MDB-də dollar qarşısında ucuzlaşmayan yeganə valyuta manatdır – TAM SİYAHI


Dünyada sürətlə yayılmaqda olan COVİD-19 koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatında böhran müşahidə olunmaqdadır.

Yeniavaz.com xəbər verir ki, böhran səbəbindən ayrı-ayrı ölkələrə məxsus milli valyutalar beynəlxalq ticarətdə əsas mübadilə vasitəsi olan ABŞ dollara qarşısında sürətlə ucuzlaşmaqdadır.
Son bir ayda Azərbaycanın da üzv olduğu Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrə və keçmiş MDB ölkəsi olan qonşu Gürcüstana məxsus milli valyutalar da dollar qarşısında dəyərdən düşməkdədir.
MDB ölkələri arasında dollar qarşısında ən çox ucuzlaşan Qırğızıstan milli valyutası – som olub. Qırğızıstan somu son 1 ayda dollar qarşısında 17,8% dəyərdən düşüb. Mart ayının 1-də 1 dolların məzənnəsi 69,8 soma bərabər olduğu halda, bu gün 82,2 soma bərabərdir. Ən az ucuzlaşan Moldovanın milli valyutası - ley olub. Moldova leyi dollar qarşısında son 1 ayda 4% ucuzlaşıb. Türkmənistan, Özbəkistan, Tacikistan və Azərbaycanın milli valyutalarının məzənnələri dollar qarşısında dəyişməz qalıb.
MDB ölkələrinin və Gürcüstanın milli valyutasının məzənnəsi son 1 ay ərzində dollar qarşısında belə dəyişib:
Ölkələr və valyutalar 01 mart 2020-ci il 02 aprel 2020-ci il Fərq
Qırğızıstan - som 69,8 82,2 17,8 %
Qazaxıstan - tengə 381,8 449,6 17,7 %
Rusiya - rubl 66,8 78,1 17 %
Belarus - rubl 2,24 2,59 16,6 %
Gürcüstan - lari 2,8 3,25 16,1 %
Ukrayna - qrivna 24,7 27,7 12,1 %
Ermənistan - dram 478,5 501,7 4,8 %
Moldova - ley 17,5 18,2 4 %
Türkmənistan - manat 3,5 3,51 0,3 %
Özbəkistan - som 9 539 9 551 0,1 %
Tacikistan - somoni 9,68 9,69 0,1 %
Azərbaycan - manat 1,7 1,7 -

Milli valyutamız - manatın məzənnəsinin dollar qarşısında sabit qalması fonunda adları qeyd olunan ölkələrin milli valyutalarının dollar qarşısında dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? 
Məlumat üçün qeyd edək ki, yola saldığımız 2019-cu il ərzində Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrə 1 milyard 178,4 milyon dollar dəyərində məhsul ixrac edib və həmin ölkələrdən 3 milyard 432,5 milyon dollar dəyərində məhsul idxal edib. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan və MDB-yə üzv ölkələr arasında həyata keçirilən ticarət dövriyyəsində 2 milyard 254,1 milyon dollarlıq mənfi saldo yaranıb.
MDB ölkələrilə olan ikitərəfli ticarət əlaqələrində qeydə alınan ticarət dövriyyəsi aşağıdakı kimi olub:
Ölkələr İdxal (dollar) İxrac (dollar) Fərq  (dollar)
Qırğızıstan 800 min 700 min - 100 min
Qazaxıstan 205,6 milyon 24 milyon - 181,6 milyon
Rusiya 2,3 milyard 731,8 milyon - 1,56 milyard
Belarus 206,2 milyon 21,1 milyon - 185,1 milyon
Gürcüstan 586,9 milyon 72,1 milyon + 514,8 milyon
Ukrayna 467,1 milyon 340,6 milyon - 126,5 milyon
Ermənistan - - -
Moldova 4,8 milyon 3,1 milyon - 1,7 milyon
Türkmənistan 202,6 milyon 23,1 milyon - 179,5 milyon
Özbəkistan 53,1 milyon 28,9 milyon - 24,2 milyon
Tacikistan - 3,3 milyon + 3,3 milyon
 
Rəqəmlərdən də göründüyü kimi, yalnız Gürcüstan və Tacikistanla olan ticarət dövriyyəmizdə müsbət saldo qeydə alınıb. Tacikistanla ticarət dövriyyəmizin nəzərəçarpmayacaq qədər az olması, Gürcüstana ixrac etdiyimiz məhsulların isə neft, neft məhsulları və təbii qaz olduğunu nəzərə alsaq, hansı ki, bunlar birbaşa dollar ilə satılır, o zaman Azərbaycanın qeyd olunan ölkələrlə ticarət əlaqələrində manatın məzənnəsinin dollar qarşısında ucuzlaşmaması ölkə iqtisadiyyatına müsbət təsirləri daha çox olacaq.
Gördüyümüz kimi, qeyd olunan ölkələrin milli valyutalarının dollar qarşısında ucuzlaşması və manatın dollar qarşısında sabit qalması bu ölkələrdən idxal olunan məhsulları ucuzlaşdıra bilər ki, bu da hazırda ölkədə inflyasiyanın qarşısın almaq üçün olduqca əhəmiyyətlidir.  
Lakin, onu da qeyd etmək lazımdır ki, manatın məzənnəsinin uzun müddət sabit qalması daxili bazarı ucuz xarici məhsullardan asılı vəziyyətə salır ki, bu da yerli istehsalın inkişafına mane olur.

A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top