Pnevmoniya haqqında nə bilirik, ölümə səbəb ola bilərmi?


Pnevmoniya ağciyərin tez-tez təsadüf edilən xəstəlik növüdür. Bu əsasən yaşlılar, xronik xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər. Bundan başqa pnevmoniyaya cavan və sağlam insanlarda da rast gəlinir. Bəs bu xəstəliyin yaranma səbəbləri nələrdir? Daha çox kimlər bu xəstəliyə yoluxur?
Yeniavaz.com xəbər verir ki, pnevmoniyanın krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur. Bir çox pnevmoniyalar qəfil əmələ gəlir, sinədə ağrı, yüksək hərarət, öskürək, bəlğəmlə və təngnəfəsliklə xarakterizə olunur.
İnfeksiya adətən soyuqdəymə və qripdən sonra yaranır. Antibiotiklərin bakterial pnevmoniyaları müalicə etməsinə baxmayaraq bəzi antibiotikə davamlı bakterial pnevmoniyalar ağır keçir.
Pnevmoniyanı təyin etmək adətən çətin olur. Çünki, pnevmaniya soyuqdəyməyə oxşar simptomlarla müşahidə olunur və xəstələr adətən daha ağır halda olduqlarının fərqində olmurlar. Döş qəfəsində ağrı bir çox pnevmoniyalarının ümumi simptomudur. Pnevmoniya simptomları onun törədicisindən asılı olaraq dəyişə bilir. Pnevmoniyaların təxminən 50 faizi viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla başlayır. Adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, halsızlıq kimi simptomları var. Xəstəlik inkişaf etdikcə təngnəfəslik əmələ gəlir, az həcmdə olan ağ və ya rəngsiz bəlğəmlə xarakterizə olunur. Virus mənşəli pnevmoniyalar zamanı ikincili olaraq bakterial pnevmoniyalar da əmələ gəlir. Ciddi pnevmoniya həyati təhlükə yarada bilər. Əgər öskürək, təngnəfəslik, sinədə ağrı, qızdırmanız varsa mütləq həkimə müraciət edin.

Risk qrupuna daxildir:
- 65 və daha çox yaşı olanlar;
- 2 yaş və daha kiçik uşaqlar;
- Müəyyən xəstəliyi olanlar. AİDS, xronik ürək-ağciyər, emfizema, diabet və s.
- Siqaret və alkoqol;
- Kimyəvi maddələrlə və zəhərlərlə kontakda olan müəssisələrin işçiləri;
- Cərrahi əməliyyata məruz qalmış xəstələr.

Profilaktika
Adətən xəstəlik sizin immun sisteminizin zəifliyindən əmələ gəlir. Bunu qarşısını almaq üçün:
- Vaksinasiya olunun;
- Əllərinizi yuyun;
- Siqaret çəkməyin;
- Düzgün qidalanın;
- Çoxlu dincəlin;
- Çoxlu maye qəbul edin.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top