Mingəçevirdə baş verən qəzada övladları yaralanmış ana: “Bizimlə maraqlanan yoxdur” - FOTOLAR


Dünən Mingəçevirdə baş verən avto qəza ilə bağlı bir ailənin iki övladı xəsarət alıb.
Uşaqların anası  Nüranə Şirinova Yeniavaz.com-a bu barədə açıqlama verərək bildirdi ki, qəzada iki oğlu xəsarət alıb: “Hadisə zamanı mənim uşaqlarımın ikisi də maşının altında qaldı. Zorla çəkib çıxardım. Birinin qolu qırılıb, o biri oğlumun isə barmaqları zədələnib. Dünən xəstəxanaya apardıq. Böyük uşağın qolunu gipsə saldılar. Amma balaca oğluma heç bir yardım göstərmədilər. Dedilər ki, apar kardioqramma  çıxartdır. Mən də bilmədim hara aparım, heç bir yerə  apara bilmədik. Uşağı evə gətirib özümüz barmaqlarını sarımışıq. İndi mən narahatam uşağmla bağlı. Onun vəziyyəti necə olacaq bilmirəm. İmkansız ailəyik, xəstəxanaya gedib gələ də bilmirik. Bizimlə heç maraqlanan da yoxdur”.
Digər yaralı uşaqların vəziyyəti ilə bağlı Mingəçevir xəstəxanasının uşaq revmotoloqu, növbətçi həkim Şıxəli Aşurov açıqlama verərək bildirdi ki, dünən 4 uşaq avtotravma ilə xəstəxanaya daxil olub ,onlardan birinin - Məmmədli Səccad Anar oğlunun(2015) vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərilib, 3 nəfərin vəziyyəti isə orta-ağırdır. Uşaqlar əsasən kəllə-beyin travması alıblar. Həyati təhlükələri yoxdur.
Qeyd edək ki, ötən gün Mingəçevirdə “Opel” markalı minik avtomobili kütləyə çırpılıb. Nəticədə 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılıb.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top