Şirvanlı anatom-həkim, Məkkə və Mədinənin müftisi: Şəmsəddin İtaki (1572-1632)


Elm aləminin bu gün gəlib çatdığı inkişaf səviyyəsinə bəşər tarixi boyunca ortaya çıxan elmi biliklərin yekunu desək hər halda yanılmarıq. Bu minvalla bu gün tibb elmində, xüsusilə də mövzumuzla bağlı olaraq anatomiya sahəsində mikroskopik səviyyədə dəqiq biliklərə sahib olmağımızda yüz illiklər boyu əldə edilən elmi biliklərin bəhrəsi, çox sayda elm qəhrəmanının töhfəsi vardır. XVII əsrdə yaşamış, ilk şəkilli və Türk dilində anatomiyaya dair əsər yazmış əslən Şirvanlı Şəmsəddin İtaki də bir anatom-həkim olaraq bu elmin inkişafında mühüm töhfələr vermişdir.
Şəmsəddin İtaki 1572-ci ildə dövrün elm mərkəzlərindən biri olan Şirvanda dünyaya gəlmişdir. Şəmsəddin İtaki tibb, fəlsəfə, tarix, riyaziyyat və astronomiya kimi bir çox elm sahəsində araşdırmalar etmişdir. Şəmsəddin İtaki insan anatomiyasını anlamaq üçün bütün dünyada qaynaq olaraq göstərilən ilk türkcə və şəkilli anatomiya əsərinin müəllifidir. O bu əsərini 1632-ci ildə ömrünün sonlarına yaxın tamamlamışdır. Şəmsəddin İtaki bu əsərində Roma-Yunan elmi ilə Ərəb-Türk elmini bir araya gətirmiş, bu əsəri ilə hələ XVII əsrin əvvəlində neyroanatomiya (insan beyninin anatomiyası) və embriologiya (rüşeymin və ya embrionun inkişafını öyrənən elm sahəsi) elminin əsasını qoymuşdr.
Tale elə gətirmişdir ki, Şəmsəddin İtaki daha çox Osmanlı diyarında tanınmış, elmi meyvələrini 17-ci əsrin öndə gələn Osmanlı həkimlərindən biri olaraq qələmə almışdır. Şəmsəddin İtaki Şirvanda dünyaya gəlmiş, İtaki ismi isə onun türk və fars dillərində yazdığı şeirlərində istifadə etdiyi təxəllüsüdür. Anatomiya sahəsində yazdığı “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) adlı əsəri Osmanlı İmperatorluğunda qələmə alınmış ilk rəngli anatomiya kitabdır. O bu əsərində toxumalar (bir-biri ilə bağlı olan və orqanizmdə eyni vəzifələri görən eynicinsli hüceyrə qrupu), tənəffüs və həzm sistemləri kimi bədəndəki müxtəlif orqanlar və sistemlər haqqında ətraflı məlumat vermişdir. Şəmsəddin İtaki kitabında həm şərq, həm də qərb əsərlərindən istifadə etmiş, sinir sisteminin rəsmlərini şəxsən özü çəkmişdir.
Şəmsəddin İtaki “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) adlı əsərinin müqəddiməsində qeyd etdiyinə görə o ilk təhsilinə Quranı əzbərləyərək başlamışdır. Bundan sonra 20 ildən çox nəqli və əqli elmləri təhsil etmiş, tibb və əczaçılığa aid təməl əsərləri oxumuşdur. XVI əsrin sonlarında Şirvanda meydana gələn savaşlar və daxili qarışıqlıqlar zamanı Şəmsəddin İtakinin malları yağmalanmış, ailə üzvlərinin bir çoxunu itirmişdir. 1605-ci ildə Şirvanın xeyli hissəsini Səfəvi qüvvələri tərəfindən tutulmuş və bu səbəblə də Şəmsəddin İtaki Şirvandan ayrılaraq Osmanlıya köç etmək məcburiyyətində qalmışdır.
Qeyd edək ki, əlyazma əsərlər, arxiv materialları tədqiq ediləndə Səfəvilər dövründə Osmanlıya üz tutan, Osmanlı coğrafiyasına köç etmək məcburiyyətində qalan Şəmsəddin İtakidən başqa Hüseyin ibn Abdullah Şirvani, Nurəddin Məhəmməd Şirvani, Qasim Naxçıvani, Sədrəddin Şirvani, Məhəmməd Əmin Şirvani kimi bir çox alimin olduğunu görürük. Osmanlıya köç etmək məcburiyyətin qalan alimlərdən Qasim Naxçıvani “Risalə”sində qeyd etdiyinə görə Səfəvilər bölgəyə gəldikdən sonra xüsusilə alimləri və zahidləri hədəfə almış, onların həyatlarına qəsd etmişlər. Dövrün söz sahibi alimlərinin elm mərkəzlərinin, mədrəsələrin qapısına qıfıl vuraraq öz ata-baba torpaqlarını tərk etmək məcburiyyətində buraxılmaları bu dövrün sosial-ictimai həyatında böyük bir qırılma nöqtəsinin varlığından xəbər verir. Həmçinin Səfəvilər dövründə Azərbaycanın müxtəlif bölgələrindən, elm mərkəzlərindən alimlərin, şair və sufilərin toplu şəkildə Osmanlıya köç və hicrət etmələri araşdırılması gərəkən mühüm mövzulardan biridir. Kim bilir, bu zaman elə başda Şəmsəddin İtaki olmaqla neçə-neçə alimlərimizin varlığından xəbərdar olacağıq...
Həm tarixlərin müqayisəli təhlili, həm də “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərinə yazdığı ön sözdən aydın olduğu üzrə Şəmsəddin İtaki Osmanlı Sultanı IV Muradın dövründə yaşamışdır.
Şəmsəddin İtaki tibb sahəsində özündən əvvəl yaşamış alimlərin yolu ilə getmiş, İbn Sinanın əsərlərini oxuyaraq onun görüşlərini mənimsəmişdir. O bəzən xəstəliklərin təşhis və müalicəsində İbn Sinanın görüşlərinə yaxın, bəzən də  İbn Sinanın görüşlərinə yenilərini əlavə edərək təcrübə əsaslı özünə məxsus bir yol təqib etmişdir. “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərində verilən bilgilər o dövrdə mədrəsələrdə verilən nəzəri anatomiya bilgilərinə nisbətən çox inkişaf etmiş səviyyədə idi.
Şəmsəddin İtaki müxtəlif mənbələrdən götürdüyü 30-dan çox anatomik təsviri əsərinə əlavə eləmiş, şərq və qərbin həkim və alimlərinin əsərlərindən istifadə edərək türk dilində bir anatomiya kitabı yazmışdır. Həmçinin o əsərində bir çox tibbi termini Türk dilində vermişdir.

Qərb tibb elmindən təsirlənən ilk Osmanlı həkimlərindən biri olan əslən Şirvanlı Şəmsəddin İtakinin XVII əsrə aid “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərindən bir səhifə
Əslən Şirvanlı olan və buralardan Osmanlı coğrafiyasına köç etmək məcburiyyətində qalan Şəmsəddin İtakidən söhbət düşəndə bu zaman elm tarixçisi və fəlsəfəçi, professor Esin Kahya (1941-) xanımın adını zikr etmədən keçmək olmaz. Çünki aşağıda qeyd edəcəyim kimi Şirvanlı həkim Şəmsəddin İtaki və onun insan anatomiyasına dair əsəri haqqında bir sıra elmi araşdırmalar aparılmış olsa da, bu günə qədər Şəmsəddin İtaki haqqında ən əhatəli və dərin elmi araşdırmalar aparan məhz professor Esin Kahya xanımdır.
Onu da qeyd edək ki, professor Esin Kahya Türkiyənin milli pul vahidi 5 türk lirəsi kağız əskinazının arxa üzündə rəsmi həkk olunan və dünyada elm tarixi sahəsidə ilk elmi ünvana sahib Aydın Sayılının tələbəsi olmuşdur. Esin Kahya Şəmsəddin İtakinin həyat və yaradıcılığına dair çalışmasını da məhz Aydın Sayılının elmi rəhbərliyində tamamlamışdır.

Şəmsəddin İtaki haqqında fəlsəfə doktoru elmi işi yazan Esin Kahyanın (1941-) elmi rəhbəri Professor Aydın Sayılının Türkiyənin milli valyutasının üzərinə həkk olunmuş rəsmi
Professor Esin Kahya Şəmsəddin İtakinin əsərini həm dərindən tədqiq etmiş, həm də bu əsəri ingilis dilinə tərcümə etmişdir. Bu tərcümə Şəmsəddin İtakinin “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) bu gün əldə olan yeddi ədəd əlyazma nüsxədən istifadə edilərək hazırlanmışdır. İngilis dilinə edilən bu tərcümə ilə yanaşı Professor Esin Kahyanın bu tərcümə üçün orijinal bir “Giriş” bölümü qələmə almışdır. Esin Kahya bu “Giriş” bölümündə anatomiya elmininin tarixi inkişafı haqqında ta paleolit dövrdən bu yana tarixi bir araşdırma ilə oxucuya Şəmsəddin İtakinin proses içərisindəki yerini çox gözəl bir şəkildə ortaya qoymuşdur. Professor Esin Kahya ingilis dilli oxucuları bu Şirvanlı böyük müsəlman elm adamı ilə tanış elədiyi üçün mənən borclu olduğumuz da ayrıca göz qabağındadır.

Professor Esin Kahya
Esin Kahyanın araşdırmasına görə XV əsrdə Osmanlı həkimləri kitablarını Türk dilində qələmə almışlar. Bunun nəticəsində də XVI əsrdə Türk dilində mükəmməl bir tibb lüğəti ərsəyə gəlmişdir. Bütün bunların işığında Osmanlı sultanı IV Murad Şəmsəddin İtakinin dəyərini görmüş və onu Harameynə (Məkkə və Mədinə şəhərlərinə) müfti təyin etmişdir.
Şəmsəddin İtaki bu əsərini əsasən Osmanlı Sultanı IV Murad və oğluna həsr etmiş, kitabın ərsəyə gəlməsi və tanınmasında vəzir Rəcəb Paşanın əməyi olmuşdur. Bu kitab bir çox cəhətdən əhəmiyyətlidir. Birincisi, kitabın mövzusu anatomiya elmi haqqındadır. Məlum olduğu kimi, Osmanlı dövründə anatomiyaya dair kitablara çox nadir rast gəlmək olardı. İkincisi, bu əsər Türk dilində qələmə alınmışdır. Şəmsəddin İtakinin bu əsərinin olduqca gözəl bir üslubu var. Əsərdə mövzulara görə terminoloji ifadələr həm ərəb, həm də türk dilində verilmişdir. Bəzən də terminoloji ifadələr fars və yunan dilində də verilmişdir. O bir orqanı təsvir edərkən əvvəlcə ərəb və türk, bəzən də fars dilində qarşılıqlarını göstərmişdir. Bu minvalla əsərdə anatomiya elminə dair olduqca geniş terminologiya bilgisi var. Üçüncüsü isə bu əsərdə anatomiyaya dair izah və şərhlər rəsmli bir şəkildə verilmişdir.

Esin Kahya əsərdəki şəkilləri üç qrupa ayırmışdır. Birinci qrup şəkillər Əhməd ibn Mənsurun anatomiya kitabındakı şəkillərə oxşayır və tipik İslami rəsm xüsusiyyətləri daşıyır. Necə ki, Şəmsəddin İtakinin əsərindəki skeletin, damarların və sinirlərin şəkilləri Əhməd ibn Mansurun əsərindəki şəkilləri bənzəyir. İkinci qrup şəkillərdə Avropa təsirini açıq şəkildə görmək olar. Misal üçün Andrey Vezalinin (1514-1564) “Fabrica” (İnsan orqanizminin quruluşu) əsərindəki tənəffüs və cinsiyyət orqanı sistemləri, həmçinin beyin və əzələ ilə bağlı rəsmlərlə Şəmsəddin İtakinin əsərindəki eyni rəsmlər arasında sıx əlaqə və bənzərliklər görmək olar. Buradan aydın olduğuna görə Şəmsəddin İtaki Vezalinin kitabını görmüşdür. Ancaq Şəmsəddin İtakinin kitabında bu rəsmlər təsadüfi şəkildə deyil, mövzulara görə yerləşdirilmişdir. Qeyd edək ki, Şəmsəddin İtsakinin bu əsəri Osmanlı-Avropa arasındakı elmi əlaqələrinin mövcudluğunu göstərməsi baxımından da əhəmiyyət daşıyır. Üçüncü qrup şəkillər isə müəllifin özü tərəfindən çəkilmişdir. Bunlar ikinci qrupda olduğu kimi daha keyfiyyətli rəsmlər deyildir. Bu şəkillər mövzu ilə əlaqəli olduğu üçün müəllif tərəfindən mətnə daxil edilmişdir.
Şəmsəddin İtaki hər nə qədər insan bədənini özündən əvvəlki Berqamalı Qalen, İbn Sina və İbn Nəfis kimi ilk anatomistlərin izah və şərhlərinə əsasən təsvir etsə də, nisbətən müasir dövrə aid edilən Andrey Vezalinin (1514-1564) “Fabrica” (İnsan orqanizminin quruluşu) əsəri ilə də tanış olmuş və ondan da təsirlənmişdir. Bu məqam da bizə onun əsəri vasitəsilə Osmanlı tibb elmi üzərində ilk Avropa təsirini göstərir. Şəmsəddin İtaki həkim olaraq insan anatomiyasını tədqiq eləmiş, öz görüşlərini kitabda orqanları təsvir edərkən açıqlamışdır.
Elm tarixçisi Esin Kahya XVII əsrin ilk yarısından etibarən Osmanlı tibb elmində Avropanın təsirlərinin göründüyünü qeyd edir. Esin Kahya bu təsirə bariz bir misal olaraq da məhz XVI əsrin sonları, XVII əsrin başlarında yaşamış Şəmsəddin İtakinin (1572-1632) “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərini göstərir. Tarixçi və həkim Adnan Adıvar (1882-1955) "Osmanlı Türklerinde İlim" adlı əsərində bu əsərin Əhməd İbn Mənsurun XV əsrdə qələmə aldığı “Təşrihi-Əbdan” (İnsan Anatomiyası) adlı əsərinin tərcüməsi olduğunu iddia etsə də hər iki kitab müqayisəli bir şəkildə təhlil ediləndə bu iddianın doğru olmadığı ortaya çıxır.
Əhməd ibn Mənsur əsərində mövzulara nisbətən səthi yanaşmış, məsələləri təfsilatlı ələ almamışdır. Xüsusilə əzələ sistemi ilə bağlı bölümdə bunu bariz şəkildə görmək olar. Şəmsəddin İtaki isə mövzuları təfsilatlı bir şəkildə işləmişdir. Hər iki anatom-həkimin kitablarında mövzu gərəyi bir bənzərlik olsa da, müxtəlif mövzuların ələ alınışı və tədqiq ediliş şəkli Şəmsəddin İtakinin kitabının tərcümə olmadığını göstərir.

Şəmsəddin İtakinin “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərininin iki səhifəsi
Şəmsəddin İtaki sinir sistemindən bəhs edəndə mətnin yan tərəfində və ya sinir sistemi ilə bağlı açıqlamanın sonunda həmin sinirlərin bədəndə yayılmasını göstərən şəkli vermişdir. Bu şəkillərin bənzərinə nə o dövrün digər müəlliflərində, nə də İslam dünyasındakı anatom-həkimlərin əsərlərində rast gəlmək olar. Buradan aydın olur ki, müəllif həmin şəkilləri məhz özü çəkmişdir. Bu görüşü qüvvətləndirən digər bir məqam da mətndəki açıqlamalar ilə bu şəkillərin bir-birilə uyğun gəlməsidir.
Şəmsəddin İtakinin əsərindəki rəsmlərin anatom-həkim Andrey Vezalinin (1514-1564) “De corpore humani fabrica libri septem” (İnsan orqanizminin quruluşu haqqında yeddi kitab) adlı əsərində olduğu kimi peşəkar əl qabiliyyəti ilə çəkilməməsi olduqca təbiidir. Çünki Andrey Vezalinin kitabındakı anatomik rəsmləri dövrün məşhur rəssamları çəkmişdir. Halbuki eyni imkan eyni dövrdəki Osmanlı elm adamları üçün mövcud deyildi.
Həyatında sıxıntılı zamanlar keçirən və bir ara Şirvandan ayrılan, ancaq getdiyi yerlərdə də dəyəri bilinməyən Şəmsəddin İtaki, elmə və elm xadiminə qarşı bu laqeydliyə görə kədərlənmişdir. Şəmsəddin İtaki Osmanlı Sultanı IV Muradın dövründə İstanbula gəlmişdir. O, tibb və təbiət elmləri haqqında dərin bilgisinə baxmayaraq ömrünün səmərəsiz keçdiyini düşünürdü. Necə ki, Şəmsəddin İtaki “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərində sahib olduğu tibbi və təbii elmləri “Dərsxanei-İdris”də öyrəndiyini, həkim olduqdan sonra uzun müddət unutulduğunu qeyd etmişdir.
Çox yaxşı tanıdığı və təqdir etdiyi şəxslərdən olan dövrün mühüm alimləri İbrahim Əfəndi və Əli Əfəndi Şəmsəddin İtakini Türk dilində bir anatomiya (təşrih) kitabı yazmasını təşviq etmişlər. Şəmsəddin İtaki də həkim və filosof olan bu şəxslərin tövsiyyəsi üzrə bu kitabını qələmə almışdır. O, “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsəri üçün 20 ildən çox vaxt sərf etmişdir. Şəmsəddin İtaki bir cövhər və dəyərli bir elm adamı olmasına baxmayaraq 50 yaşına qədər bəxtsizlik içərisində həyat sürmüş, 60 yaşında xəstəlik və ixtiyarlıqla üzləşdiyində ölümün çox yaxın olduğunu hiss etmiş, dünyəvi qayğılara görə üzülmənin boş və mənasız olduğunu anlayaraq həccə getmişdir. Bu zaman Şəmsəddin İtakiyə Osmanlı Sultanı IV Murad tərəfindən “Şeyxul-Harameyn” vəzifəsi verilmişdir.
Şəmsəddin İtakinin Şeyxul-Harameyn, yəni Məkkə və Mədinə şəhərlərinin şeyxi (müftisi) təyin edilməsi onun həm də dini elmlərdə də sözün həqiqi mənasında söz sahibi, dini bilgilərə dərindən bələd olduğunu göstərir. XVII əsrdə Şirvanda böyüyən, ilk təhsilini buradakı mədrəsələrdə alan Şəmsəddin İtaki anatomiya alimi olaraq tanınıb bilinsə, bu sahədə kitab yazsa da o həm də Məkkə və Mədinə kimi müsəlmanların iki əsas müqəddəs şəhərində şeyx (müfti) olacaq qədər din alimi idi. Beləcə Şəmsəddin İtakiyə verilən bu iki kəliməlik “Şeyxul-Harameyn” (Məkkkə və Mədinənin şeyxi) adı 3-4 əsr əvvəl Şirvan və Şamaxı daxil olmaqla müsəlman ölkələrindəki alimlərin həm dini həm də dünyəvi elmlərə birgə sahib olduqlarını göstərir.
Ahmet Acıduman və Berna Ardanın həmmüəllifi olduğu “Türkçe Tip Eserlerinde Kadın Genital Sistemi Anatomisi Üzerine: XIII-XVIII Yüzyıllar” başlıqlı məqalədə Şəmsəddin İtakinin çalışmalarına da geniş yer verilmişdir. Bu məqalədə qeyd edildiyinə görə anatomiya təhsilinin “mədrəsə dövrü” olaraq da adlandırılan bu zaman dilimində qələmə alınmış tibb əsərlərində qadın genital orqanının anatomiyası haqqındakı bilgilər son dərəcə məhdud idi. Bu dövrlərdə Osmanlı tibb ədəbiyyatında bu mövzuda bilgilər təfsilatdan uzaq və hardasa adlardan ibarət və bir neçə sətirdən ibarət idi. Ancaq XVII əsrdə yazılmış Türkçə anatomiya kitabı olan Şəmsəddin İtakinin “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərində digər kitablar ilə müqayisədə bu haqda olduqca geniş bir bölümə yer verilmişdir.
Qonşu Türkiyədə son on ildə Şəmsəddin İtakinin adının yaşadılması ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, Şəmsəddin İtakinin adı tibb termonilogiyasına daxil edilmiş, bir şəxsin xəstəliyə bağlı olaraq müvazinətini itirərək yerə yıxılması və bu yıxılmanın şiddəti, həmçinin xəstəyə verəcəyi zərərlə bağlı yıxılma risqinin hesablanması şkalasına “İtaki düşme riski ölçeği” adı verilmişdir. Ortaya qoyulan bu hesablama şkalası (İtaki düşme riski ölçeği) xəstələrin yıxılmalarına səbəb olan risk faktorlarını əhatə edən cəmi 19 risk faktorundan ibarətdir.

Şəmsəddin İtakinin adı ilə bağlı həkimlər ya da ümumiyyətlə tibb işçiləri tərəfindən xəstəxanalarda doldurulan 19 risk faktoruna aid bir cədvəl.
Şəmsəddin İtaki kimi bu torpaqlarda dünyaya gəlmiş, müəyyən səbəblərə görə vətənindən uzaq düşmüş bu dəyərli insanların Azərbaycanda da tanınması və adlarının yaşadılmasını təmənni edirik. 
 
Nazim Mustafayev 
 
Qeyd: Yazının hazırlanmasında aşağıdakı elmi araşdırma və məqalələrdən istifadə edilmişdir:
https://docplayer.biz.tr/30574216-Semseddin-i-itaki-nin-resimli-anatomi-kitabi-dr-esin-kahya.html
https://dergipark.org.tr/en/download/article-file/643676
https://dergipark.org.tr/tr/download/issue-file/19425
https://eurjther.com/content/files/sayilar/2/buyuk/3.pdf
https://history.uroturk.org.tr/hekim-ve-anatomist-semseddin-itaki/
https://islamansiklopedisi.org.tr/semseddin-i-itaki
https://www.biyografya.com/biyografi/7159
http://www.turkailehekderg.org/makaleler/editore-mektup/semseddin-i-itaki-itaki-dusme-riski-olcegi-hakkinda-bilgi-notlari/
https://tez.yok.gov.tr/UlusalTezMerkezi/tezSorguSonucYeni.jsp

DİGƏR XƏBƏRLƏR

Top