BNA və Bakı Metropoliteni yoluxmaların artması ilə bağlı hansı addımları atır? – AÇIQLAMA


Azərbaycanda koronavirusa yoluxma hallarının artması ilə bağlı tibbi maskaların taxılmasının məcburi hala gətirilməsi barədə məlumat vermişdik. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələbələrin pozulmasına görə 50 manatdan 400 manatdək cərimələr müəyyənləşib. Lakin insanların ən sıx toplaşdığı ictimai nəqliyyat vasitələrində insanların maska taxıb-taxmamasına və sosial məsafənin qorunmasına necə nəzarət olunacağı məsləsi hələ də müəmma olaraq qalır. Hətta xüsusi karantin rejiminin tətbiq olunduğu ilk günlərdə asvtobuslarda yerləşdirilmiş dezinfeksiyaedici məhlullar da artıq əksər nəqliyyat vasitələrindən götürülüb.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, avtobusların içində nəzarət mexanizmi yoxdur:
“Maskanın taxılmaması zamanı cərimə yazmaq üçün nəzarət funksiyası BNA tərəfindən həyata keçirilmir. Sadəcə qərar qəbul olunub və sərnişinlər də bu qaydalara əməl etməlidirlər. Nazirlər Kabinetinin qərarı var ki, ictimai nəqliyyatda maskadan istifadə mütləqdir. İstifadə etməyənlərə də müvafiq olaraq cərimə tətbiq olunur. Dezinfeksiyaedici məhlullar hələ ilk vaxtlardan BNA-nın təşəbbüsü ilə qoyulmuşdu. İndi hansında yoxdursa, yenə də tapşırıq veriləcək və nəzarət həyata keçiriləcək ki, olsun. Yəni olmalıdır, mütləqdir”.
M. Ağayev intervalların bəzən gecikməsi məsələsinə də aydınlıq gətirib:
“Biz bütün daşıyıcılara həm avtobusların intervalı, həm də nəqliyyat vasitələrinin sayının azaldılmaması ilə bağlı rəsmi müraciət etmişik. Bu ikisi sərnişin tələbətına uyğun tənzimlənməlidir. İndi baxmayaraq ki, məktəb yoxdur, hələ də bəzi sahələrdə fəaliyyət tam bərpa olunmayıb, hal-hazırda gündəlik xəttə ötən ilki yay mövsümü ilə müqayisədə 15-20 faiz artıq avtobus buraxılır. Amma intervalı gecikdirən müəyyən səbəblər var ki, bunlardan biri də yol faktorudur. Çünki avtobusla yanaşı digər nəqliyyat vasitələri də həmin yolda hərəkət edirlər. Bu zaman hərəkətə mane olan qəza, təmir, tıxac kimi səbəblər olur ki, bu da intervalın gecikməsinə səbəb olur”.
Metrolarda isə vəziyyət biraz da fərqlidir. Belə ki, girişdə nəzarət hissəsini ötən sərnişinlərdən bəzilər tibbi maskanı qismən və ya tamamilə çıxarır. Bu da koronavirusun yayılma ehtimalını daha da artırır. Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirdi ki, tibbi maskaların taxılması və sosial məsafənin qorunması üçün qurum tərəfindən bütün addımlar atılır:
“Mayın 9-da metropolitendə sərnişindaşıma fəaliyyəti bərpa olunduğu vaxtdan etibarən bu işlə bağlı müntəzəm olaraq işlər görülür. İstər metropolitenin öz infrastruktur imkanları baxımından, eyni zamanda təbliğat baxımından bütün tədbirlər görülür. Hətta yumşaldılma mərhələlərinə uyğun olaraq bu məsələnin ciddiyyətinə də xüsusi fikir verilir. Metroda sərnişinlərlə iş sistemi də gücləndirilib, elanların sayı konkret olaraq artırılıb. Sərnişinlərə bununla bağlı izahatların verilməsi, maskanın taxılmasının tələb olunması kimi işlərin intensivliyini xeyli artırmışıq. Sosial məsafə və tibbi maska taxılması deyirik ki, burada sərnişinlərin də üzərinə məsuliyyət düşür. Bu məsələdə sərnişinlərimiz daha çox bir-birinə diqqət etməlidirlər və bir-birlərinin xatirinə maska taxmalıdırlar”.
B. Məmmədov bildirib ki, hal-hazırda metropolitenin texniki imkanlarına görə daha minimal interval tətbiq etmək qeyri-mümkündür:
“Qatarların hərəkət intervalı maksimal həddədir. Metronun texniki imkanları nəyə imkan verirsə, may ayının 9-dan etibarən metropoliten həmin rejimdə çalışır. Bu bizdə ən gücləndirilmiş rejim hesab olunur”.

DİGƏR XƏBƏRLƏR

Top