Koronavirusdan sağalanlar danışır: "İkinci gün özümü pəncərədən atmaq istəyirdim …" - VİDEO


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda daha 453 nəfər müalicə olunaraq koronavirusdan sağalaraq evə buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, müalicə alaraq sağalanlardan bəziləri “Real TV”yə danışıb. Onlardan yüksək hərarətlə xəstəxanaya müraciət etmiş və 15 gün xəstəxanada süni tənəffüz cihazına bağlı müalicə almış Nərminə Əhmədova bildirib ki, hər kəs özünü və ətrafındakıları qorumalıdır:
“Hələ də bəzi insanlar buna barmaqarası baxır. Yalan deyil, biz bunu yaşadıq. Biz hər gün boğulurduq. Sağalmışam, indi evə yazılmışam. Çox sevinə-sevinə evə gedirəm. Hər kəs öz gigiyenasını, ətrafını qorumalıdır”.
40 il həkim kimi fəaliyyət göstərmiş və bu virusa yoluxan Alimə Aşurova isə bildirir ki, xəstəliyin ikinci günü özünü xəstəxananın pəncərəsindən atmaq istəyib:
“Xəstəxanaya gələndə vəziyyətim heç də yaxşı deyildi. Bədənimdəki ağrılardan çox əziyyət çəkirdim. Psixoloji təsir edirdi, elə bilirdim ki, öləcəm. Amma həkimlərimizə minnətdaram ki, onlar məni həm bu fikirdən, həm də xəstəlikdən xilas etdilər. Sağ-salamat çıxıb gedirik. İkinci gün dedim özümü pəncərədən atacam, dura bilmirəm. Millət, inanın, xəstəlik var. Məndən çox qorunan yox idi, özüm 40 il həkim işləmişəm”.
Öskürək və qızdırma ilə xəstəxanaya müraciət edən və 17 gün müalicə aldıqdan sonra sağalan Ələmdar İsgəndərov isə, inanmayanlara səslənib:
“3 gün süni tənəffüz cihazına bağlı qaldım. İnansınlar, çox ağır xəstəlikdir. Özünüzü qoruyun”.
Qeyd edək ki, İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Ötən müddət ərzində ölkədə ümumilikdə 529 875 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top