Enerji içkiləri ilə bağlı YENİ QANUN – Marketlərdə necə tənzimlənir?


Məlumdur ki, Azərbaycanda enerji içkilərinin satışı sürətlə artmaqda davam edir. Elə bir mağaza yoxdur ki, sözügedən içkilər satılmasın. Lakin içkinin sağlamlığa olan zərərləri ilə yanaşı 18 yaşına çatmamış uşaqlar üçün əlçatan olması ən böyük problemlərdən biridir. Hətta bəzən məktəb ətrafında olan köşklərdə də satışının reallaşdırıldığının şahidi olmuşuq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi, bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması və 18 yaşına çatmamış uşaqlara əlçatan olmaması üçün bir sıra tədbirlər görür. Bir çox supermarketlərdə spirtli içki və siqaret bölməsində “18+” yazısı ilə qarşılaşırıq. Bəs bu qayda supermarketlərdə enerji içkilərinə qarşı da tətbiq edilirmi?  
Yeniavaz.com bununla bağlı Bakı şəhərində yerləşən market və supermarketlər arasında sorğu keçirdi.
“Neptun” supermarketin satınalma meneceri Vasif Qasımov Yeniavaz.com-a açıqlamasında kassada enerji içkisi alan alıcıdan şəxsiyyət vəsiqəsini tələb etdiklərini bildirdi:
“İlin əvvəlindən etibarən satıcılara, kassirlərə, müavinlərə tapşırıqlar verilib ki, 18 yaşına çatmamış şəxslərə enerji içikləri satılmasın. Bunu müştəriyə göstərmək məqsədilə müəyyən mağazalarda və ya piştaxtalarda artıq “18+” yazısı yazılıb, bir qisim mağazalarımızda isə həftənin sonuna kimi tətbiq olunacaq. Hal-hazırda vəziyyət belədir. Bir həftə öncə mağazamızda bir müştəri enerji içkisi alırdı, bu zaman kassada ondan 18 yaşı olub-olmadığı soruşuldu və şəxsiyyət vəsiqəsi tələb edildi. Bu zaman müştəri hay-küy salaraq narazıçılıq etməyə başladı. Yəni, qısaca desək kassada şəxsiyyət vəsiqəsi tələb edilir, sonra satılır”.
“Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Billurə Əmirova Yeniavaz.com-a açıqlamasında enerji içkiləri ilə bağlı qərar çıxmadan əvvəl də “Araz” marketlərdə 18 yaşına çatmamış uşaqlara satılmadığını bildirdi:
“Bu qərardan sonra isə daha ciddi şəkildə tədbirlər görülməyə başladı. Bütün kassirlərə tapşırıq verildi ki, 18 yaşına çatmamış şəxslərə bu içkilər satılmasın. Onlar da istər-istəməz xarici görkəmindən seçmək olur ki, bu uşağın 18 yaşı var, ya yox. Eyni zamanda kassada alıcıdan yaşı neçə olmağı barədə sual soruşulur, valideynlə birlikdə gəlib aldıqda da bununla bağlı məlumat verilir. Yəni, bu məsələ bizdə olduqca ciddi şəkildə nəzarətdədir, onlara nəyin ki, energetik içkilər, heç siqaret də verilmir”.
Yeniavaz.com olaraq “Rahat”, “Bizim market”, “Oba”, “Bravo” və “Bazar Store” marketləri ilə əlaqə qurmağa çalışsaq da zənglərimizə cavab verən olmadı. Sadalanan marketlərdə baxış keçirdikdə isə enerji içkilərinin satıldığı bölmələrdə heç bir xəbərdarlıq yazısı ilə qarşılaşmadıq. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top