Koronavirus insanların bir-birinə qarşı davranışını dəyişir. İnsanlar xəstəliyə yoluxurlar, sağalırlar. Baxmayaraq ki, onlar artıq xəstəlik daşıyıcısı deyillər, yenə də yoluxmuş insanlar öz ətrafları tərəfindən bir növ təcrid olunurlar.
Bu cür yanaşma tərzinə psixoloji cəhətdən necə izah vermək olar? İnsanlarda koronaviruslu xəstələrə qarşı belə davranış tərzi davam edərsə, nəticədə nə ola bilər?
Yeniavaz.com bu sualları psixoloji nöqteyi-nəzərdən cavablandırması üçün psixoloq Gülnarə Mamedovaya yönləndirdi. Gülnarə Mamedova bildirdi ki, media bunun təbliğatını lazımınca aparmadığı üçün insanların alt şüurunda belə bir fikir yaranır ki, koronavirusa yoluxmuş xəstədən qorxmaq lazımdır:
“Ümumiyyətlə insanlar nəticəsini bilmədiyi, təhlükəli gördüyü hər şeydən psixoloji olaraq narahat olurlar. Bu bir faktdır. Hətta bunu heyvanlar aləminə aid baxdığınız sənədli filmlərdə belə görə bilərsiniz. Koronavirusun (COVID-19) mövcudluğu ilə yeni tanış olmuşuq. Gördüyümüz ən uzun müddətli pandemiya dövrü yaşandı. ən geniş şəkildə yayılmış virus olduğu üçün insanları hər baxımdan narahat edir. Məsələ bundan ibarətdir ki, psixoloji maarifləndirmə lazımınca aparılmadığı üçün, media bunun təbliğatını lazımınca aparmadığı üçün insanların alt şüurunda belə bir fikir yaranır ki, koronavirusa yoluxmuş xəstədən qorxmaq, çəkinmək lazımdır. Əslində isə bu tək koronavirusla bağlı bir şey deyil, vərəmdən sağalmış, başqa bir yoluxucu xəstəlikdən sağalmış insandan da eyni cür çəkinilir. Bu doğru olmayan narahatlıqdır. Psixoloji maarifləndirmə aparılmalıdır. Peyvəndi bəlli olmasa da koronavirusdan sağalmış bir insanın testi neqativ çıxırsa, onun yoluxma və ya kimisə yoluxdurma ehtimalı tanımadığımız hər hansı bir satıcıdan, hər hansı bir sərnişindən, hər hansı ofisiantdan və ya həyatımıza girən digər insanların yoluxdurma faizi eynidir”.
Psixoloq qeyd etdi ki, həmin şəxslərə qarşı empatiya qurmaq lazımdır:
“Onu da qeyd etmək lazımdır ki, istənilən tip yoluxucu xəstəliyi olmuş insana qarşı bu cür münasibət pis təsir edər. Empatiya qurmaq lazımdır. Düşünmək lazımdır ki, biz onları cəmiyyətdən təcrid etməklə onların özgüvən hissini azaltmış olarıq. Onlar uzunmüddətli müalicədən sonra mühitdə adaptasiya problemi yaşaya bilərlər. Bu münasibətlə biz onları incitmiş olarıq. Necə ki, adi xəstəliyi olan insana belə “sən xəstəsən” ifadəsini işlədərkən onu incitdiyimizi düşünürüksə, elə də koronaviruslu xəstəyə qarşı diqqətli olmalıyıq. Düşünün ki, o insan əlində olmayan bir səbəbdən bu virusa yoluxub”.
Aygün Zayıdova