Xəbər verdiyimiz kimi, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Gürsel İsmayılzadə daha əvvəl də Azərbaycanın Yaponiyadakı səfiri olub. 16 avqust 2011-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunan Gürsel İsmayılzadə Prezidentin 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə vəzifəsindən geri çağırılıb.
Məlumat üçün bildirək ki, 14 aylıq fasilədən sonra yenidən Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunan Gürsel İsmayılzadə eyni zamanda ölkə Prezidentindən sonra dövlət büdcəsindən ən yüksək maaş alan ikinci şəxs olub. Bekə ki, Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (6 202 dollar) maaş alır. Eyni zamanda bu vəsaitin üzərinə əməkhaqqının 25%-i məbləğində aylıq təmsilçilik xərci də əlavə edilir. Bu isə o deməkdir ki, Yaponiyadakı səfirimizin aylıq əmək haqqı 7752,5 dollar və ya mövcud məzənnə ilə 13 180 manat səviyyəsindədir.
Onu da qeyd edək ki, Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub.
1992-93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib.
1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph.D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.
2010-11-ci illərdə Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri, nazirin katibliyinin müdiri və nazirin köməkçisi vəzifələrində çalışıb.
İngilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var.
Diplomatımızın atası isə görkəmli alim Qüdrət Seyfulla oğlu İsmayılzadədir. 1934-cü il təvəllüdlü Q.İsmayılzadə tarix elmləri doktoru, professor, BDU Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiridir.
A. Cəfərov