"Kennedi lənəti" geri qayıdıb: Ailənin daha iki üzvü öldü – Ölənlərin SİYAHISI


Xəbər verildiyi kimi, ötən gün ABŞ-ın 35-ci prezidenti Con Kennedinin  qardaşı və keçmiş ədliyyə naziri, senator Robert Kennedinin 40 yaşlı nəvəsi ilə onun 8 yaşındakı oğlu dənizdə boğularaq həyatlarını itiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu hadisədən sonra Kennedi ailəsi yenidən dünya mətbuatının gündəminə çevrilib.
Ötən əsrin 40-cı illərindən başlayaraq ABŞ-ın ən nüfuzlu ailələrindən olan Kennedi ailəsinin onlarla üzvü  sui-qəsdlər və qəzalar səbəbindən həyatını itirib.
“Lənətlənmiş ailə” olaraq tanınan bu ailənin ilk “itkisi” 1944-cü ildə olub. 1963-cü ildə sui-qəsd nəticəsində öldürülən ABŞ-ın 35-ci prezidenti Con Kennedinin  böyük qardaşı Cozef Kennedi 1944-cü ildə hərbi pilot olaraq iştirak etdiyi İkinci Dünya Müharibəsi zamanı həlak olub.
Bu hadisədən 4 il sonra – 1948-ci ildə Con Kennedinin bacısı Ketlin Kennedi də təyyarə qəzası zamanı ölüb.
Üstəlik bu ailənin daha bir qız övladı da 1941-ci ildən əlil kimi həkim nəzarəti altında yaşayıb.
Kennedi ailəsinə qarşı baş verən ilk sui-qəsd 1963-cü ildə baş tutub. Böyük qardaş və bacılarını təyyarə qəzalarında itirən ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü ildə sui-qəsd nəticəsində öldürülür.
Bu sui-qəsddən cəmi 3 ay əvvəl isə Con Kennedinin yeni dünyaya gələn övladı ölür.
Bir il sonra – 1964-cü ildə Con Kennedinin kiçik qardaşı Edvard Kennedi də təyyarə qəzasına düşür və bir-neçə ay xəstəxanada qalır. Hadisə zamanı onun köməkçisi və təyyarənin pilotu ölürlər.
Qısa müddət sonra – 1968-ci ildə ailənin daha bir üzvü ABŞ-ın keçmiş ədliyyə naziri, senator və Prezident olmağa iddialı olan Robert Kennedi də qardaşı Con Kennedi kimi sui-qəsd nəticəsində öldürülür.
Bir il sonra – 1969-cü ildə kiçik qardaş Edvard Kennedi yenidən qəzaya düşür. Bu dəfə avtomobil qəzasına. 1964-cü ildəki aviaqəzada olduğu kimi bu dəfə də Edvard Kennedinin köməkçisi ölür.
1973-cü ildə Robert Kennedinin oğlu Cozef Kennedi avtomobil qəzasına düşür. Avtomobildə olan yaxınlarından biri qəza nəticəsində əlil olur.
Elə həmin il – 1973-cü ildə Edvard Kennedinin oğlu Mur Kennedinin sağ ayağını xərçəng xəstəliyi səbəbindən kəsirlər.
1984-cü ildə Robert Kennedinin başqa bir oğlu – Devid Kennedi ağır dozada qəbul etdiyi narkotik maddələr səbəbindən ölür.
1986-cı ildə Robert Kennedinin 1973-cü ildə avtomobil qəzasına düşən oğlu Cozef Kennedi narkotik asılılığından xilas olmaq üçün xəstəxanaya yerləşdirilir.
1991-ci ildə Con Kennedinin bacısı oğlu Uilyam Kennedi təcavüz ittihamı ilə saxlanılıb, lakin sonradan bəraət alıb.
1997-ci ildə Robert Kennedinin digər bir oğlu Maykl Kennedi xizək sürdüyü zaman qəza keçirərək həyatını itirir.
Cəmi 2 il sonra - 1999-cu ildə  Con Kennedinin adını daşıyan oğlu – Kiçik Con Kennedi və onun həyat yoldaşı, həmçinin Con Kennedinin qızı təyyarə qəzası zamanı ölüblər.
2012-ci ildə Robert Kennedinin gəlini – 52 yaşlı Merri Kennedinin cəsədi yaşadığı evdə aşkarlanıb.
2019-cu ildə Robert Kennedinin qız nəvəsi – 22 yaşlı Sirşa Kennedi də 1984-cü ildə ölən dayısı Devid Kennedi kimi ağır dozada qəbul etdiyi narkotik maddələr səbəbindən ölür.
Nəhayət bir-neçə gün əvvəl Robert Kennedinin daha bir nəvəsi – 40 yaşlı Meyv Kennedi və onun 8 yaşlı oğlunun cəsədləri dənizdən çıxarılıb.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top