"Lazım gəlsə, maaşsız və qonorarsız çalışacağıq" – Sona Vəliyevadan AÇIQLAMA

“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) sözügedən nəşri dövlət maliyyəsi alan qəzetlərin siyahısından çıxarmasına münasibət bildirib. 

Sona Vəliyeva siyahıdan yalnız “Kaspi” qəzetinin çıxarılmasına diqqət çəkərək nəşrin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalmasını yolverilməz olduğunu vurğulayıb. “Hər iki qəzetin çoxsaylı kollektivi dünən ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladı. Cənab İlham Əliyevin hər zaman Azərbaycan mətbuat işçilərinə qarşı yüksək qayğı və diqqət göstərdiyi hamımıza məlumdur. Jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması üçün mənzillərin tikilməsi, medianın inkişafı üçün yüksək məbləğdə vəsaitin ayrılması buna sübutdur. Geniş islahatların başlandığı, dövlətin inkişafının mediada geniş təbliğ olunduğu zamanda jurnalistlərin dostu olan cənab Prezident İlham Əliyevin, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevanın bizim bu müraciətə müsbət cavab verəcəyinə inanırıq”, - deyə Sona Vəliyeva əlavə edib.

Qəzetin təsisçisi daha sonra bildirib: “Kaspi” tarixi taleyi və ənənəsi olan bir qəzetdir. 1881-ci ildə işıq üzü görərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında vətənpərvər ziyalıların tribunası rolunu oynayıb. Məhz buna görə “Kaspi” qəzeti həm də “Üç əsrin qəzeti” adlanır. Bu qəzetdə Ə.Topçubaşov, H.Zərdabi, Ə.Hüseynzadə, M.Şahtaxtı kimi vətənpərvər ziyalılar baş redaktor kimi çalışıblar.

1999-cu ildə müstəqil Azərbaycan mediasının inkişafının ilk mərhələlərində ulu öndər Heydər Əliyevə müraciətimiz onun xeyir-duası ilə cavablandı və bu qəzet öz tarixi fəaliyyətini bərpa etdi. O vaxtdan Azərbaycan dövlətçiliyinin təbliğində böyük rol oynayaraq, bu günə qədər qüsursuz və nöqsansız fəaliyyət göstərib. Qəzetin saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyətdədir. Eləcə də artkaspi.az ədəbiyyat saytımız da var. Hazırda qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə axşamı günləri “Teatr”, cümə günləri “Gənclik”, şənbə günləri “Ədəbiyyat” əlavələri nəşr olunmaqdadır. «Kaspi» gündəlik rəngli formatda, həftəarası günlərdə 16 səhifə, şənbə günü isə 24 səhifə rəngli çap olunur.

2019-cu ildə qəzet 3800 tirajla çıxıb.

“Kaspi” qəzeti bu günə qədər Azərbaycan dövlətinin inkişafı ilə bağlı tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği mövzusunda müxtəlif layihələr həyata keçirərək, 20-dən artıq kitab çap edib. Biz düşünürük ki, mətbuat azadlığının genişləndiyi, dövlətin yaradıcı ziyalılara, jurnalistlərə, media və azad sözə qayğısının günü-gündən artdığı bir dövrdə “Kaspi” kimi tarixi ənənəyə sahib bir qəzetin bağlanması ölkənin media siyasəti haqqında heç də yaxşı fikir yaratmır. Bu addımı atanlar, bu təşəbbüsdə olan məmurlar, KİV DF və digərləri bu qərarı qəbul etməzdən əvvəl müəyyən sorğu aparmalı, ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin fikrini öyrənməli və sonra bu fikirləri müvafiq olaraq cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmalı idilər. Biz inanmırıq ki, prezident İlham Əliyev və Mehriban xanım bu cür tarixi ənənələrə bağlı bir qəzetin bağlanmasını və ya heç bir tarixi olmayan, heç bir ənənəsi olmayan bəzi qəzetlərin fəaliyyətini davam etdirməsini dəstəkləsinlər. Biz “Kaspi” qəzetinin yaradıcı heyəti, təsisçi olaraq mən də daxil olmaqla, yardım göstərilməyəcəyi təqdirdə belə, bütövlükdə köməyimizi əsirgəməyərək, lazım gələrsə bu “Könüllülər ilində” qəzetdə maaşsız və qonorarsız çalışacağıq. Necə ki zamanında Hacı Zeynalabdin Tağıyev bu qəzeti alaraq ölkə ziyalılarına təqdim etmiş, o ziyalılar isə bu qəzeti yaşatmaqda öz səylərini əsirgəməmişdir. Lazım gələrsə, mən də bu qəzetin təsisçiliyindən imtina edərək qəzetin taleyini ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin ixtiyarına verməyə hazıram. Yetər ki, tarixə və ənənəyə sahib bu qəzet bağlanmasın, fəaliyyətini dayandırmasın”.

Sona Vəliyeva Prezidentin keçmiş köməkçisi Əli Həsənovun xanımıdır. Bəzi iddialara görə, KİVDF-nin qəzetə bu münasibətinin kökündə Əli Həsənovun işdən çıxarılması dayanır. (Yenisabah)

DİGƏR XƏBƏRLƏR

Top