İngiltərədə sosial mediada 5G şəbəkəsinin koronavirus yayması xəbərindən sonra əsas şəbəkə stansiyalarından bir neçəsinin yandırılmasının videosu yayılıb.
Yeniavaz.com xəbər verir ki, sosial mediada 5G stansiyalarının ölkədə koronavirus yaydığı barədə nəzəriyyələrdən sonra ölkədə iki baza stansiyasının yandırıldığı anlar vətəndaşlar tərəfindən çəkilərək yayılıb. Britaniya rəsmiləri 5G stansiyalarının koronavirusun yayılması ilə bağlı nəzəriyyələri qəti şəkildə rədd edib.
İngiltərədəki kabinet fəaliyyətinin əlaqələndirilməsi üçün məsul olan nazir Maykl Qov deyib ki, yayılan xəbərlər sadəcə cəfəngiyatdır.
Xatırladaq ki, İngiltərədə koronavirus səbəbi ilə 195524 nəfər yoxlanılıb. Onlardan 47806 nəfərin bu virusa yoluxduğu, 4934 nəfərin isə öldüyü bildirilir. Aprelin 5-i İngiltərədə 621 nəfər koronavirusdan ölüb.