“Allahşükür Paşazadə Nobel mükafatına layiqdir” - Akademik


Nobel Komitəsi maliyyə cəhətdən onun formalaşmasında böyük rolu olan Azərbaycana da töhfə verməlidir. İllərdən bəri biz belə töhfənin müjdəsi ilə yaşayırıq. Azərbaycanda və dünyada böyük ictimai, din xadimi kimi tanınmış Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Hacı Allahşükür Paşazadənin Nobel Sülh mükafatına namizəd göstərilməsini yüksək qiymətləndirirəm.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. O bildirib ki, Allahşükür Paşazadə İslam dininin humanist dəyərlərini özündə birləşdirən böyük din xadimidir.

"Eyni zamanda, Allahşükür Paşazadə dinlərin tarixinə, həmçinin İslam dininin tarixinə dair çox sanballı tədqiqatların müəllifidir. Onun fəaliyyətində elmiliklə din faktoru vəhdət təşkil edir. Bundan başqa, Allahşükür Paşazadə dövlət və din münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi sahəsində böyük təcrübəyə malikdir. O, dünyada tanınmış və qəbul olunmuş din xadimlərindən biridir. Dünyanın bir çox akademiyalarının və universitetlərinin fəxri üzvüdür".

İ.Həbibbəyli qeyd edib ki, Allahşükür Paşazadə Qafqazda və dünyada sülhün, təhlükəsizliyin bərqərar olunması üçün geniş iş aparır.

"Mən onu sülh çağırışçısı kimi görürəm. Çox arzu edərdim ki, Allahşükür Paşazadə Nobel Komitəsinin Sülh mükafatına layiq görülsün. O, bütün dini, elmi, ictimai fəaliyyəti, beynəlxalq aləmdə tutduğu mövqe ilə belə mükafatı almağa layiqdir".

Qeyd edək ki, Beynəlxalq Nobel İnformasiya Mərkəzi tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycandan Nobel Sülh Mükafatına namizəd göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top