Azərbaycanda insanlar bu məhsulları minimum səviyyədə belə yeyə bilmir - SİYAHI


Azərbaycan əhalisi bəzi ərzaq məhsullarını minimum istehlak səbətində nəzərdə tutulan miqdardan daha az istehlak edir.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycan əhalisi il ərzində adamaşına 7,2 kiloqram balıq və balıq məhsulları, 153 ədəd yumurta, 3,3 kiloqram kərə yağı, 240 kiloqram süd və süd məhsulları, 33,7 kiloqram ət və ət məhsulları, 137 kiloqram çörək və çörək məhsulları istehlak edib.
Maraqlıdır ki, qeyd olunan bu göstəricilər təxminən minimum istehlak səbətinin tərkibində yer alan göstəricilərlə üst-üstə düşür. Hətta bəzi ərzaq məhsullarının istehlakı minimum istehlak səbətinin tərkibində yer alan göstəricilərdən daha azadır.
Məlumat üçün bildirək ki, minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Buradan belə başa düşülür ki, Azərbaycanda əhalinin yuxarıda adları qeyd olunan ərzaq məhsullarından istifadəsi onların sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə təmin edir.  Bəzi ərzaq məhsulları üzrə isə heç minimum səviyyədə belə təmin etmir.
Müqayisə üçün qeyd edək ki, insanlar sağlamlıqlarını və həyat fəaliyyətlərini minimum səviyyədə davam etdirə bilmək üçün il ərzində adamaşına 7,7 kiloqram balıq və balıq məhsulları, 150 ədəd yumurta (uşaqlar 183 ədəd), 7 kiloqram kərə yağı, 224 kiloqram süd və süd məhsulları (uşaqlar 257 kiloqram),  33 kiloqram ət və ət məhsulları, 137 kiloqram çörək və çörək məhsulları istehlak etməlidirlər.
Ərzaq məhsulları Minimum norma İstehlak olunur
Çörək və çörək məhsulları 137 kq 137 kq
Ət və ət məhsulları 33 kq 33,7 kq
Süd və süd məhsulları 224 kq
(uşaqlar 257 kiloqram)
240 kq
Balıq və balıq məhsulları 7,7 kq 7,2 kq
Yumurta 150 ədəd
(uşaqlar 183 ədəd)
153 ədəd
Kərə yağı 7 kq 3,3 kq
 
A.Cəfərov
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top