Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? - AÇIQLAMA


Nazirlər Kabineti yanında operativ qərargahın təsdiq etdiyi qərara əsasən, sentybarın 15-dən etibarən təhsil müəssisələri fəaliyyətini bərpa edib. İbtidai siniflərə əyani, digər siniflərə isə dərslər onlayn keçirilir.
Onlayn dərslərlə bağlı bir qrup valideyn oxu.az-a müraciət ünvanlayıb. Valideynlər deyir ki, övladlarının onlayn dərslərə qoşulması üçün yetərli sayda texniki vasitə yoxdur:
“Ailədə beş nəfərik, yoldaşımın və mənim mobil telefonum var. Kompüter almağa imkanımız yoxdur. İkimiz də işləyirik və gün boyu telefonlar bizdə olur. Övladlarımız yuxarı siniflərdə oxuduqları üçün dərsə əyani surətdə getmirlər. Mobil telefon olmadığı üçün uşaqlar onlayn dərslərə qoşula bilmir”.
Valideyn bildirir ki, dərslər üst-üstə düşür və üç uşağın eyni anda onlayn dərslərə qoşulması da mümkün olmur. 
Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, virtual dərslərdə iştirak etmək imkanı olmayanlar üçün teledərslər təklif edilir.
Bu dərsləri ölkənin ən yaxşı müəllimləri tədris edir. Teledərslər gündə iki dəfə (biri təkrar olmaqla) ölkənin iki telekanalında yayımlanır, e-resurslar portalına yerləşdirilir. Bundan əlavə, kifayət qədər dərslik, dərs vəsaiti, öyrədici videoresurslar var ki, bunlardan da faydalanmaq mümkündür. 
Qeyd edək ki, şagird onda yaranan sualları [email protected] elektron ünvanına, məktəbdəki müəlliminə, şagird yoldaşına ünvanlaya bilər.

DİGƏR XƏBƏRLƏR

Top