün jurnalist və QHT sədrlərini, fəalları Rusiya agentləri adlandırmışdılar. Mən humanitar forumda iştirak eləmişəm. Həm də Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən Rusiya Azərbaycan gənclərinin forumunda da iştirak eləmişəm. Çox güman ki, həmin siyahını götürüb yayıblar”. 
Siyahıda adı olan şəxslərdən biri də, “Azvision.az” saytının redaktoru Vüsal Məmmədovdur. O Yeniavaz.com-a açıqlamasında bildirdi ki, xəbər Azərbaycanda təhrif edilərək yayılıb:
“Mən o xəbərin rus dilindəki variantını oxudum. Orada deyilir ki, Rusiyanın hansısa orqanı bu azərbaycanlılarla gələcəkdə işləməyin mümkünlüyünü nəzərdə tutur. Fikirləşirlər ki, biz gələcəkdə Azərbaycanda kiminləsə işləməli olsaq bu adamlar var. Bu adamlar Rusiyaya tədbirlərə gedib gəliblər, görüşdə iştirak ediblər. Yəni, tanıdıqları budur. Bu o demək deyil ki, həmin adamlar Rusiyaya işləyirlər. Rusiya da, Türkiyə də, İran da elə bir siyahı tuta bilər və yəqin ki, elə siyahıları da var. Onlar düşünür ki, belə bir şey lazım olsa mən Azərbaycanda kimlərlə münasibət qura bilərəm. Amma bizdə, qərəzli deyim, savadsız deyim, özünü jurnalist sayan bəzi adamlar götürüb yazıblar ki, Rusiyaya işləməkdə ittiham olunan azərbaycanlılar. Əgər bunu özlüyümdə müəyyənləşdirə bilsəm ona görə addım atmaq istərdim. Misal üçün onlar fikirləşir ki, əgər hansısa yazını dərc etdirmək istəsəm həmin ölkədə kiminlə əlaqə saxlaya bilərəm. Bunu tək Rusiya yox, bütün ölkələr fikirləşir. Bu kimi niyyətlə də 70-dən çox jurnalisti onlar tanıyır. Mənim mövqeyimə gəldikdə isə mən Azərbaycanın maraqlarına zidd olan heç bir şeyə qol qoymaram, belə bir şey mümkün deyil. Amma, həmkar kimi hansısa münasibətlər saxlaya bilərəm”.
Bəhs edilən siyahıda adı olan digər bir şəxs “İnterpress.az” və “Diaspor.az” media qurumlarının rəhbəri Toğrul Allahverdilidir. O Yeniavaz.com-a bildirdi ki, məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edəcək:
“Hər kəs yazdığına görə cavab verəcək. Bəlkə biz bilmədən kiməsə xidmət eləmişik. Bu hələ araşdırılmalıdır, sübuta yetirilməlidir. Biz müvafiq orqanlara məsələnin araşdırılması üçün müraciət edəcəyik ki, araşdırma aparılsın. Yazının Azərbaycan versiyası təhrif olunub. Rus variantında yazılıb ki, həmin şəxslərin əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur. Ancaq, Azərbaycanda dərc olunan yazıda bildirilir ki, bu şəxslər Rusiya xüsusi xidmət orqanlarına xidmət etməkdə ittiham olunur. Bu media etikasına yaraşan şey deyil. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəs yazdığı şeyə görə cavab verəcək. Bu ağır ittihamdır. Mən Azərbaycan dövlətinə güvənirəm, bütün orqanlara müraciət olunacaq. Müraciət etməyimizin məqsədi o deyil ki, onu yazan sayt cərimələnsin. O siyahıda adı olan şəxslər Azərbaycan maraqlarını qoruyan şəxslərdir. Və həmin şəxslərin Türkiyə-Azərbaycan yaxınlaşması zamanı belə bir iftiranın atılması zənnimcə yolverilməzdir. Bu sübuta yetirilməsə həmin şəxslər ən sərt şəkildə cəzasını alıb cəmiyyətdən üzr istəməlidir”. 
Siyahıda adı çəkilən jurnalist Aqil Ələsgərli həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət etdiyini bildirib:
"Həmin saytı diqqətlə oxusanız və ya rusca azacıq dil bazanız olarsa, görərsiniz ki, orada “əməkdaşlıq edir” deyil, “əməkdaşlıq üçün nəzərdə tutulan” ifadəsi var. Yəni, Kremlin ya da bu "sənəd"i kim hazırlayıbsa, rusca yazdığı budur ki, bu 76 nəfərlə əməkdaşlıq nəzərdə tutulur və ya arzuolunandır. Yəqin ki, rusca "предполагается использовать" sözünün “işləmək” yoxsa “işlənilməsi üçün nəzərdə tutulur” olduğunu bilmək üçün qismən rusca anlamaq kifayətdir. Bu siyahıda olan çox dəyərli və öz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən Gülnarə xanım, Elxan müəllim, Rizvan kimi insanların adı var. Əlbəttə ki, Biləcəridən bu tərəfdə belə tanınmayanlardan fərqli olaraq, o şəxslərlə əməkdaşlıq etmək, onlarla əlaqə qurmaq bir çox qurumun və ya sizin ifadənizlə desək, agentin arzusu ola bilər.
Mən elə buradan həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edirəm ki, mən daxil olmaqla, bu siyahıda adı olanlar, eyni zamanda rus mətbuatının yazdığının təhrif olunaraq, Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və ictimaiyyət bu barədə məlumatlandırılsın".


DİGƏR XƏBƏRLƏR

Top