30-dan çox elmin alimi, poliqlot: əl-Biruni


Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni 973-cü ildə Xarəzm yaxınlığında dünyaya gəlmişdir. Bir çox araşdırmaçı Birunini, Xarəzmin yaxınlığında yaşayan türklərdən olduğunu qeyd etmişdir. Ərəb və fars dillərini də mükəmməl öyrənmişdir. “Birun” kəlməsi fars dilində “çöl”, “xaric” mənasına gəlir. Bu minvalla bəzi müəlliflər “Biruni” kəliməsini “kənardan gələn” “bir ölkənin paytaxtı, ya da mühüm böyük şəhərlərinin xaricindən gələn şəxs” mənasında başa düşmüşlər.
Yeniavaz.com xəbər verir ki, Biruni ilə İbn Sina Buxara şəhərində görüşmüşdür. Bu zaman Biruni 24, İbn Sina isə 17 yaşında olub. Biruninin öz əsərində “fəzilət sahibi bir gənc” adlandırdığı İbn Sina ilə daha sonralar sual-cavablı yazışmalar etməsində hər halda bu ilk tanışlığın rolu var idi. Biruni ilə İbn Sina “İşığın sürəti ölçüsüzdür (lə mütənahi), yoxsa işığın sürətini ölçmək mümkündürmü?” mövzusunda müzakirələr aparmışlar. Dünyanın öndə gələn İslam elm tarixçisi Fuat Sezgin (1924-2018) bu iki düha arasında məhz bu müzakirəyə işarə edərək bugünün müsəlman ölkələrində bu cür elmi-fəlsəfi müzakirələrin hələ də baş vermədiyini demişdir. Əslində bu sual və müzakirələr Biruninin yaşadığı dövrü və o dövrdəki yeri və əhəmiyyətini açıqca bizə göstərir.
Biruni yazdığı bir şeirdə belə deyirdi:
“Allaha and olsun ki, nəsəbim haqqında heç nə bilmirəm.
Babamı o qədər də yaxşı tanımıram.
Heç atamı tanıyıram ki, babamı da tanıyım?
Əslində mən yaşlı və ədəbsiz bir Əbu Ləhəbəm.
Anam da “həmmələtəl-hətab” (odun daşıyıcısı) idi”.
Biruni bu misralarda nəsəb və soy məsələsinə toxunaraq bir alim, bir fərd üçün bu kimi məsələlərin əhəmiyyət daşımadığını vurğulayır. “Odun daşıyıcısı” ifadəsi Quranda Əbu Ləhəbin xanımı haqqında işlədilir. Bununla da Biruni, "lap elə "həmmələtəl-hətab"ın (odun daşıyıcısının) oğlu olum, nə olar ki?" demək istəyib. Əsas mətləbi başa düşməyən bəzi yazarlar da bu məqamı yanlış anlamış, Biruninin anasının odun toplayaraq satan, bu yolla uşaqlarını boya-başa çatdıran yoxsul bir qadın olduğunu iddia etmişlər. Biruni doğrudanmı atasını tanımır və soyu haqqında heç nə bilmirdi? Anası həqiqətənmi odunçu idi? Biruninin öz həyatı ilə bağlı yazdıqlarına nəzər yetirəndə görmək olar ki, onun üçün bu sualların cavabı əhəmiyyət daşımır. Biruni, ehtimal ki, yuxarıdakı ironiyalı şeiri ilə nəsəb, soy, ya da ana-ata ilə öyünməyin gərəksiz və lüzumsuz olduğunu vurğulamaq istəyib.
Biruninin təbiət və müsbət elmlər sahəsindəki nailiyyətləri göz oxşadığı kimi, eyni nailiyyətləri sosial elmlər və dinlər tarixi sahəsində də əldə etmişdir. Biruninin elmi duruşu və obyektivliyinin bariz önə çıxdığı sahələrdən biri də dinlər tarixi sahəsidir. O astonomiya, riyaziyyat, həndəsə, fizika, kimya, tibb, əczaçılıq, tarix, coğrafiya, filologiya, etnoqrafiya, botanika, mineralogiya, dinlər və məzhəblər tarixi və s. kimi 30-a yaxın elm sahəsində tədqiqatlar aparmış, ixtira və kəşflər etmişdir. Bütün bu gərgin elmi fəaliyyətlə yanaşı Biruni həmişə dini həssaslığını qorumuşdur. Biruni tükənmək bilməyən araşdırma sevdası ilə məsələlərə həmişə obyektiv yanaşmağı, həmçinin çox səmimi dindarlığını eyni anda bir ömür boyu öz şəxsində toplaya bilmişdir.

Özbəkistanın tarix muzeyində Biruninin dünyaya gəlməsinin 1000 illiyi münasibətilə hazırlanmış xəyali rəsm.
Biruni Qəznə şəhərində Qiblənin təyin edilməsi üçün riyazi metod və hesablamalar ortaya qoymuşdur. O, bu əməlinə görə axirətdə savab əldə edəcəyini ümid etmişdir. Biruni Qiblənin təyini kimi müsəlmanlar üçün vacib məsələdə əldən gələni etməmənin nankorluq olacağını qeyd eləmişdir.
Nyutonun riyazi olaraq isbat etdiyi cazibə qanunu haqqında Biruni hələ 700 il əvvəl öz fikirlərini ortaya qoymuşdur. Hazırladığı teleskoplar ilə müşahidələr aparan və planetlərin günəş ətrafında dövr etdiyini söyləyən Qalileydən də 600 il əvvəl “dünyanın fırlanması” fikrini Biruni müdafiə etmişdir. Dünya fırlanırsa, ağacların və daşların yerindən sovurulmadığını mərkəzdə bir cazibə və çəkicilik qüvvəsi olması ilə izah etmişdir. Şimal, cənub, şərq və qərbin fərqli məkanlarda bir-birinə qovuşduğunu, dənizlərin arxasında bir torpaq parçasının (bugünkü Amerika) olduğunu demişdir.
Biruninin çalışmalarında bir sıra diqqətəlayiq xüsusiyyətlər görürük. Əvvəla, o məsələlərə müstəqil və tərəfsiz bir şəkildə yanaşır, müsbət elmə və ağıla uyğun olmayan təməlsiz görüşlərə qapılmırdı. Hadisələri tənqid süzgəcindən keçirir, yetəri qədər dəlil tapdıqdan sonra bir məsələ haqqında söz söyləyirdi.
YUNESKO-nun 25 dildə nəşr etdiyi “Conrier” jurnalı 1974-cü il iyun sayını Biruniyə həsr etmişdir. Qapaq şəklinin altına, “1000 il əvvəl Orta Asiyada yaşayan universal düha Biruni; astronom, tarixçi, botanik, əczaçı, geoloq, şair, mütəfəkkir, riyaziyyatçı, coğrafiyaçı və hümanist” yazılaraq tanıdılmışdır. Modern elmin atası kimi tanınan belçikalı alim Georges Sarton (1884–1956) da, XI əsrə “Biruni əsri” adını vermişdir.

Biruninin fiziki coğrafiyanın inkişafında danılmaz əməyi var. Şəhərlər arasındakı məsafələri ölçmüş, dünyanın diametri ilə bağlı çalışmalar etmişdir. Tibb elmində psixiatriya sahəsinə əhəmiyyət vermiş, səslə təlqin etmənin təsiri barədə danışmışdır. Dərmanlar haqqında bilgi vermiş, dərmanın faydası ilə yanaşı yan təsirini bilmənin müalicədə mühüm amil olduğunu bildirmişdir.
Müsəlmanların namaz vaxtları və oruc ibadəti üçün astronomiya elminə olan ehtiyac gün keçdikcə artırdı. Xəlifə Məmunun dövründən etibarən İslam dünyasında rəsədxanalar açılmışdı. Biruni bu rəsədxanaların açılmasına və fəaliyyət göstərməsinə öz töhfələrini vermiş, elmi və zehni əməyini burada da əsirgəməmişdir.
Biruni insanların həyatda xoşbəxtliyi əldə edə bilməmələrinin bir sıra səbəblərindən danışmışdır. Alimə görə, insanlar həsəd səbəbilə bir-birilərinin əllərində olan mallara göz dikir, bu da cəmiyyətdə hüzursuzluq meydana gətirir. Həmçinin Biruniyə görə, bir insanın öz inancını, məzhəbini və ya qəbiləsini digərlərindən üstün görməsi cəmiyyətdə ziddiyyət və anlaşmazlıq yaradır. Biruni xürafat və boş inancların insanlığın inkişafını önlədiyini və anlaşılmazlıqlar əmələ gətirdiyini vurğulayır.
Qəznəli Mahmud Hindistanın böyük bir hissəsini fəth etdikdən sonra Biruni hind mədəniyyəti ilə sıx təmasa keçmişdir. Belə ki, XI əsrin mühüm müsəlman hökmdarlarından olan Qəznəli Mahmud Hindistana səyahət edəndə elmə və öyrənməyə bitməz-tükənməz həvəsi olan Birunini də yanında aparmışdır. Biruni 1017-1030-cu illərdə Hindistanda yaşamış və bu dövr ərzində məşhur kitabı “Təhqiqu mə lil-hind” əsərini yazmışdır. Biruninin “Təhqiqu mə lil-hind” əsəri hindologiya sahəsində yazılan ilk ciddi əsər hesab olunur.

Biruni hind mədəniyyətinə dərindən bələd idi. Bu səbəblə də əminliklə qeyd edir ki, müsəlmanlar başqa heç bir qaynağa müraciət etmədən bütün hind inanc sistemini, ritual və ayinlərini onun əsərindən öyrənə biləcəklər.
Biruninin digər dinləri xüsusi bir cəhdlə araşdırması, bununla yanaşı dinləri obyektiv dəyərləndirə bilməsi, ona inanc fenomenini elmi şəkildə incələmə və fərqli dinlər arasında müqayisələr apara bilmə imkanı vermişdir. Biruninin yaşadığı dövrdə bir-birinin dinləri ilə maraqlanan fərqli dinlərə mənsub alimlər bu araşdırmalarında obyektiv qala bilməmişlər. Buna səbəb isə cəmiyyət tərəfindən maraqlandıqları həmin dinə meyl etmək, ya da o dinə inanmaqla ittiham edilməkdən çəkinmələri idi. Fərqli elm sahələrində söz sahibi olan Biruni, sadəcə bir din haqqında öz görüşlərini demir, eyni zamanda o dini olduğu kimi təqdim etməyə çalışırdı. Bu metodu ilk dəfə tətbiq edən də məhz Biruni olmuşdur. Biruninin Hindistanda olduğu dövrdə qələmə aldığı “Təhqiq mə lil-hind” əsəri dinlər tarixinə dair əsər olmasa da, bu sahədə ediləcək çalışmalar üçün sağlam metodologiya və nümunələr qoymuşdur. Bir sözlə, Biruni dinlər tarixi kimi bir sahədə araşdırma edəndə öz dini duyğularını önə çıxarmamış və obyektivliyini qorumağa çalışmışdır.
Biruni fərqli din və mədəniyyətləri araşdırmaq üçün xarəzm (özbək dilinin oğuz dialekti), soğd (IX əsrə qədər ipək yolu üzərində danışılan ən önəmli dil), ərəb, fars, süryani, yunan, ibrani, və sanskrit (hint-ari dil qrupuna ain ən qədim dil) dillərini öyrənmişdir. Bunlardan ərəb, fars və sanskrit dillərini birindən digərinə tərcümə edə biləcək qədər yaxşı bilirdi.
Biruni “Təhqiqu mə lil-hind” əsərində hind dini düşüncəsinin Sind, Pəncab, Kabil və Qəznə kimi bölgələrdə hindularla birgə yaşayan müsəlmanlar tərəfindən anlaşılmasını asanlaşdırmaq və dini mövzularda hindularla müzakirə aparmaq və ya onlara yaxın olmaq istəyənlərə bilgi vermək məqsədilə yazıldığı anlaşılır. Ancaq Biruniyə görə, onun bu əsəri bir polemika məqsədi ilə yazılmayıb və polemika kitabı deyil. Bu səbəblə müəllif tərəfindən yanlış olduğu düşünülən hindu təlimlərinə etiraz edilməmiş, əks tesizlər irəli sürülməmişdir. Biruni bu əsərdə hindu rəvayətlərindəki bəzi tarixi tutarsızlıqlara işarə etməklə yanaşı, ümumiyyətlə hinduların inanclarını olduğu kimi anlatmış, gərəkli yerlərdə İslam və yunan düşüncəsi ilə hind düşüncəsi arasındakı bənzərlikləri müqayisə etmişdir.
Bir yanda Biruninin “Təhqiqu mə lil-hind” əsərində mənsub olduğu dini işin içinə qatmadan, obyektivliyi qoruyaraq müxtəlif din və inanclar haqqında məlumat verdiyini görürük. Bu zaman o həm də yeni bir elm sahəsinin prinsip və metodologiyasını da ortaya qoyurdu. Digər yanda isə Biruninin yaşadığı dövrdən 1000 il sonra Əfqanistanda 1500 illik tarixi olan və artıq dünya tərəfindən sənət əsəri kimi qəbul edilmiş Bamiya Bütlərini Biruni ilə eyni dinə mənsub olanlar tərəfindən 2001-ci ildə “din adına” dağıdıldığının şahid oluruq. Bu zaman ağıla istər-istəməz, “haradan haraya gəldik?” sualı gəlir. Demək ki, aradan min il keçsə də bir çox müsəlmən topluluğu Biruninin düşüncəsinə, dünyagörüşünə çata bilməmişdir.

Böyük və ya kiçik həcmdə 180 əsər qələmə alan Biruninin əsərlərinin 13000 səhifə tutduğu təxmin edilir. Ancaq günümüzə bu əsərlərin 20-si gəlib çatmışdır. Biruninin Azərbaycan türkcəsində, təəssüf ki, hər hansı əsərinə rast gəlmədik, ancaq bir sıra əsərləri Anadolu türkcəsinə tərcümə edilmişdir.

İlk dəfə Biruninin təməllərini atdığı dinlər tarixi sahəsini günümüz və ölkəmiz üçün də vacib sahə hesab etmək olar. Bu sahədə ölkəmizdə bu günə qədər mütəxəssis səviyyəsində iki əlin barbaqları qədər insanın olmadığı da bir başqa acı gerçəkdir. Ölkəmizdə alban məbədlərinin, atəşpərəstliklə əlaqəli yerlərin, türbə və qəbir daşlarının araşdırılması, hətta bu kimi məbəd və abidələrə yanaşma tərzi və s. kimi məsələlər arxeoloqların, tarixçilərin işi olmaqla yanaşı, həm də dinlər tarixçisinin işidir. Biruni də məhz bu sahədə 1000 il əvvəl ilk dəfə olaraq əsər yazmış, təkcə İslam aləmi üçün deyil, bütün dünya üçün yeni bir metodologiya ortaya qoymuşdur.
Biruni gözəl əxlaq sahibi, yumşaq təbiətli, elmə maraqlı, çalışqan, insanları sevən, təəssübkeşlikdən uzaq bir şəxsiyyətə sahib idi. Biruni bir əsərini sultana ithafən qələmə almış, ancaq bu çalışmasına görə sultandan gələn üç dəvə yüklü gümüş pulları qəbul etməmişdir. O, bir elm aşiqi idi və elmi mal-mülk uğruna istifadə etməyi heç vaxt tərcih etməmişdir. Biruninin məqsədi sadəcə elmi həqiqətlərin ortaya çıxarılması olmuşdur. Biruni əlindən qələmi düşməyən, gözü kitabdan ayrılmayan, qəlbi təfəkkürdən uzaq qalmayan bir şəxs idi. Əsərləri o zaman bütün İslam aləmi üçün elm dili kimi qəbul edilmiş ərəbcədə qələmə almışdır. Yaşadığı dövrdə elm adamları digər dindən olanları pislədiyi halda, hindlilər də özlərini üstün görüb başqalarını nəcis (pis) hesab edərkən, Biruni səmimi bir müsəlman olaraq obyektivliyi əldən buraxmamışdır.
 
Mövzuya davam edəcəyik...
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top