Maşınlar ən çox bu səbəbdən yanır - Mütəxəssisdən açıqlama

Fövqəladə Hallar Nazirliyi tez-tez avtomobillərin bu və ya digər səbəbdən yanması ilə bağlı məlumat yayır. Belə hadisələr daha çox nəqliyyat vasitələrinin bir-biri ilə toqquşması, hansısa maneəyə çırpılması, yaxud təmir işləri zamanı qeydə alınır. Adətən, köhnə və baxımsız avtomobillərin hər hansı səbəbdən yanması ehtimalı daha çox olur. Azərbaycanda nəqliyyat vasitələrinin yanmasına daha çox nələr səbəb olur? Sürücülər yanğın baş verməməsi üçün nəyə diqqət yetirməlidirlər?

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov Lent.az-a açıqlamasında nəqliyyat vasitələrində yanğınların yaranma səbəblərinə aydınlıq gətirib. O, yanğınların daha çox subyektiv təsirlər nəticəsində meydana gəldiyini bildirib:

“Avtomobillərin bəzi hissələrinin istismar müddəti başa çatdığı üçün dəyişdirilməlidir. Yanğın hadisələri də əsasən, akkumulyator və generatorun enerji verdiyi zaman elektrik naqillərində olan qığılcım və qısaqapanmalar nəticəsində baş verir. Boşluq, yaxud hansısa problem səbəbindən izolentlə bağlanılan naqillərin üzəri və uc tərəfləri bəzən açılır. Mühərriki su ilə yuyanda isə həmin nöqtələrə su düşür. İzolentlərin açılması nəticəsində sonradan qısaqapanmalar və qığılcımlar yaranır.

Yeni avtomobillərdə elektrik naqilləri möhkəm olduğundan və onların istimar müddəti hələ bitmədiyi üçün bu cür hadisələr olmur. Əsasən, avtomobillərdə müəyyən təmir işləri görüldükdən və elektrik naqili dəyişiləndən sonra yanğın olur. Həmçinin maşınlar uzun müddət günəş şüası altında qaldığı zaman istilikdən naqillərin izolentləri əriyir, naqillərdə çatlar əmələ gəlir.

Bütün dünya ölkələrində, o cümlədən Azərbaycanda da avtomobillərin yanması ümumi hadisələrə nisbətən azlıq təşkil edir. 10 min avtomobil arasında 2-3-nün yanması barədə xəbər eşidirik. Bunun başlıca səbəbi təmir işləri zamanı edilən səhlənkarlıqlar, avtomobilin müayinə olunmaması, hissələrin dəyişdirilməməsindən yaranır. Bundan başqa, təmir prosesində qaynaq zamanı yanacaq çəninin yaxınlığında yaranan alışmadan, insanların maşının yanacaq çəninin yanında siqaret çəkərək ehtiyatsızlıq etməsindən də yanğın baş verə bilər. Bir sözlə, bütün bu hadisələr insan amilindən asılıdır”.

Fərhad Eyyubov alışmağa başlayan avtomobilin nə cür söndürülə biləcəyindən də söz açıb:

“Əgər avtomobildə alışma baş verərsə, sürücülər qanunla nəzərdə tutulmuş qaydada maşında olan yanğınsöndürən vasitəsilə alovu söndürə bilərlər. Yanğınsöndürən olmadıqda, Fövqəladə Hallar Nazirliyinə məlumat verilməlidir. Əks halda, sürücünün təkbaşına yaranan vəziyyətin qarşısını alması qeyri-mümkündür”.

DİGƏR XƏBƏRLƏR

Top