"Nitq qüsuru olan uşağa iki dil öyrətmək ona böyük zərbədir" - Loqoped


Yeniavaz.com-un budəfəki qonağı loqoped Aysel Əhmədovadır. Aysel xanıma uşaqlarda nitq ləngiməsi, bu problemin irsi olub-olmaması və çıxış yolları kimi bir sıra sualları yönəltdik.
- Nitq ləngiməsi və onun səbəbləri...
- Qısaca deyək ki, hər bir uşağın yaşa uyğun inkişaf mərhələləri var. Yaşa uyğun inkişaf mərhələsinə uyulmaması, geri qalması ləngiməyə səbəb olur. Nitq ləngiməsi ilə yanaşı, başqa bir çox ləngimələr də səbəb olur. Səbəblər nələrdir? Burada texnologiya və irsi faktor var. Ailədə ünsiyyət zamanı iki dildən istifadə olunması da bir faktordur. Uşaqla uşaq dilində danışılması isə başqa bir faktordur. Bunlar arasında isə ən çox özünü göstərən texnologiyadır. Çünki uşaq bu vaxt televizor, kompyuter, telefon qarşısında çox qalır və dialoqa girmir. Və dil mərkəzi yavaş-yavaş passivləşməyə başlayır. Digər göstərə biləcəyimiz səbəb isə genetikdir. Məsələn,  biz müşahidələrimiz vaxtı uşağın atası və ya hər hansı bir qohumunda belə bir problemin olduğuna rast gəlmişik. Yenə də bunda ilişib qalmamaq lazımdır. Çünki həmin valideyn və ya qohumun nitqində inkişaf gedə bilər, amma bu uşaqda da belə olacaq deyə də düşünmək olmaz.
- Valideyn uşaqda nitq probleminin olmasını necə anlaya bilər?
- Valideyn öz övladının nitqini başqa uşaqların nitqi ilə qarşılaşdırarkən onun nitqinin digər uşağa görə geri qalmasını başa düşür. Diqqətli valideyn bunu daha tez anlaya bilir və bundan duyuq düşən kimi ilk növbədə mütəxəssislərlə məsləhətləşməlidir. Çünki bunun arxasında hər hansısa bir diaqnoz dura bilər. Ona görə vaxt itirmədən mütəxəssisə müraciət etmək və ona uyğun davranmaq lazımdır.
- Bu problemlər nə zaman aradan qaldırılmalıdır?
- Bu tip uşaqlarla nə qədər erkən yaşdan məşğul olunsa, o qədər çox və dərindən nəticə verə bilər. Eyni problemlə uşaq daha böyük yaşlarda mürəciət olunarsa, onun korreksiyası daha uzun çəkir. Ona görə də, erkən müraciət olunmalıdır ki, problem daha tez aradan götürülsün. Ən əsası isə öz yaşıdlarına daha tez çata bilsin. Fərqi yoxdur hansı diaqnozun nəticəsi olsun, bu ləngimə də ola bilər, zəka geriləməsi də ola bilər, autizm də ola bilər. Nə qədər erkən yaşdan məşğul olunsa, daha böyük faizlə nəticə əldə etmək olar. Xüsusilə qeyd edək ki, uşaqlarda 2-3 yaş arası "qızıl dövr" deyilən bir dövr var. Uşağın nitqində ən həlledici dövr o dövrdür. Yəni o dövrü itirsək 2-3, maksimum 3-4 yaş ondan sonra onu bərpa etmək daha gec olur, daha uzun çəkir. "Beyin elastikliyi" deyilən bir şey var. O elastiklik artıq 5 yaşda tamamlanır. Ona görə də 5 yaşa kimi bir çox problemi həll etmək lazımdır. Bir çox nitq problemi 5 yaşa kimi tamamlanır. Nə qədər bacarırıqsa, 5 yaşa kimi uşağın problemlərini aradan qaldırmağa çalışırıq.
- Uşağı nitq problemlərindən necə uzaq tutmaq olar?
- Valideyn uşaqla çox vaxt keçirməlidir. İnkişafetdirici oyunlar çox oynamalıdır. Çox ünsiyyətdə olmalıdır. Texnologiyadan maksimum dərəcədə uzaq tutulmalıdır. Uşaqla ən əsası uşaq dilində danışlmamalıdır. Onunla böyük kimi danışılmışdır ki, o da səsləri o formada eşidib elə də geri qaytarsın.
- Bəzi səslərin düzgün tələffüz olunmaması uşağın nitqinə necə təsir edir?
- Uşağın 5 yaşa kimi səsləri düzgün ifadə etməməsi normaldır. 5 yaşdan sonra uşaqlarda olan bütün səs qüsurları aradan qalxmalıdır. Əgər qalxmırsa, mütəxəssisə müraciət edilməlidir. Çünki 5 yaşdan sonra uşaq məktəbəqədər dövrə girir. Və məktəbəqədər dövrdə o, oxu və yazını, hərfləri öyrəndiyi vaxt səsləri düzgün tələffüz etmirsə, düzgün yaza da bilmir. Məsələn, "Rəna" yerinə "Yəna" deyirsə, elə də yazır. Bu səbəbdən 5 yaşına kimi ya da 5-6 yaş arası bu səs qüsurları mütləq aradan qaldırılmalıdır. Yuxarı yaşlarda bu problemlə rastlaşılıb bizə müraciət ediləndə həm onların səsi, həm də yazıda səhv etdiyi hərfi düzəltməli oluruq. Bu halda proses daha uzun çəkir. Bu problem irəlilədikcə qrup daxilində və ya məktəb yoldaşları arasında onlara göstərilən hər cür mənfi  münasibət məktəb yaşlı uşaqlarda kompleks yaradır. Bu baxımdan həmin uşaqların problemlərinin üstünə nə qədər tez düşülərsə, bir o qədər tez yol qət edilmiş olar.
- Böyüklərin uşağın nitqinin inkişafı üçün hansı addımları atmalıdır?
- Onların uşağın inkişafında çox böyük rolu var. Birinci, çox ünsiyyət qurulmalı. Basqın bir səs tonu ilə daha kiçik yaşlardan onlarla danışmalı. Yenə də texnologiyadan maksimum dərəcədə uzaq tutulmalı, xüsusilə nitq problemi olan uşaqla iki dildən istifadə edərək ünsiyyət qurulmamalıdır. Bunu xüsusən qeyd edək, nitq qüsuru olan uşağa iki dil öyrətmək ona böyük zərbədir. Bizim yaşda insanların dil öyrənməsi elədir ki, öncədən ana dilini yaxşı bilmiş oluruq, sonra ikinci dili öyrənirik. Yəni biz xarici dil öyrənərkən o dildə cümlə qurmadan əvvəl beynimizdə bizə doğma olan dildə o fikri qurur və ardından tələb olunan dilə tərcümə edirik. Uşaqda isə baza olmadığı üçün iki dili bilmək uşağa zərbə vurur. Uşaq bir dili səlis öyrəndikdən sonra biz ona ikinci, üçüncü dili öyrədə bilərik. Nitq ləngiməli uşaqlarda xüsusilə bir dil seçirik. Hansı ki, valideyn də o dildə danışır.
- Bir sıra nitq ləngiməsi probleminin səbəbi genetikdirmi?
- Yuxarı faizlə bəli, genetik ola bilər. Amma kənardan sosial təsirlərin də rolu az olmur. Pedaqoji baxımsızlığın da təsiri olur. Texnologiyanın da rolu çox böyükdür.
- Nitq problemi olan uşaq ilə işləmək sadəcə loqopedin işidirmi?
- Təbii ki, loqoped ona yön verir, istiqamət verir. Əgər uşaqların nitqində və başqa şeylərində problem görürüksə, həmən bir mütəxəssisə müraciət edib onun fikrini alırıq. Əgər mütəxəssis yönləndirirsə ki, erkən müdaxilə lazımdır biz artıq onunla bərabər çalışırıq. Loqopediyada elə şeylər var ki, onun texnikasını ancaq loqoped bilir. Və bunu valideynə öyrətdikdən sonra valideynə müəyyən tapşırıqlar verir. Bu tapşırıqlar əsasında və paralel iş nəticəsində uşağın nitqi inkişaf etməyə başlayır. Burada loqopedə, xüsusən isə valideynlərə böyük bir yük düşür. Məsuliyyət düşür. Məsələn, loqoped istiqamət verir, səsi çıxarmanın texnikasını, yollarını öyrədir. Əgər onlar arasında iş birliyi olmursa, tək loqoped çalışırsa, dərin nəticə əldə bilməyəcəyik. Bunu xüsusən vurğulamaq lazımdır ki, loqopedlərin ən böyük problemi tək tərəfli işləyə bilməməkdir. Valideynin burada məsuliyyəti boynundan atması onun övladını geri salır. Biz valideynin uşağına nə qədər dəstək olsaq da onun dəstəyi daha çox rol oynayır.
Aygün Zayidova

DİGƏR XƏBƏRLƏR

Top