Türkiyənin Aralıq dənizinə “Oruç Reis” seysmik tədqiqat gəmisinin göndərməsi ilə başlayan Yunanıstanla gərginlik davam edir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Aralıq dənizinə seysmik tədqiqat gəmisi göndərməsindən sonra Yunanıstanın Müdafiə Şurası Müdafiə naziri Nikos Panagiotopoulosun başçılığı altında toplanıb. İclasda ölkənin yüksək rütbəli hərbçiləri iştirak edib. 3 saat davam edən iclasdan hansı nəticənin çıxdığı hələlik açıqlanmayıb.
Verilən məlumatlara görə Yunanıstan gəmilərinin “Oruç Reis” gəmisinə 5 mil məsafədə yaxınlaşaraq hər 15 dəqiqədən bir “Yunanıstan ərazisindəsiniz, dərhal tərk edin” deyə xəbərdarlıq edirlər. Türk gəmisindən isə onlara “Türkiyə ərazisi daxilindəsiniz” deyə cavab verilir.
Yunanıstan mediası isə başlayan gərginliyin ardından Egey dənizində hər iki ölkənin qırıcı təyyarələrinin dünən 3 dəfə qarşı-qarşı gəldiklərini bildirib.