Gülhüseyn müəllimin anım günü


Bugünkü gənclik onu tanımır, küçədə yüz gəncdən "Gülhüseyn Hüseynoğlu kimdir?" soruşun, ən yaxşı halda ikisi-üçü tanıyacaq. Halbuki, Gülhüseyn Hüseynoğlu bu xalqın ən cəsur, uzaqgörən və igid övladlarından biridir. 1942-ci ildə Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza kommunist partiyası və onun zalım rəhbərləri üçün məddahlıq yarışına girəndə Gülhüseyn özü kimi üç-beş vətənpərvər gənclə bir araya gəlib xalqımızı kommunizm bəlasından qurtarmağın yollarını arayırdı. Hələ çox gənc idilər, 23-25 yaşları vardı və özlərinə yetkin, inanılmış, vətənpərvər lider axtarırdılar. Axtara-axtara Səməd Vurğun adının üstündə dayandılar və "dönməzlər" imzasıyla ona gizli yolla bir məktub göndərdilər. Məktubu Gülhüseyn diqtə eləmiş, İsmixan yazmişdı. İsmixan  məktubu normal xətlə deyil, çap şəklində yazmışdı ki, ələ keçsə, yazanın kimliyi məlum olmasın. Gənclər dilimizin müstəqilliyi, milli-mənəvi varlığımızın qorunması məqsədilə gizli təşkilat qurduqlarını yazırdılar və Səməd Vurğunu da xalqın mənəvi lideri hesab elədikləri üçün onlara bu yolda rəhbərlik etməsini istəyirdilər. Amma "xalqın mənəvi lideri" məktubu oxuyandan sonra dövlət təhlükəsizlik orqanlarına verdi. Beləcə 1942-ci ildən başlayan axtarış 45-ci ildə nəticəsini verdi. Məktubun arxasında tələbələrin durduğunu düşünən təhlükəsizlik orqanları həmin il ölkənin bütün ali təhsil müəssisələrində yoxlama yazı keçirmək bəhanəsiylə bütün tələbələrin xəttini götürdü və məktubu yazanın İsmixan olduğu bilindi. 6 ay izlədikdən sonra İsmixanı da, onun oturub-durduğu, tez-tez görüşüb söhbət elədiyi dostları da həbs olundu. Məlum oldu ki, bu gənclər "İldırım" adlı gizli bir təşkilat qurublar və məqsədləri də Azərbaycanın müstəqilliyidir. O da məlum oldu ki, Qız qalasının üstünə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını bu gənclər asıblar. Artıq "İldırım" təşkilatının varlığı üzə çıxmış, onun gənc üzvləri müttəhim kürsüsündə yerlərini almışdılar. Onlardan üçünə, - İsmixan Rəhimova, Gülhüseyn Hüsyenoğluya və Hacı Zeynalova güllələnmə, qalanlarına isə 10 il həbs cəzası kəsildi. Xoşbəxtlikdən həmin ərəfədə güllələnmə cəzası müvəqqəti olaraq qaldırıldığı üçün o üç gəncin cəzası 25 illik həbslə əvəzləndi və onlar Sibirə sürgün edildilər. Stalinin ölümündən sonra minlərlə insan kimi bu gənclər də cəzanın qalan hissəsindən azad edildilər və 1955-ci ilin mayında vətənə döndülər. İsmixan müəlim danışır ki, vətənə döndükdən sonra heç bir müəssisə onları işə götürmür və uzun götür-qoydan sonra o zamanlar Elmlər Akademiyasının vitse-prezidenti olan Səməd Vurğunun yanına gedir. Bu gediş əslində "bizi niyə satdın?" deyə hesab sormaq üçün deyildi, harada olur-olsun kiçik bir iş tapıb əmək fəaliyyətinə başlamaq üçün idi. Səməd Vurğunun "o uşaqların qlavarı sən idinmi?" sualı İsmixan müəllimin köhnə yaralarının gözünü qoparır və "qlavar quldur dəstəsində olur, mən o gənclərdən biriyəm" kimi sərt cavab qaytarır və "iki gündən sonra gəl, görək nə fikirləşirik" təklifinə də əlini yelləyərək oranı tərk edir və bir daha qayıtmır.

Gülhüseyn müəllimsə həbs olunanda yarımçıq qalmış aspiranturaya bərpa olunaraq təhsilinə davam edir və sonrakı həyatı da Bakı Dövlət Universiteti ilə bağlanır. Hələ erkən yaşlarından bədii yaradıcılıqla məşğul olan Gülhüseyn müəllim Azərbaycan sərbəst şeirinin yaradıcılarından biri hesab olunur, otuzdan çox kitabı çap olunub. Maraqlıdır ki, Gülhüseyn müəllimin yazdıqlarının əksəriyyəti 1937-ci il repressiya qurbanlarından olan, hələ gənc yaşlarından parlaq istedadı ilə sovet ədəbiyyatının qurucularının gözlərini qamaşdıran və onların yazdıqları danoslarla həbs olunaraq güllələnən Mikayıl Müşfiqə həsr olunub. Gülhüseyn müəllim yaxşı bildiyi nə yazıbsa, hamısını Müşfiqin adına bağlayıb. Elə bil ki, yazdıqlarını Səməd Vurğunun, Süleyman Rüstəmin, Məmməd Rahimin acığına yazıb. Sovet hökumətinin verdiyi azadlıqla, xoşbəxtliklə içində barışmayan Gülhüseyn müəllim davasını şeirləri, yazıları ilə davam etdirib, univerisitet auditoriyalarında gəncləri dürüstlüyə, azad düşüncəyə çağırıb. Çoxlarından fərqli olaraq Gülhüseyn müəllimin buna mənəvi haqqı vardı. ömrünün son illərində içində axtardıqlarını ətrafında görə bilmədiyi üçün bir qədər tünd xasiyyətli, adama yovuşmaz olmuşdu. Tanınmış jurnalist Səməd Məlikzadə danışır ki, bir dəfə avtobusda rastlaşdıq, basırıq idi və Gülhüseyn müəllim bir əli ilə tutacaqdan yapışmışdı, o biri əlində də iri bir zənbil vardı. Yaxınlaşıb salam verdim, zənbili əlindən almaq istədim, əsəbi halda "mən ölmüşəm ki sən mənim zənbilimi daşıyasan?" deyə təklifimi rədd elədi. Əslində anlaşılan davranışdır, mərdliyin sərt üzüdür.
Yeddi il bundan qabaq, elə bugünkü gün 89 yaşında dünyasını dəyişdi Gülhüseyn müəllim. Çoxları unutdu, adları yalançı, məddah, yaltaq "qəhrəmanların" kölgəsində görünməz oldu. Halbuki, o gənclər Azrəbaycan tarixinin ən parlaq səhifələrindən birini yazmışdılar və "İldırım" hərəkarını unutmaq bizim üçün böyük qəbahət olardı. İndi o gənclərin hamısı haqq dünyadadır. Allah hamısına rəhmət eləsin!
Əli Çərkəzoğlu

DİGƏR XƏBƏRLƏR

Top