Dünən mətbuatda millət vəkili Jalə Əliyevanın “sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi giriş olmalıdır” təklifini irəli sürməsi ilə bağlı yazılar dərc olunub.
Yeniavaz.com xəbər verir ki, deputat Jalə Əliyeva məsələylə bağlı öz “Facebook” səhifəsində paylaşım edib.
J.Əliyeva bildirib ki, dünən (17 sentyabr) Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında, həmin komitənin üzvü, həmkarı və adaşı Jalə Əhmədova sosial şəbəkələrlə bağlı təklif irəli sürüb:
"Mən irəli sürməmişəm. Bunu da diqqətlərinə çatdırıram ki, mən üstəlik həmin komitənin üzvü də deyiləm”.
(Fotoda millət vəkili Jalə Əhmədova)
Qeyd edək ki, dünən Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Jalə Əhmədova deyib ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır: “Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlamaq lazımdır. Məlumat və şou naminə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi yanlış informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir. İqtidarı da bizimdir, müxalifəti də. Hamımız azərbaycanlıyıq və heç kim haqqında yalan, təhqir yazmaq olmaz”.