"Azeri Light" markalı neft niyə "Brent" və WTI-dən ucuz satılır? - SƏBƏB


Xəbər verdiyimiz kimi, dünən “Azeri Light” markalı neftin bir barrelinin qiyməti birjalarda 19,23 dollara kimi ucuzlaşıb.
Yeniavaz.com
xəbər verir ki, “Azeri Light” markalı neftin qiymətilə bağlı diqqət çəkən məqam onun “Brent” və WTI markalı neftdən ucuz satılmasıdır. Dünən “Brent” markalı neftin qiyməti birjalarda 22 dollardan, WTI markalı neftin qiyməti isə 20 dollardan yüksək olub.
Qeyd edək ki, dünyada ən çox satılan və neft bazarlarındakı qiymətləri də müəyyən edən iki əsas neft markası var. Bunlardan biri ABŞ-da hasil olunan WTI (West Texas Intermedite) markalı neft, digəri isə Böyük Britaniya və Norveç şirkətləri tərəfindən Şimal dənizində hasil olunan “Brent” markalı neftdir.
Məlumat üçün bildirək ki, Azərbaycan ərazisində yerləşən neft yataqlarından hasil olunan “Azeri Light” markalı neft keyfiyyət göstəricilərinə görə bir çox neft markasından, o cümlədən də “Brent”  və WTI markalı neftdən daha öndədir. Son zamanlara kimi, birjalarda “Azeri Light” markalı neftin qiyməti “Brent” markalı neftin qiymətindən ən azı 1-2 dollar, WTI markalı neftin qiymətindən isə 5-6 dollar yüksək olub.
Neftin keyfiyyəti və buna görə də qiyməti iki əsas amildən – sıxlığından və tərkibindəki kükürdün miqdarından asılı olaraq dəyişir. Dünyanın müxtəlif bölgələrindən hasil edilən xam neft fərqli adlarla dünya bazarlarında satılır. Hər bir neft markasının özünə məxsus sıxlığı var. Eyni zamanda bu neft markalarının tərkibində kükürdün miqdarı da bir-birndən fərqlənir.
Son günlərə kimi bazarlarda sıxlığı daha aşağı səviyyədə olan, həmçinin tərkibində kükürdün miqdarı az olan neft markaları daha baha qiymətə satılıb.
“Brent” markalı neftin sıxlığı WTI markalı neftdən daha azdır. Bu səbəbdən də bazarlarda “Brent” markalı neftin hər zaman WTI marklı neftdən daha baha satılır. “Azeri Light” markalı neftin sıxlığı “Brent” markalı neftdən də azdır və eyni zamanda “Azeri Light”ın tərkibindəki kükürdün miqdarı aşağıdır.
Son günlər “Azeri Light” markalı neftin “Brent”  və WTI markalarından daha ucuz satılmasının əsas səbəbi bu neftə olan tələbin aşağı düşməsi ilə bağlıdır. Bildiyimiz kimi, sıxlığı və tərkibində kükürdün miqdarı az olan neft yanacaq istehsalçıları üçün daha əlverişlidir. Xüsusən də benzin istehsalı zamanı tərkibində kükürdün miqdarı daha aşağı olan neft markaları daha sərfəli olur. Bu səbəbdən də “Azeri Light” markalı neftin hər zaman “Brent”  və WTI markalarından baha satılıb. Lakin, son günlər dünyada sürətlə yayılan COVİD-19 koronavirusu səbəbindən əksər ölkələrdə hava, su və avtomobil nəqliyyatının hərəkətinə məhdudiyyətlər qoyulub. Bu səbəbdən də yanacağa olan tələb aşağı düşüb. Yanacağa olan tələbin aşağı düşməsi səbəbindən də “Azeri Light” kimi sıxlığı və tərkibində kükürdün miqdarı az olan neft növlərinə tələbat azalıb.
Onu da qeyd edək ki, hazırda birjalarda sıxlığı və tərkibinə görə yüzlərlə adda neft satılmaqdadır. Sıxlığı yüksək olan, yəni “ağır neft” hesab olunan markaların başında Malaziyada hasil olunan “Bintulu” markalı neft dayanır. Ən “yüngül” neft markaları sırasında isə Venesuelada hasil olunan “Boscan”, “Laguna” yer alır.  Qonşu İranda hasil olunan “Novruz” markası da “yüngül” neft növləri arasındadır.  Onu da qeyd edək ki, adları qeyd olunan markaların tərkibində həm də kükürdün miqdarı yüksəkdir.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top