Osman Gündüzdən Fonda MÜRACİƏT: "Bu dərəcədə özbaşınalıq və məsuliyyətdən yayınmaq necə ola bilər?"


Xəbər verdiyimiz kimi, İpoteka və Kredit Zəmanət Fondunu (Fond) ötən gün bu quruma məxsus E-ipoteka sisteminin çökməsinə aydınlıq gətirib.

Yeniavaz.com xəbər verir ki, Fondun açıqlamasına Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz münasibət bildirib.
O qeyd edib ki, Fondun üzrü günahından betər olub: 
"Fond elan edib ki, 10 milyonluq elektron sistemləri çökməyib sadəcə “müraciətlərin kütləviliyi sistemin işində donma və ləngimələrə gətirib çıxarıb”. Məəttəl qalıram. Bu dərəcədə özbaşınalıq, bu dərəcədə arxayınlıq, bu dərəcədə məsuliyyətdən qorxmamaq və yayınmaq necə ola bilər? Anlamıram ki “sistemin donması” və ya “sistemin çökməsi” arasında fərq nədən ibarətdir? Sistemin indiyədək də fəaliyyətini bərpa edə bilməməsi necə izah oluna bilər? Üzrxahlıq etmək, buraxılan səhvləri etiraf etmək, cavabdeh şəxslər haqqında ölçü götürmək, əlaqəli dövlət qurumlarını dəvət etməklə işlərin tez bir zamanda yoluna qoyulması üçün çalışmalarını dilə gətirmək, səlahiyyətli dövlət qurumunun rəyini kənara tullayanı cəzalandrımaq əvəzinə “nağıllar” danışırlar. Hələ üstəlik utanmadan vətəndaşları və medianı anlayışla yanaşılmağa dəvət edirlər.
Nə üçün səlahiyyətli dövlət qurumunun xəbərdarlığına məhəl qoyulmadan sistemə start vermələri haqqında bir kəlimə deyilməyib?
Nə üçün 10 milyonluq bir resursun donmasının səbəbləri açıqlanmayıb?
Nə üçün sistemin testdən keçirilmədən işə salınması haqqında heç bir kəlmə deyilməyib?
Kimin birbaşa göstərişiylə bunların edilməsi haqqında , məsuliyyətsizliklə bağlı görülən və görüləcək tədbirlər haqqında açıqlamalarında bir kəlmə də olsa mesajlar yoxdur.
Qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən, adi, bəsit bir informasiya sistemini hazırlamaqla 10 milyonu göyə sovuran qurumda bu dərəcdə arxayınlıq haradan qaynaqlana bilər?
Ümid edirəm səlahiyyətli qurumlar baş verənlərin fərqindədirlər və bununla bağlı açıqlama verəcəklər".

DİGƏR XƏBƏRLƏR

Top