"34 il öncə istehsal edilən avtomobilim Mingəçevirdə yeganədir"


Mingəçevir sakini Bayram Bayramov 1986-cı ildə aldığı “Vaz 21-013” marakalı avtomobili hər hansı detalını dəyişmədən və rəng vurdurmadan saxlayıb. 
Yeniavaz.com xəbər verir ki, o, hətta avtomobilin təkərlərini də dəyişməyib. B. Bayramov bildirir ki, həmin rəngdə və modeldə avtomobili ölkəmizə ilk dəfə o gətirib və hələ də yeganə olan minik vasitəsini qoruyub saxlayır. Yağış, gün görməyən avtomobilə şəhərdə maraq böyükdü. “Vaz 21-013” almaq həvəsində olanlar Bayram kişiyə yüksək məbləğ, xarici avtomobil, hətta təzə istehsal edilən “Vaz 21-07” təklif etsələr də onu satmağa məcbur edə bilməyiblər. 
Qiymətli avtomobilini kimsəyə etibar etməyən şəhər sakininə  “ver maşının quluncunu qıraq” deyənlər də az olmayıb. Bayram Bayramov isə ən yüksək sürdüyü sürətin saatda 100 km olduğunu deyir. Maşına maraq göstərənlər hətta onu paytaxtdan Mingəçevirə gəlin gətirmək üçün də dəvət ediblər. 
Sahibinin sözlərinə görə 34 il öncə istehsal edilən avtomobilin belə vəziyyətdə qalmasına səbəb ona göstərilən qulluqdur. O maşını xüsusi örtükdə saxlayır, yuyulan zaman güclü su şırnağından və hər hansı köpükdən istifadə edilməsinə icazə vermir. 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top