Koronavirus daşıyıcıları xəstəxanada bu cür saxlanılır - Baş infeksionistdən AÇIQLAMA


İki ay müddətində dünyanın 50-dən çox ölkəsində yayılan koronavirus təhlükəli həddə çatıb. Bir çox ölkədə karantin tədbirləri görülüb. O cümlədən Azərbaycanda da koronavirusa qarşı bəzi addımlar atılıb. 186 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Bəs koronavirus xəstələri və şübhəliləri palatalarda necə saxlanılır?
Müalicə metodları necədir?
Həmin xəstələr üçün xüsusi tədbirlər görülürmü?
Bütün bu mövzuları Azərbaycanın Baş infeksionisti Cəlal İsayevlə danışdıq.

Cəlal İsayev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, insanlar koronavirus səbəbilə həddən artıq təşvişə düşürlər: "Koronavirus xəstələri palatada normal infeksion xəstələr kimi saxlanmalıdır. Bu virus haqqında çox ajiotaj qaldırıblar, çox təşvişlə danışırlar. Guya ki, insanların hamısı koronavirusdan qırılır. Belə bir şey yoxdur. Ölənlər daha çox Çindədir və 3-3,5 faizi aşmır. Ölənlərin 80-faizi yaşlı insanlardır”.
Baş infeksionist bildirdi ki, bu xəstəlik xroniki və digər xəstəlikləri olan insanlarda ağır keçir:
"İstər xroniki, istər qan-damar sistemində, istər digər orqanlarda olan xəstəliklər olsun, bir orqanizmdə xəstəlik varsa bu virus da qoşulan kimi ağırlaşır. Koronavirusa yoluxan şəxs normal izolyasiya şəraitində palataya qoyulur və müalicə edilir. Ağırlaşması isə pnevmaniyanın inkişafına səbəb olur. Çox ağırlaşarsa ölümlə nəticələnə bilir. Yüngül hallarda həmin virus aşkarlandıqda isə müalicə ilə sağalır. Qeyd edim ki, bunun üçün təzə bir palata hazırlamaq, xüsusi tədbirlər görməyə ehtiyac yoxdur. Onsuz da bütün xəstəliklərin yayılmasının qarşısının alınması üçün xəstəxanalarda tədbirlər görülür".
Cəlal İsayev bu cür xəstələri müalicə edən həkimlərin geyindiyi xüsusi geyimlərdən də danışdı. Baş infeksionistin sözlərinə görə, burada qeyri-adi heç nə yoxdur. İstənilən güclü virus daşıyıcısı olan xəstələrin müalicəsi zamanı bu cür geyimlərdən istifadə edilir və bu xüsusilə koronavirusa aid bir geyim deyil:
"Bunlar kəskin respirator virus infeksiyalarıdır. Adi qriplə belə bir ağır xəstələnə bilirik. Bütün viruslara qarşı bu cür geyimlərdən istifadə edilir. Bu virusu çox qabartmaq, insanları çox təşvişə salmaq lazım deyil. Kim koronavirusa yoluxubsa xəstəxanada normal xəstələr kimi yatır, müalicə alıb gedir. Bu virus sadəcə təzə yayılmağa başlayıb deyə insanlar qorxur. Xüsusilə daha çox Çində rast gəlinməsinin əsas səbəblərindən biri orada əhalinin sıx yaşamasıdır. Belə yerlərdə istənilən virusun sürətlə yayılması asanlaşır. Uhan şəhərinin əhalisi Azərbaycandan çoxdur. Koronavirusun orada yayılması üçün münbit şərait var".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top