Professordan Prezidentə məktub: "Ölkə rəhbərliyinin səylərini boykot edən onlarla məmur…" - FOTOLAR


"Təəssüf ki, bu gün Bakı memarlığının mirvarilərindən biri təhlükə altındadır: söhbət 1926-cı ildə memar Nikolay Qeorqiyeviç Bayevin layihəsi üzrə tikilmiş dəmir yol vağzalı binaları kompleksindən gedir".
Yeniavaz.com
xəbər verir ki, bu ifadələri Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əliyev Prezident İlham Əliyevə ünvanladığı açıq məktubda işlədib. O bildirib ki, onlarla məmur tamahkar maraqları naminə memarlıq irsinin məhv olmasına göz yumur:
“Hörmətli cənab Prezident! Sizin mədəniyyət nazirinin işdən çıxarılması, Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi, Memarlar İttifaqının birinci vitse-prezidentinin saxlanılması kimi qətiyyətli hərəkətlərinizə baxmayaraq hələ də öz tamahkar maraqları naminə həm ölkə rəhbərliyinin, həm də ictimaiyyətin misli-bərabəri olmayan memarlıq irsinin qorunması üzrə səylərini bacarıqla boykot edən onlarla məmur yerlərində qalır.
Təəssüf ki, bu gün Bakı memarlığının mirvarilərindən biri təhlükə altındadır: söhbət 1926-cı ildə memar Nikolay Qeorqiyeviç Bayevin layihəsi üzrə tikilmiş dəmir yol vağzalı binaları kompleksindən gedir.
Şəhərin mərkəzində baş verənlərə nəyə görə isə inadla məhəl qoymayan rayon İcra Hakimiyyətinin nümayəndələrinin, Reklam üzrə Dövlət Agentliyinin, Mədəniyyət Nazirliyinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Memarlar İttifaqının tam fəaliyyətsizliyi və etinasız münasibəti hesabına məişət malları mağazasının sahibləri Azərbaycan dövləti tərəfindən qorunan memarlıq irsi siyahısına daxil edilmiş tarixi abidəni masqaraya qoyurlar”.
Professor prezidentdən sözügedən məmurların hüquqi məsuliyyətə cəlb olunması ilə bağlı göstəriş verməsini xahiş edib:
“Sizdən səlahiyyətli orqanlara həm mağaza sahiblərini, həm də 1930-cu illərin milli memarlıq abidəsinin qorunmasına görə məsuliyyət daşıyan məmurların hüquqi məsuliyyətə cəlb edilməsinə dair göstəriş verməyinizi artıq dərəcədə xahiş edirəm”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlamağ çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin mətbuat katibi məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib və bildirib ki, agentlik bununla bağlı Memarlar İttifaqının sorğusu əsasında araşdırma aparıb:
“Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 188 ünvanında yerləşən tarixi binada verilmiş icazənin qüvvədə olduğu müddətdə reklam yayıcısı tərəfindən mövcud reklamlar müvafiq razılıq olmadan dəyişdirilmiş, həmçinin binanın üzərində əlavə olaraq qeyri-qanuni reklam qurğuları quraşdırılmışdır. Lakin, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi pandemiya ilə əlaqədar məhdud sayda işçilərlə fəaaliyyət göstərmiş, monitorinqlərin və demontaj işlərinin aparılması müvəqqəti olaraq dayandırılmış, bu müddətdə onlayn şəkildə fəaliyyətə üstünlük verilmişdir. Ölkəmizdə tətbiq edilənkarantin rejmi başa çatdıqdan sonra, qanunsuz reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görüləcəkdir”.
H. Azəri həmçinin bildirib ki, tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, həmçinin memarlıq abidələrinin (binalarının) üzərində reklam yerləşdirilməsi qaydaları qanunvericilikdə öz əksini tapmayıb:
“Müvafiq qanunlara əsasən tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) isə fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində reklam qurğuları (reklam) yerləşdirilə bilər. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”ə əsasən binaların damında və üzərində (divarında, fasadında) reklam qurğuları (reklam) yeriləşdirilə bilər.
Bunun üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilərkən aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən və Dövlət Turizm Agentliyindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublıkası Qanununa uyğun olaraq razılıq (rəy) alınmalıdır.
Lakin, tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, həmçinin memarlıq abidələrinin (binalarının) üzərində reklam yerləşdirilməsinin standartları, xüsusiyyətləri, o cümlədən texniki parametrləri, estetik görünüşün və binanın dayanıqlılığına təsirin meyarları, reklam yerləşdirilən sahənin ümumi fasada nisbəti və digər bu kimi aktual məsələlər qanunvericilikdə öz əksini tapmayıb.
Bu baxımdan, tarix və mədəniyyət abidələrinin(binaların)dayanıqlılığının və estetik görkəminin qorunması məqsədilə mütəxəssislər tərəfindən müvafiq normativ hüquqi akt layihəsinin hazırlanmasına, onun Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi də daxil olmaqla aidiyyəti dövlət orqanları ilə razılaşdırılmasına ehtiyac və zərurət var”.
Sözügedən reklam lövhələrinin yerləşdirildiyi və hazırda “Samsung Dosttech” elektronik mağazalar şəbəkəsinə məxsus filial ilə əlaqə saxladıq. Filialdan redaksiyamıza bildirildi ki, xüsusi karantin rejimi ilə əlaqədar bu barədə məlumat verəcək əməkdaş mağazada deyil. Bizimlə əlaqə saxlayacaqlarını dedilər.







Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top