190 manat almaq istəyənlər Məşğulluq Mərkəzinə hücum çəkdilər, polis işə qarışdı – VİDEO + AÇIQLAMA


Gəncə şəhər Məşğulluq Mərkəzinin qarşısında polis əməkdaşları və vətəndaşlar arasında mübahisə baş verməsini əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, iddialara görə, işsiz kimi qeydiyyatdan keçmək istəyən bir sıra Gəncə sakini Məşğulluq Mərkəzinin onları qəbul etməməsindən sonra hiddətlənərək qurumun inzibati binasının pəncərələrini qırıblar və nəticədə əraziyə polis əməkdaşları cəlb olunub.
Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsindən Yeniavaz.com-a bildirildi ki, bir qrup Gəncə sakini xüsusi karantin rejimində işsizlər üçün nəzərdə tutulmuş 190 manat birdəfəlik yardımı almaq məqsədilə işsiz kimi qeydiyyatdan keçmək üçün Gəncə şəhər Məşğulluq Mərkəzinə müraciət etsə də, bu zaman karantin rejiminin tələblərini pozublar:
"Belə ki, oraya müraciət edənlər arasında icazə alanlar da olub, almayanlar da. Ən əsası isə oradakı insanlar sosial məsafəni qorumadan bir yerə toplaşıblar. Hər nə qədər məşğulluq mərkəzindən sözügedən yardımın oradan verilmədiyi bildirilsə də, bəzi vətəndaşlar buna məhəl qoymayıb və güc tətbiq edədərək qurumun qapısını açmağa çalışıblar. Pəncərələrin sındırılması halı baş verməyib. Bildiyiniz kimi karantin rejiminin tələblərinin icrasına DİN nəzarət edir. Ona görə də GŞBPİ əməkdaşları oraya yaxınlaşıb və vətəndaşlara bu haqda məlumat veriblər. Onlar bu tələblərə riayət etməyə dəvət olunublar. Təəssüflər olsun ki, bu zaman bir neçə şəxs polisin qanuni tələblərinə riayət etməyib və onların xidmətinə maneəçilik törətməyə cəhd edib. Buna görə də onlar aidiyyatı polis idarəsinə dəvət olunublar. Onlardan bəziləri ilə maariflənirici söhbətlər aparılıb, bəziləri haqqında isə inzibati qaydada protokollar tərtib olunub və məhkəməyə göndərilib”.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bu gün verilən açıqlamada bildirilib ki, xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb. 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

DİGƏR XƏBƏRLƏR

Top