Ləğv edilmiş aviabiletlərin pulu geri ödəniləcək? – Ekspertdən AÇIQLAMA


Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunması ilə ölkədaxili və xarici uçuşların əksəriyyəti dayanıb. Turizm məqsədi ilə təyyarə vasitəsi ilə hansısa bir istiqamətdə səyahət etməkdən isə təbii ki, söhbət gedə bilməz. Bəs bu müddətdə əvvəlcədən turizm şirkətləri vasitəsilə və ya fərdi qaydada xarici və daxili reyslərə alınmış aviabiletlərin aqibəti necə olacaq? Ləğv olunmuş biletlərin pulu müştərilərə qaytarılmalıdrmı?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, turizm şirkətləri və aviaşirkətlər müştərilərin pulunu qaytarmalıdırlar:
“Ümumiyyətlə turizm şirkətləri, aviaşirkətlər və hər hansı bir şirkət həm hüquqi, həm də fiziki müştəri ilə müqavilə əsasında bu işləri görürlər. Müqavilədə də mütləq fors-major (müqavilələrə daxil olan və nəzərdə tutulmayan səbəblər üzündən öhdəliyi yerinə yetirmədiyinə görə məsuliyyətdən azad olmağı qabaqcadan nəzərdə tutan şərtdir) maddələr göstərilməlidir. Əgər göstərilməyibsə, o həmin şirkətin səriştəsizliyindən irəli gəlir. Normal müqavilə formasına mütləq fors-major müddəası olmalıdır. Burada təbii hadisələr, belə təbii xəstəlikər, müxtəlif terrorizm və müharibələr öz əksini tapır. Heç bir tərəfin təqsiri olmadan belə bir hal yarandıqda isə təbii ki, müştərinin pulu qaytarılmalıdır. Əgər müqavilədə bu göstərilməyibsə, müştəri məhkəmə üsulu ilə bu ödənişi tələb edə bilər. Ona görə ki, müqviləni müştəri yox, turizm və ya aviaşirkət hazırlayır. Onlar hazırladığına görə bu müddəanı da onlar müqaviləyə əlavə etməlidirlər”.
M. Ağakərimov bildirdi ki, bu hal şirkətlərin imici üçün də əhəmiyyətlidir:
“Çünki bu müvəqqəti hadisədir. Turizm yenidən dirçəlməyə başlayan zaman daha o müştərilər belə şirkətlərə müraciət etməyəcəklər”.
Ekspert əlavə etdi ki, aviabiletlərin vaxtının dəyişdirilməsi məsələsi də, müqavilədə öz əksini tapmalıdır:
“Biletlərin vaxtının dəyişdirilməsi məsələsini isə aviaşirkətə rəhbərlik edən qurum açıqlamalıdır. Bu da müqavilədə öz əksini tapmalıdır. Belə hallarda hər iki tərəf güzəşt etməlidir. Ağıllı şirkətlər əvvəlcədən bütün bu müddəaları müqavilədə qeyd edirlər və bunun a bir surətini müştəriyə təqdim edirlər. Belə hallarda ödənilmiş miqdarın 50 faizinin qaytarılması kimi hallar da olur. Amma bu mütləq müqavilədə qeyd olunmalıdır. Ona görə də turizm şirkətləri beynəlxalq standartları sözdə deyil, əməldə göstərməlidirlər”. 
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən “Casablanca Travel” turizm şirkəti, aviaşirkətlərin ödəniş etməsini gözləmədən öz müştərilərinə biletlərin pulunu ödəyib.

Şirkətin direktoru Xəyal Həmidov Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, burada aviaşirkətlərin bileti geri qaytarmağa icazə verib-verməməsi məsələsi var:
“Müştərilər satın aldıqları aviabilet, otel, tur və s. üçün bizə ödəniş ediblər. Biz də bunun müqabilində üçüncü tərəf olan hüquqi şəxslərə ödənişi həyata keçirmişik. Mövcud vəziyyətdə həyata keçirilməsi mümkün olmayan aviabilet, otel, tur və s. turizm xidmətlərinə görə aviaşirkətlər, otellər, tur operatorları ləğv olunan zaman aviaşirkətlər o pulu bizə tam qaytarmasa da, balansda saxlayır. Yəni biz sonradan aviabilet satmalıyıq ki, həmin balans sıfırlansın. Amma biz, buna baxmayaraq, öz müştərilərimizə ləğv olunmuş biletlərin, otellərin, turların və s. turizm məhsullarının pullarını qaytarmışıq. Sadəcə bir neçə müştərimiz qalıb ki, onlara ödəniş olunmayıb. Bunun da səbəbi evdən çıxmaq qadağasına görə bizim fəaliyyətimizə ofisdən davam edə bilməməyimiz və eləcə də müştərilərimizin ofisimizə yaxınlaşa bilməməsidir. Onlara ən qısa zamanda bu ödənişi edəcəyik.
Biz hər zaman özümüzü müştərinin yerinə qoymağa, onlar kimi düşünməyə çalışırıq. Müştəri əgər bizə ödəniş edib lakin səyahət edə bilmirsə, bu ödəniş müştəriyə geri qaytarılmalıdır. Ancaq burada aviaşirkətlərin, otellərin və tur operatorlarının həmin bileti, oteli, turu və s. turizm məhsulunu geri qaytarmağa icazə verib-verməməsi məsələsi var.  Əgər icazə verirsə biz onu tam olaraq müştəriyə qaytarırıq. Bəzən elə olur ki, uçuş ləğv olunan zaman aviaşirkət bildirir ki, aviabiletin tarixini irəli bir tarixə cəriməsiz dəyişə bilərsiniz. Hətta bəzən uçuş istiqamətinizi də dəyişməyə icazə verirlər. Bəzən aviaşirkət aldığınız bileti növbəti 1 il ərzində istifadə edə biləcəyinizi də bildirir. Bu zaman uçuşun vaxtını dəyişirik. Otellərdə və turlarda da vəziyyət eynidir”.
X. Həmidovun sözlərinə görə, son proseslər zamanı geriqaytarmalar çoxaldığı üçün bəzi aviaşirkətlər bunu dayandırıb vaxtını dəyişmək üsulu ilə əvəzləyiblər:
“Turizmdə qaydalar biraz sərtdir. Belə ki, bilet, otel, tur və s. alan zaman onun qaytarılma və dəyişdirilmə şərtləri olur. Biz bunu müştəriyə əvvəlcədən deyirik. Amma bu artıq fors-major hallarıdır. Yəni uçuş zamanı, uçuş həyata keçirilə bilmirsə, aviaşirkət müştəriyə bileti qaytarmağı və ya vaxtının dəyişdirilməsini təklif edir. Son proseslər zamanı, bəzi aviaşirkətlər əvvəlcə biletləri geri qaytarmağa başladılar. Sonra gördülər ki, geriqaytarmalar çoxdur, bunu dayandırıb vaxtını dəyişmək üsulu ilə əvəzlədilər”.
Şirkət rəhbəri bildirdi ki, hələ ki, dövlətdən heç bir yardım almayıblar:
“Dövlət yardımı məsələsinə gəldikdə isə, bu proses yeni başladığından hələ ki, heç bir yardım almamışıq. Lakin ümid edirik ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaqdır”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top