"Müşfiqin artıq qərənfildən başqa hədiyyəsi yoxdur" - FOTOLAR/VİDEO


Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən artıq 4 il ötür. Üç gün davam edən bu döyüş Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.  Belə ki, ermənilər aprelin 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribat zamanı Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub. Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab atəşi endirib, 2000 hektardan artıq ərazi işğalçılardan azad edilib, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəkliyə Azərbaycan ordusu dövlət bayrağını sancıb. Üç günlük döyüşdə Azərbaycan ordusunun şəhid olan əsgərlərindən biri də 1994-cü ildə Bakıda anadan olan Orucov Müşfiq Arif oğludur. Ailədə maddi cəhətdən çətinlik görməsinə, oxumaq üçün şəraitinin olmamasına baxmayaraq yüksək balla Azərbaycan Texniki Universitetinə qəbul olmuşdu. O, oxuya-oxuya ofisiant, yay aylarında isə səhər 7-dən, axşam 7-ə kimi dondurma sexində çalışırdı. Hərbi xidmətə böyük həvəslə yollanmışdı. Çünki Müşfiqi ziyalı ailəsi hələ uşaqlıdan vətənpərvər ruhda böyütmüşdü və onun üçün ilk növbədə vətən gəlirdi. Ailəsi və dostları da onu hərbi xidmətə təmtərahla yola salmış və hər kəs sağ salamat tez qayıtmasını arzulamışdı. Bəli, o, tez qayıtdı, hərbi xidmətini başa vurmasına 3 ay qalmşdı. Onun vaxtsız qayıdışı, hər kəsi üzsə də, eyni zamanda qürurlandırdı. Aprel şəhidinin anası Aygün Orucova oğlu il bağlı xatirələrini Yeniavaz.com-la bölüşdü.

- Bir qədər geriyə, yəni Müşfiqin uşaqlıq illərinə qayıdaq. Məktəbdə dostları, müəllimləri ilə münasibəti necə idi?
- Uşaqlıqdan sakit təbiətli, az danşan, heç kimlə işi olmayan biri olub.  Heç vaxt bizi incitməyib. Hər zaman böyük kiçik yeri bilən idi.  Digər uşaqlarla da yaxşı yola gedərdi. Amma elə sakit olmağına baxmayaraq ətrafında çox dostu var idi.  İstər məktəb vaxtlarında, istərsə də universitetdə.

- Bəzi tələbələr oxumamaq üçün şəraitsizlikdən şikayətlənirlər. Müşfiq isə yüksək nəticə əldə edib?
- Biz həmin dövrlərdə yataqxanada qalırdıq və həqiqətən də şəraitimiz yox idi. Bir balaca otağımız var idi. Müşviqlə bacısı eyni vaxtda hazırlıqlara gedirdi. Bir otaqda onlar dərs oxuyanda  kürək kürəyə otururdular. Çünki bir-birlərin üzünə baxanda gülməkləri gəlirdi. Amma şərait baxımından çox çətin idi. Yazı stolumuz belə yox idi ki, dərslərini yazsınlar. Müşfiq məntiqli, savadlı idi, ona görə də az bir vaxtda, elə şəraitdə yüksək nəticə əldə etdi. Bacısı daha çox oxuyurdu, amma Müşfiqə az vaxt kifayət edirdi. 

- Tələbə vaxtlarında işlədiyindən sizin xəbəriniz var idimi? Yoxsa gizlədirdi sizdən?
- Bəli, xəbərimiz var idi. İş yeri də evimizə yaxın idi. Elə dostları var idi ki, orta məktəbdə oxuyan vaxtlarından işləyirdi. Amma biz həmin ərəfələrdə icazə vermirdik işləsin. Universitetə qəbul olandan sonra restoranda ofisiant işləməyə başladı. Gündəlik 10 AZN qazancı olurdu. Biz müəllim işləyirdik maaşımız az idi, ona görə Müşfiqə çox pul verə bilmirdik. Hətta Müşfiq qazancından gətirib evə də kömək olurdu. Birinci kursdan işləməyə başlamışdı amma 4-cü kursa gələndə hərdən tənbəllik edirdi. Deyirdi ki, bu gün cibimdə pul var sabah gedərəm. Özünün şəkil çəkməyə həvəsi var idi. Bir-iki dəfə dostlarından fotoaparat götürüb çəkiliş etmişdi. Əsgərliyə getməmişdən əvvəl demişdim ki, gələndə sənə fotoaparat alaram, ofisiant yox, fotoqraf işləyərsən. Kreditlə də olsa alacağam sənə. Çünki, baxırdım ki, yaşı artdıqca istər-istəməz utanırdı. Düzü, ehtiyacımız olmasaydı mən heç işləməyə də qoymazdım. Xoşlamırdım oxuyan uşağın əli pula dəysin. İşlədiyi restoranda da yaxşı hörmət qazanmışdı. Hətta cümə axşamlarından birini onlar etmişdilər. Əsgərliyə gedəndə də qonaqlıq vermişdilər. 

- Əsgərliyə gedəcəyini biləndə ana kimi hansı hissləri keçirdiniz?
- Bir oğul anası kimi qürurlanırdım, sevinirdim. Deyirdim oğlandır əsgər getməlidir, gələcəkdə yaxşı işi olacaq. Biz 25 il yataqxanada qalmşıq, orada baxırdım oğlanlar əsgər gedib gəlirlər. Müşfiq özü də deyirdi ki, ana narahat olma onlar 1 il 6 ay getdilər, mən 1 il ərzində gedib gələcəyəm. Özünün də əsgərliyə getmək həvəsi var idi. Həmişə anam mənə deyirdi ki, bir oğlun var qoyma əsgər getsin. Amma mən deyirdim ki, yox, oğlandır əsgərliyə getməlidir. Mən neçə ildir müəllim işləyirəm, həm dərs dediyim uşaqlara, həm də Müşfiqin özünə 20 Yanvar hadisələrini, Qarabağ döyüşlərini, azadlıq haqqında həvəslə danışırdım. Uşaqlarımı “bulvara” aparanda birinci Şəhidlər Xiyabanını ziyarət edib ondan sonra gəzirdik. Bir dəfə avtobusu səhv saldım, Müşfiq qayıdıb dedi ki, ana axı getmədik Şəhidlər Xiyabanına. Onda dedim ki, bu dəfə başqa yolla gedəcəyik. Bizim onlara vətəndaş borcumuz var, bir cüt qərənfil borcumuz var. Onlar şəhid olmasaydılar biz indi rahat yaşamazdıq. Amma bilməzdim ki, indi Müşfiqin özünə bir cüt qərənfil payı düşür. Onun artıq qərənfildən başqa hədiyyəsi yoxdur... (Ağlayır) Elə vaxt olub ki, qərənfil almağa pulum olmayıb, qonşudan borc alıb aparmışam uşaqları. Bir təskinliyim var ki, onlara mənalı uşaqlıq yaşatmışam.

- Bəs oğlunuzun cəbhə bölgəsində olmağını biləndə hansı hisləri keçirdiniz?
- Müşfiq əsgər gedən ilk gündən içimdə narahatçılıq var idi. Amma Naftalanda idi deyə, çox üstünə düşmədim. Mən onun Sərhəd Qoşunlarına düşməyini istəyirdim, özü isə Azərbaycan Silahlı Qüvvələrinə getmək istəyirdi. Cavablar çıxanda gülə-gülə gəlib dedi ki, sən deyən olmadı, mən deyən oldu. Cəbhə bölgəsinə getməklə bağlı heç bir qorxusu olmayıb. Əsgərliyə getməyinə bir ay qalmış telefonda müharibə ilə bağlı oyunlar oynayırdı. Bir gün gecə saat 3-də oyanıb dedim ki, ana qurban yat gecdir. Sonra telefona baxdım ki, oyunda atışma səsləri gəlir, səngər, qan, ölüm var. Dedim ki, bu nədir, belə şeyə baxmaq olar? Mənə dedi ki, nə var ki, burda döyüşdü də. Həyətdə turnik var idi, hər gün orada məşq edirdi. Deyirdi əsgərlikdə komandirlər əmr verirlər, istəmirəm bacara bilməyəndə mənə söz desinlər. Öz üzərində daima çalışan biri idi.

- Adətən deyirlər əsgərlər şəhid olacaqlarını əvvəlcədən hiss edirlər. Nə vaxtsa Müşfiq bu barədə nəsə demişdimi?
- Çox sakit təbiətli, mehriban xasiyyəti var idi, az danışardı. Bəlkə də şəhidlik barədə nə vaxtsa düşünüb, arzusu olub, amma bizə heç nə deməmişdi. Biz Zəngilandan məcburi köçkün gəlmişik buna görə də evdə ən birinci mövzu işğal altında olan torpaqlarımızla bağlı olurdu. Həmişə atasına deyirdi ki, siz böyüklər torpaqlarımızı geri ala bilmədiniz, amma Qarabağı biz alacağıq. Əsgərlərin andiçmə mərasiminə  gedəndə, yolda atası Müşfiqin "fleşkart"ındakı mahnıları qoymuşdu. Bir neçə mahnıdan sonra “Ana, əsgər gedirəm” mahnısı gəldi.  Mahnının sonunda bir bənd var idi, “Şəhid olsam ağlama, başına qara bağlama”.  Onu eşidəndə çox pis oldum, atası Arifə dedim ki, mahnını söndür.  Ora çatanda, andiçmədən sonra soruşdum ki, o nə mahnıdı. Dedi ki, mahnıdı də nə var ki, orda. Söhbətin üstündən ötəri keçdik. Martın 28-i zəng etmişdi mənə. Eşitdim ki, yol gedir, hava da küləklidir. Soruşdum ki, haradan gəlirsiniz? Dedi ki, heç yerdən. Deyirəm bəs hardansa gələnə oxşayırsınız. Hiss elədim ki, gülümsədi və soruşdu ki, hardan bildin? Dedim küləyin səsi gəlir. O, da paliqondan gəldiyini dedi. Onda belə mənə bir söz demədi, nə də bizim ağlımıza müharibə gəlmədi. Aprel ayında belə güclü müharibə baş tutacağını belə ağlımıza gətirmədik. Ayın 29-u da atasından danışmışdı.  Əsgər yoldaşları deyir ki, heç birimizin xəbəri yox idi. Aprelin 1-i gecə anidən hamısını maşınla aparıblar.  İki gün, aprelin 2-3 döyüş olub. Amma hərdən fikirləşirəm ki, çox hərəkətli uşaq idi bəlkə də buna görə harasa tələsirdi. Həm universitetə, həm dostlarına, həm işə, həm evdəkilərə vaxt ayırırdı.
Çox arzularımız var idi. İlk dəfə Gəncə şəhirə düşmüşdü, ordan göndərdilər Naftalana. Həmişə deyirdim ki, əsgərlikdən gəlməyinə 10 gün qalmış biz gələrik, gedərik Gəncə şəhəri tərəfdə Çaykənd var ora. Səni görməyə kim gəlmək istəsə, hamısı gələr Çaykəndə. Özümüz də bir ay qalıb dincələrik, daha sonra Bakıya qayıdarıq. Müşfiqin tələbə vaxtlarında istirahət etmək üçün ora tez-tez gedərdik. Daha sonra Naxçıvana getməyi planlaşdırırdıq. Amma qismət belə gətirdi...

- Aradan artıq 4 ilə yaxın zaman keçib. Bu illər ərzində nə ilə təskinlik tapmısınız?
- 4 il keçməyinə baxmayaraq yoxluğuna hələ də inanmıram. Mənə elə gəlir ki, hardasa uzaqlardadı. Rayonlara tez-tez gedərdi və hardasa 15-20 gün qalırdı orda. Elə bilirəm indi də harasa gedib və ya xaricdə oxuyur. Özümə belə deyə-deyə təskinlik tapıram. Artıq o, yoxdur sözünü deyə bilmirəm. Elə bilirəm harda olsa indi gələcək. Başqa da işə gedib-gəlirəm, başım biraz qarışır. Şəhid ailəsi kimi tanımadığımız çox adam gəlib ziyarət edir bizi. O da hardasa təskinlik verir. Amma 5 dəqiqə sakit oturan kimi kino lenti kimi gözümün qabağına gəlir bütün xatirələr.(Ağlayır) Hərdən düşünürəm ki, onun istədiyi hər hansı bir şeyi etməsəydim özümü bağışlamazdım. Nə istəmişdilərsə çətinliklə də olsa edirdim. Məzarına da əvvəllər getmirdim. Amma indi özümdən asılı olmadan tez-tez gedirəm. Arada digər adamlarla gedib-gəlirdim. Son vaxtla bir də baxıram ki, yoldayam gedirəm. Hərdən deyirəm ki, gedib məzarı üstündə ürəkdən ağlayım, çatanda görürəm ki, kimsə var orada. Ya da yaxınlıqdakı qəbirlərin yanında kimsə var. Elə olanda çəkinirəm ürəkdən ağlamağa, özümdən asılı deyil. Yol açılmır ki, mən orada qışqırım ağlayım.
Təzə-təzə bir dəfə yuxuma gəldi. Onda da gördüm ki, oturub bir kənarda. Yaxınlaşmaq üçün can atırdım. Birdən güclü yağış yağdı, sel gəldi. Mənim də başım qarışdı suya ki, üst-başım batmasın. Sonra baxdım ki, oturduğu yerdə yoxdur. Aradan 4 il keçib artıq, uzun vaxtdan sonra bu yaxınlarda yuxuma gəlmişdi. Görürəm ki, əsgərlikdədi biz də onu görməyə getmişik. Soruşurdum ki, ana qurban, yorğun deyilsən ki? Nəsə bir istəyin varmı? Üzündən, gözündən öpürdüm, amma o, mənlə danışmırdı. Daha sonra yuxudan ayıldım, yenidən yatmaq istədim ki, bəlkə yuxunun davamı olar. Amma olmadı... Heç ayılmaq istəmirdim yuxudan. Şəhid analarından da soruşuram ki, övladlarınız yuxularınıza gəlirmi. Hamısı yox deyir. Amma tanımadığımız adamlar bizə deyir ki, Müşfiqi o gün yuxuda gördüm. Heç ağlımızdan da çıxmır. Onunla gəzdiyimiz yerlər, gördüyümüz işlər, danışıqlarımız hamısı ağlımdadır.

- Şəhidlər ölmür deyirlər...
- Bu sözü şablon kimi hər dəfə işlədirdik, amma indi hiss edirəm ki, o söz niyə deyilirdi. 4 ildir evimizə gəlib-gedənlər əskik olmur. Tanımadığımız adamlar belə gəlib bizi ziyarət edirlər. Daha sonra verilişlər hazırlayırlar, jurnalistlər  məqalələr yazırlar. Baxırsan ki, doğrudan da şəhidlər unudulmur.  Sosial  şəbəkələrdə bəzi səhifələr var ki, adi günlərdə, ad günlərində, anım günlərində də şəhid olmuş əsgərlərin fotolarını paylaşırlar. Ölüm acıdır, amma şəhid kimi ölmək hər adama qismət olmur. Vətən uğrunda ölməyi qürurlandırır, lakin yerini heç nə doldurmur. Torpaqlarımız azad olunsa bəlkə də mən daha ağlamaram.

- Şəhid anası olmaq nə qədər ağır olsa da bir o qədər də qürur vericidir. Sizə göstərilən diqqətdən razısınızmı?
- Heç bir narazılığımız yoxdur. Atası da, mən də müəllim işləyirik. Müşfiqin sağlığında pulumuz az idi, amma indi maaşımız da yaxşıdır. Maddi cəhətdən heç bir problemimiz yoxdur. Hərdən maaşı alıram, pul əlimdə qalır. O vaxt pul tapmırdıq verək, amma indi pul var, onu xərcləyəcək uşaq yoxdur. Bütün bayramlarda da  dövlətin diqqətindəyik, yardım edirlər. Tədbirlər keçirdəndə də bizi dəvət edirlər.

İlahə Hüsynova

DİGƏR XƏBƏRLƏR

Top