Bütün dünyanı öz təsiri altına almış koronavirusdan ölənlərlə yanaşı, bu xəstəliyə qalib gəlmiş xeyli sayda insan var. Ancaq bəziləri bu xəstəlikdən asanlıqla xilas olsalar da, bəzilərində bu proses olduqca çətin başa gəlir.
Yeniavaz.com xəbər verir ki, BBC İngiltərədə bu xəstəliyi ağır keçirmiş və qalib gəlmiş üç şəxslə bu proses barədə danışıb. 39 yaşlı Karen Mannerinq koronavirusa yoluxan zaman dörüncü uşağına 6 aylıq hamilə olub. O bildirir ki, bu müddətdə həm özü, həm də övladı üçün mübarizə aparıb:
“11 gün öskürək və yüksək hərarətlə mübarizə apardıqdan sonra təcili yardıma zəng vurdum. Telefonda nəfəs alıb-verməyib o qədər pis eşidilirdi ki, təcili tibbi yardım avtomobili bir neçə dəqiqə ərzində evimizə gəldi. Çatan kimi mənə oksigen maskası taxdılar”.
COVID-19 diaqnozu qoyulan Karenin hər iki ciyərində iltihab aşkarlanıb:
“Heç kimin gəlib məni görməsinə icazə verilmirdi. Təxminən 2-3 gün müddətində yataqdan çıxa bilmədim. Tualetə belə gedə bilmirdim. Nəfəs almağım çətinləşəndə kömək üçün düyməyə basırdım və tibb işçilərinin xüsusi paltarlar geyinərək gəlib məni xilas etmələrini gözləyirdim. Ailəmin mənə təskinlik verməsi üçün dayanmadan onlarla telefonda danışırdım. Ölməkdən qorxurdum və ailə fərdlərim də buna hazır olduqlarını deyirdilər. Hər bir nəfəs üçün mübarizə aparırdım, həm özüm, həm də övladım üçün”.
O, xəstəxanadan ilk çıxdığı zaman aldığı təmiz havanı unutmadığını deyir. Hazırda Karen ailə üzvlərindən ayrı karantində saxlanılır. Vəziyyəti yaxşılaşsa da, quru öskürək bir neçə ay davam edə bilər.
26 yaşlı Cessi Klark isə 5 il əvvəl bir böyrəyini itirdiyi üçün, virusa yoluxsa, bunun çətin olacağını bilirdi. Nişanlısı bildirir ki, öskürmək və nəfəssiz qalmaqdan əlavə, bir neçə gün ərzində artıq o yeriyə bilmirdi:
“Bütün bədənim əzilmişcəsinə ağrıyırdı. Tək qalmaqdan çox qorxurdum və gəlib birinin mənə kömək etməsini istəyirdim. Üzümə yaşıl bir maska, burnuma isə qəribə bir kabel taxdılar və sadəcə COVID-19 xəstələrinin qaldığı xəstəxanaya apardılar. Əvvəllər nəfəs almaqda çətinlik çəkməmişdim ancaq, indi nəfəsim kəsilirdi”.
Cessi 5 gündən sonra xəstəxanadan evə buraxılıb. Buna baxmayaraq hələ də yeriməkdə çətinlik çəkir və gün ərzində 18 saat yatır. Öskürməyə davam etsə də, artıq rahat nəfəs ala bilir.
64 yaşlı Stivart Boyl xor məşqi zamanı bu virusa yoluxduğuna inanır. O bildirir ki, sosial məsafələrə riayət olunsa da, bir neçə gün ərzində xor üzvlərinin əksəriyyəti xəstələnib. Boylun da vəziyyəti 10 gün ərzində ağırlaşıb:
“Əvvəlcə heç bir problem yox idi. Lakin daha sonra pilləkənləri qalxanda nəfəsim daralmağa başladı. Bir müddətdən sonra isə hərəkət edə bilmədim. Sanki filmdə idim. Məni xüsusi rejimli bir yerə apardılar və bir çox testlərdən keçməli oldum. Koronavirusa yoluxduğum üçün mənə oksigen maskası taxdılar. Bəzi vaxtlar artıq ölüm anının gəlib çatdığını düşünürdüm. Amma yenə də yaşamaq istəyirdim”.
Stivart ona verilən oksigenin virusa qalib gəlməsində əhəmiyyətli rol oynadığını söyləyir:
“Həkimlər hə şeyi edirdilər. Amma edəbiləcəkləri yeganə şey sənin virusla mübarizəni təmin etmək olur. Çünki hər hansı bir vaksin və ya sehirli bir dərman yoxdur. Sizin öz mübarizəniz sizi xilas edir”.
Boyl artıq xəstəxanadan evə buraxılıb və bol-bol su içərək sağalmağa çalışır.