Karantinə görə dolana bilməyən ailə ilə bağlı nazirlikdən AÇIQLAMA


Karantin rejimi elan ediləndən obyektlərin bağlanması bir çox insanın işsiz qalmasına səbəb olub.

Saytımıza bununla bağlı şikayətlər də daxil olub. Belə ki, Binə qəsəbə sakini Aytac Hümbətova 15 gündür ailəsinin ehtiyaclarını qarşılaya bimədiyini dedi:
“Yoldaşım 10-15 gündür işləmir, mən də işləmirəm, əməliyyat da olunmuşam. Körpə uşağım var. Kirayədə qalırıq. Heydər Əliyev Fonduna da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etmişəm. Məni hər dəfə yubadıblar. Deyiblər ki, əlaqə saxlanacaq, saxlamayıblar. Yoldaşım sirkin yanında “Xanlar” restoranında işləyirdi. 1 qızım var, o da körpədir. Karantin rejiminə görə evdən çıxa bilmirik. Evdə qalırıq amma evdə də qalmağa imkan yoxdur. 
Feysbukda status yazandan sonra camaat sağ olsun, gətirdi, kömək elədi. Uşağın qidasını ödəyə bilmirdik, indi sağ olsunlar yeməyi də, pampersi də alınıb. Ərzaq, pul yardımı da olundu. Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə zəng etdim, qəbula düşə bilmədim. Sonra açdılar zəngi, dedilər, adınız yoxlanılır. Yoxladılar, adım qeydiyyatda tapılmadı. Belə-belə məni yubatdılar. Yoldaşım əvvəl gündəlik alırdı. İndi heç yerdə işləmir”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Qurumun mətbuat katibi Fazil Talıbov Yeniavaz.com-a bildirdi ki, bununla bağlı tədbirlər planı hazırlanır:
”Dünya iqtisadiyyatına ciddi zərbə vuran pandemiyanın milli iqtisadiyyata neqativ təsirlərinin azaldılması, eyni zamanda bunun məşğulluğa mənfi təsirinin azaldılması üçün dövlət tərəfindən məqsədyönlü işlər aparılır. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrup koronavirus pandemiyasından zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələri üzrə yarana biləcək məşğulluq problemlərinin həlli, bu sahələrdə çalışanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq dəstək proqramları üçün təkliflər hazırlayıb. Ümumilikdə bu məsələlərə kompleks yanaşma olacaq. Sahibkarlarla və işçilərin məşğulluq məsələləri ilə bağlı təkliflər təqdim edilib. Bu istiqamətdə atılacaq addımlar barədə məlumatlar veriləcəkdir”.
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top