Gecə mədə ağrısına oyananların nəzərinə! – Bu xəstəliyiniz ola bilər


Xora xəstəliyi mədə-bağırsaq xəstəliklərinin ən çox yayılmış növüdür və ciddi patalogiyalardan biridir. Araşdırmalara görə, bu xəstəliyə kişilər qadınlardan daha çox tutulurlar. Ayrı-ayrı götürüldükdə isə mədə xoralarına qadınlarda, onikibarmaq bağırsaq xoralarına isə daha çox kişilərdə rast gəlinir. Xəstələyin yaranmasında isə müxtəlif faktorlar dayanır. Məqalədə mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən, onun yaranma səbəbləri, diaqnostika və müalicəsindən söhbət edəcəyik.
Qastroenteroloq Dr. Habil Hüseynovun Yeniavaz.com-a olan müsahibəsini təqdim edirik:

- Mədə və onikibarmaq bağırsaq xorası nədir?
- Mədə 4 qatdan ibarətdir: Selikli, selikaltı, əzələ və serroz qatı. Xora deyəndə selikli qişanın selikaltı qata və daha dərin qatlara qədər zədələnməsini nəzərdə tuturuq. Xora və yara oxşar kəlimələrdir. Yəni, necə ki, dərimizin üzərində yaralar görürük, eyni ilə mədənin, onikibarmaq bağırsağın və qida borusunun selikli qişasının üzərində toxuma deffekti görülür.Bu toxuma deffekti səthi və ölçüsü kiçik olarsa, yəni sadəcə seroz qişa zədələnirsə bu eroziya adlanır. Lakin selikli qişanı aşır selikaltı qata keçirsə və diametri 5 mm-dən böyük olursa bu xora adlanır. Bu xəstəlik mahiyyət etibarilə olduqca ciddidir. Çünki həm ağırlaşmaları çoxdur, həm də insanın həyat konfortunu pozan ciddi patologiyadır, eyni zamanda iş günü itkisinə də səbəb olur.

- Xəstəliyin ilkin əlamətləri hansılardır?
- Xora xəstəliyinin əsas əlaməti ağrıdır. Bundan başqa ürəkbulanma, tez doyma,bədən kütləsinin azalması, mədədə diskonfort hissi və s. Lakin təxminən 30 faiz hallarda bu xəstəlik ağrısız keçə bilir. Hətta çox zaman biz  bunları başqa xəstəliklərlə əlaqədar  müayinə zamanı aşkar edirik. Yəni, pasient başqa xəstəlik adı ilə yoxlanışa gəlir və onda xora xəstəliyinin olduğunu müəyyən edirik.

- Mədə xorasının kəskinləşməsinə və yaranmasına səbəb olan faktorlar hansılardır? Xəstəliyin təyinində hansı üsullardan istifadə edilir?
Mədə xorasının etioloji amilləri çoxdur. Lakin ən çox helikobakter pilori dediyimiz mikrobun və qeyri steroid iltihab əleyhinə preparatların hesabına baş verir. Bu mikrob əsasən onikibarmaq bağırsaqda xora yaradır. Mədə xorasının etologiyasında HP,QSİP, işemik amillər, kimyəvi amillər, travmatik zədələnmə faktorları var. Helikobakter pilori endoskopik və qeyri-endoskopik (İnvaziv və qeyri-invaziv) üsullarla təyin olunur. Qeyri-invaziv üsullardan ən başlıca olanı tənəffüs testidir. Xəstə karbon 13 və ya karbon 14-lə işarələnmiş kapsulları qəbul edir. O da mədəyə düşdüyü zaman helikobakter pilorinin ifraz etdiyi ureaza fermenti ilə parçalanır və xəstənin nəfəsində təyin edilərək müəyyən edilir. İkinci üsul nəcisdə helikobakter pilorinin antigen təyininə, üçüncüsü isə qanda helikobakter piloriyə qarşı imunoqlobilinlərin təyininə əsaslanır. Endoskopik təyini zamanı isə biz xəstənin mədəsinə xüsusi işıqlı kameralı cihaz (endoskop)  vasitəsi daxil oluruq və oradan material götürürük. Həmin materiala mikroskopik müayinə zamanı baxmaqla, xüsusi testlər etməklə, eyni zamanda götürülən materialı xüsusi mühitdə yetişdirməklə aşkar etməklə mümkündür. Saydığımız bu üsulların demək olar ki, hamısı 90 faiz həm spesifikdir, həm də dəqiqdir. Sözsüz ki, 100 faiz doğru heç bir test mövcud deyil. Lakin immunoqlobin testi sadəcə pasientin xəstəliyə yoluxduğunu bildirir, sağalmanın olduğunu müəyyən etmək mümkün deyil. Nəcistən antigen təyində isə həm mikrobun varlığını , həm müalicədən sonrakı effektivliyini bilmək mümkündür. İnvaziv testlər sadəcə əziyyətlidir və maddi baxımdan vəsait tələb edir. Qeyri-invaziv testlər isə daha rahatdır və heç bir əziyyət vermir. Endoskopik müayinənin üstün cəhəti  ondan ibarətdir ki, bu zaman biz xəstədə təkcə helikobakter pilorinin olmasını yoxlamırıq, eyni zamanda qida borusu, mədə, onikibarmaq bağırsağı yoxlayırıq.Beləliklə də digər xəstəlikər vaxtında üzə çıxır və müalicə olunur.

-Xəstəlik kəskinləşməyə doğru gedərsə, hansı fəsadlar yarana bilər? Ümumiyyətlə xoranın xərçəngə çevrilmə ehtimalı varmı?
- Ümumiyyətlə xora, xroniki residivləşən xəstəlikdir. Yəni, bu xəstəlikdən sağalan şəxslərin yenidən xəstələnmə ehtimalı çoxdur. Bir dəfə xəstəliyə tutulan şəxs iki, üç, dörd dəfə də tutula bilər.  Bu hal isə iki formada qarşımıza çıxır. İlk olaraq eyni yerdə, eyni xoranın təkrarlanması kimi. Yəni biz pasienti müalicə edirik, xəstə sağalır və bir müddət sonra pasient müayinəyə gələn zaman, eyni yerdə xoranın yarandığını müşahidə edirik. İkinci halda isə bu fərqli yerdə yarana bilir. Ümumiyyətlə xora sağaldığı zaman çapıqlaşır. Çapıq toxumasının yığılma qabiliyiyyəti var. Yəni, 1 sm ölçüsü olan çapıq sağaldığı zaman bir neçə millimetr ola bilir. Xüsusilə onikibarmaq bağırsağın xorasında və ya pilorik kanalın xoralarında. Pasient hər xora keçirtdiyi zaman daha çox çapıqlaşma gedir və bir az daha yığılır. Davamlı olaraq xora keçirən pasientlərdə isə artıq keçməməzlik dediyimiz proses baş verir. Bu zaman xəstə bir müddət sonra yediyini qaytarır. Çünki mədədən bağırsağa keçid tutulmuş olur və stenoz dediyimiz hal baş verir. Bunun da müalicəsi çox zaman cərrahi yolla olur. Xoranın xərçəngə çevrilməsi kimi fəsadları da ola bilər. Sadəcə burada bir şübhəli məqam var. Bu əvvəlcədən xərçəng xorasıdırmı, yoxsa xoranın maliqnizasiyadırmı. Maliqnizasiya xoranın xərçəngə çevrilməsi deməkdir. Bir digər məqam isə lap əvvəldən mədədə şişi nolmasıdır. Buna görə də mədə xoralarında biz mütləq şəkildə biopsiya alırıq. Çünki mədə xoralarının maliqnizasiya etmə ehtimalı yüksəkdir. Onikibarmaq bağırsağın xorasında isə bu ehtimal daha aşağıdır.

- Xəstəliyin yaranmasında qidaların rolu varmı?
- Xəstəliklərin yaranmasında təbii ki, qidaların rolu var. Eləcə də bu xəstəliyin yaranmasında. Lakin xora daha çox helikobakter pilori mikrobunun və saydığımız digər faktorların hesabına yaranır. Bu faktorların yanında qidaların faizi çox aşağıdır. Lakin yenə də qızardılmış, sərt, çox duzlu, yaxşı çeynənilməmiş qidalardan uzaq olmaq lazımdır.

- Elə insanlar var ki, onlar gecə mədə ağrısına oyanırlar. Bu xora xəstəliyi ola bilərmi?
Bəli, bu tipik onikibamarmaq bağırsaq xorasının əlamətidir. Buna aclıq ağrıları deyilir. Bu zaman epiqastral nahiyyədə xəstəni ikiyə bükəcək dərəcədə kəskin ağrılar olur. Adətən pasientlər bizə yaxınlaşıb deyirlərki, gecə çox şiddətli ağrılarım olur,qida və süd qəbulundan sonra bu keçir. Bu zaman biz 90 faiz hallarda onikibamarmaq bağırsaq xorasının olduğunu deyirik. Yenədə dəqiq bilmək üçün müayinə edib öyrənmək lazımdır.

-Ümumiyyətlə xora xəstəliyi böyüklərdə ya uşaqlarda daha çox rast gəlinir? Ən kiçik yaşlı pasientinizin neçə yaşı olub?
Yaş artdıqca bu xəstliyə rast gəlmə ehtimalı daha çoxdur. Təxminən 30-40 yaşlarında onikibarmaq bağırsaq xorası, 40-60 yaşlarında isə mədə xorasına daha çox rast gəlinir. Eyni zamanda bu xəstəliyə azyaşlı uşaqlarda rast gəlinir. 1-5 yaş aralığında olan pasientlərimiz çox olub.

- Pasientlər deyirlər ki, sodalı suyu içən zaman biz rahatlayırıq, mədə ağrısı gedir. Bunun səbəbi nədir?
- Mədə və onikibarmaq bağırsağın xorasının etiologiyasında turşu faktoru var.  Bu faktor aqressivdir və olduqca önəmlidir. Sodalı su da turşunu neytrallaşdırır. Çünki turşuluq düşür və düşən kimi də rahatlaşma hissi yaranır. Amma bu qalıcı deyil. Çünki  soda ilə HCl birləşməsindən karbon qazı azad olunur. Karbon qazı da mədəyə ikincili qıcıq olaraq təsir edir və ikincili turşu ifrazını artırır. Buna görə də sodalı su müalicə etmir, sadəcə ilk yardım kimi kömək olur. Biz özümüz də pasientlərə qələvi suları içməyi tövsiyyə edirik. Onların da tərkibində natrium hidrokarbonat var və mədə turşuluğunu neytrallaşdırır. Bu gün müalicə kifayət qədər ucuza başa gəlir. Maddi baxımdan müalicənin gecikdirilməsi daha ağır fəsadlara və  iki qat xərcə yol açır. 

- Son olaraq oxucularımıza tövsiyyələriniz...
- Sağlamlığımıza zərər verən hər şeyə diqqət etmək lazımdır. İstər qidalanmağımıza, istər yaşam tərzimizə, istərsə də yuxu rejimimizə. Amma mütləqdir ki, hər hansı bir narahatçılığımız olan zaman  mütəxəssisə müraciət etmək lazımdır.  Yenə də vurğulamaq istərdim ki, vaxtında təyin olunan xəstəlik çox ucuza başa gələ bilir. Hər bir xəstəliyin, eyni zamanda xoranın da çox ciddi ağırlaşmaları olur. Bu ağırlaşmalar da həyat üçün təhlükə törədir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, xora xəstəliyi 30 faiz hallarda simptomsuz gedir və bir çox xəstəliklərlə qarışdırıla bilir. Buna görə də müəyyən yaşdan sonra insanlar endoskopik müayinədən keçməlidirlər və buna mütəmadi olaraq davam etməlidirlər.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top