Gəncədəki uşaq evinin DİREKTORU: "Uşaqları heç kim gəlib, görə bilməz"


"Uşaq evi qapalı müəssisə elan edilib, onları heç kim gəlib görə bilməz".
Bu sözləri Gəncə şəhəri 20 yanvar küçəsi 61 ünvanında yerləşən kimsəsiz uşaqlar evinin direktoru Lətifə Kərimova Yeniavaz.com-a açıqlamasında deyib.
O, binanın təmiri ilə əlaqədar hər il dəfələrlə müraciət olunduğunu bildirdi: “Binanın şəkilləri İcra Hakimiyyətinə və Heydər Əliyev Fonduna dəfələrlə göndərilib. Onlar da bizə ya binanı təmir edəcəklərini, ya da yeni binanın tikilib təhvil veriləcəyini bildiriblər. Əslində bu məsələ ilə bağlı hər il müaricət edirik, amma ən sonuncu 2019-cu ilin sentyabr ayında müraciət edilib. Bina təmir olunmasa da uşaqların hər bir şəraiti var. İstilik sistemi öz qaydasındadır”.
Lətifə Kərimova eyni zamanda uşaqlara gətirilən oyuncaq, yemək və geyimlərin uşaq evinin işçiləri və müdiriyyəti tərəfindən mənimsənilməsi məsələsinədə münasibət bildirdi:  “Elə bir şey olmayıb. Əksinə onların alıb gətirdikləri onların gözləri önündə uşaqlara verilib. Hətta özləri uşaqlara verib, çıxıb gedirlər. Ona görə də belə şaiyələrin yayılmaması, şər və böhtan atılmaması üçün uşaq evi qapalı müəssisə elan edilib. Uşaqları heç kim gəlib, görə bilməz”
Direktorun kimsəsiz uşaqlar evinin qapalı müəssisəyə çevrilməsinin nə dərəcədə doğru olub-olmadığını soruşduqda isə bizə, bu qərarı İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və Səhiyyə İdarəsinin verdiyini bildirdi.
Qeyd edək ki, ötən gün tanınmış məşqçi Kamil Zeynallı Gəncə şəhəri 20 yanvar küçəsi, 61 ünvanında yerləşən kimsəsiz uşaqlar evində uşaqların iplə bir-birilərinə bağlanaraq yatızdırılması ilə bağlı video görüntü yayımlamışdı. Bundan əlavə onların “pinti” şəraitdə saxlanıldığı və uşaqlara gətirilən yardımların direktor və işçilər tərəfindən mənimsənildiyini iddia etmişdi.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top