Azərbaycanda xəstəxanalarda nə qədər çarpayı və həkim var? - RƏSMİ


Dünyada COVID-19 koronavirusunun sürətlə yayılması səbəbidən ayrı-ayrı ölkələrin qarşılaşdıqları ən ciddi problemlərdən biri də xəstəxanalarda çarpayı çatışmazlığıdır. Sosial şəbəkələrdə yayılan video-kadrlarda açıq şəkildə görülür ki, xəstəxana palatalarının dolu olması səbəbindən xəstələrə koridorlarda tibbi yardım göstərilir. Bu səbəbdən də xəstəxana çarpayılarının sayının ölkə üçün nə qədər əhəmiyyətli olduğu görülür.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycan xəstəxanalarında 44 min 45 ədəd çarpayı mövcuddur və bu çarpayıların yalnız 2 min 541 ədədi infeksion xəstələr üçün nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən – 1991-ci ildən sonra ölkə əhalisinin sayı təxminən 40% artaraq 7,2 milyon nəfərdən 10 milyon nəfərə yüksəlib. Lakin, əhalinin sayının artmasına baxmayaraq ölkədə xəstəxana çarpayılarının sayı kəskin azalıb. Belə ki, 1991-ci ildə ölkədə 70 min 890 xəstəxana çarpayısı olub. İnfeksion xəstələr üçün nəzərdə tutulan çarpayıların sayı isə 3 min 970 ədəd olub. Rəqəmlərdən də göründüyü kimi müstəqillik dövründə - 1991-2019-cu illər ərzində xəstəxana çarpayılarının sayı 38% və ya 26 min 845 ədəd, infeksion xəstələr üçün nəzərdə tutulan çarpayıların sayı isə 36% və ya 1 429 ədəd azalıb.  Azalma nəticəsində, 1991- ci ildə ildə ölkə əhalisinin hər 10 000 nəfərinə düşən xəstəxana çarpayısının sayı 87 olduğu halda, 2019-cu ildə 45-ə düşüb.
Son 28 il ərzində azalan təkcə xəstəxana çarpayılarının sayı olmayıb. Müstəqillik dövründə tibb işçilərinin sayında da azalma qeydə alınıb. Belə ki, 1991-ci ildə ölkə əhalisinin hər 10 000 nəfərinə düşən həkim sayı 39 olduğu halda, 2019-cu ildə bu göstərici 33 olub.
Həkimlər arasında ən ciddi azalma isə infeksion xəstəliklərlə mübarizə aparan gigiyena-epidemioloqların sayında qeydə alınıb. 1991-ci ildə əhalisinin hər 10 000 nəfərinə düşən gigiyena-epidemioloq sayı 2,2 olduğu halda, 2019-cu ildə bu göstərici 0,9 olub. Belə ki, 1991-ci ioldə ölkədə 1 589 nəfər gigiyena-epidemioloq olduğu halda, 2019-cu ildə onların sayı 933 nəfər olub.
Onu da qeyd edək ki, həkimlərin sayına görə Azərbaycan MDB ölkələri arasında son sıralarda yer alıb. MDB ölkələrində hər 10 000 nəfərə düşən həkimlərin sayına görə ən yaxşı vəziyyət Rusiyada qeydə alınıb. Açıqlanan son məlumata görə, Rusiyada hər 10 min nəfərə düşən həkim sayı 48 olub. Eyni zamanda hər 10 000 nəfərə Ermənistanda 45, Belarusda 45, Ukraynada 44, Qazaxıstanda 40, Moldovada 36, Qırğızıstanda 22, Tacikistanda isə 21 həkim düşüb. Göründüyü kimi, Azərbaycanda həkimlərin sayı yalnız Qırğızıstan və Tacikistandan yüksək olub.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top