Ayrılığın sonu varmış...


Heç bilmirəm söhbətə necə başlayım. Hansı sözləri seçim ki, daha ilıq, ürəyəyatımlı olsun. Hansı ildən başlayım ki, o, illərin ən yadda qalanı, ayağı sayalısı olub. Hansı xatirədən başlayım ki, ürəyimi göynətməsin, ancaq şirin-şirin sızlatsın və sonda özümdən xəbərsiz o nağıla dönən illərə qayıda bilim...
Gözəl çağlar, sevgi dolu cilvəli günlər, imtahan qayğılı həftələr ömrümüzün ən gözəl günləri imiş. Bəzən imkansızlıqdan ürəyimiz istəyəni alıb geyinə, yeyə bilmirdik. Aylarla əzizlərimizin üzünə həsrət qalırdıq, ancaq özümüzü dünyanın bəxtəvəri sanırdıq. Elə bilirdik dünyanın xoşbəxti bizik dünyada. Bəlkə də heç belə deyildi, ancaq biz belə bilirdik, günləri, ayları, illəri biz bu düşüncə ilə yaşayırdıq. Qəribədir, günlərini bəzən  soyuqdəyməli, yarıtox-yarıac keçir, könlün və ürəyin istəyəni yeyə, geyə bilmə, ancaq özünü xoşbəxt say! Sən demə, xoşbəxtlik deyilən şey qarınla, geyim-keçimlə yox, ürəklə, könülxoşluğu ilə bağlıymış. Doğurdan da ürək yaman şeymiş...
O çağlardan illər ötüb. İl var ki, ancaq yaş üstünə yaş gətirib, eləsi də var ki, həyatımızı alt-üst edib, çökdürüb bizi. Həyatda alın yazısı deyilən şeyin nə olduğunu o məqamlarda daha dərindən başa düşmüşük. Başa düşmüşük ki, alın yazısından, qismət deyilən o şeydən qaçmaq olmaz və o yazıya pozu yoxdur...
 
Mehdi daha "Qarabağ şikəstəsi" oxumur
44 illik ayrılıqdan sonra tələbə yoldaşım Mehdi ilə üz-üzə gəlmişdik. 44 ilə bax, ha! Ayrılığın da sonu varmış. Mehdi söhbətə çox uzaqdan - o "xoşbəxtlik adası"ndan başlamışdı və sonra da öz alın yazısından danışırdı. Qırx dörd il əvvəl olsaydı mən bir az ərköyün və ötkəm Mehdinin bu cür danışmasına qəribə baxardım. Ancaq illərin yorğunu olduğu, yaşının bu vaxtında ona heç nə deyə bilmirdim... Nədənsə, mənə xəyalımda yaşayan- tələbəlik illərinin Mehdisi daha gerçək kimi gəlirdi. Çünki bu illər ərzində mənim ürəyimdə o Mehdinin surəti, danışığı, hərəkətləri yaşamışdı. Onda Mehdi, mənə görə, türk aktyoru Kadir İnanıra oxşayırdı. Mehdinin aktyorluğu yox idi, ancaq yaxşı oxumağı vardı. Universitetin 3 saylı yataqxanasının dördüncü mərtəbəsində, pəncərəsi qızlar yataqxanasına baxan otaqların birində yaşayırdı. O, oxuyanda qızlar yataqxanasında pəncərələrin çoxu açılırdı. Qızlar özləri görünməsə də bilirdik ki, pərdə arxasında onun yanıqlı oxumasına qulaq asırlar. Amma o vardı ki, Mehdi ancaq ürəyi istəyəndə oxuyurdu, biz istəyəndə yox. O, "Qarabağ şikəstəsi"ni oxuyanda gözlərimiz önünə Qarabağ torpağının cənnətməkan yerləri gəlirdi... Onda hələ Qarabağda sakitlik idi, "qurd quzuyla otlayırdı". Amma Mehdinin deməsinə görə, Ağdam cavanları Stepanakertə gedəndə ermənilər onlara kinlə, əyri-əyri baxırdılar... Əslində mən o yerləri ancaq foto-şəkillərdə, televiziya süjetlərində görmüşdüm. Ancaq inanmışdım ki, doğurdan da Şüşanın dağları, Cıdır düzü, İsa bulağı, Qırxqız yaylağı çox gözəldi, o torpağın insanları da mehribandı, qorxmazdı. Çünki belə olmasaydı Mehdi də belə ürək yanğısı ilə oxuya bilməzdi... Bir də o yadımdadı ki, Mehdi universiteti qurtaranadək elə Qarabağ ləhcəsində danışdı,  "qağa" əvəzinə "qaqa", "elə" yox, "heylə" deyirdi, "dəə" demirdi, "dayna" deyirdi. Qoy bunu də deyim: o vaxtlar bizdən bir kurs yuxarı oxuyan Mövsüm bu "dayna"ya bir şeir yazmışdı. Səbəbi də o olmuşdu ki, gözəl qızlardan biri Mövsümün "dayna" deməsinə gülürmüş. O da eləməyib tənbəllik belə yazıb:
 
Qoy özünün olsun o əda, o naz,
Barı bir salam ver, salama dayna.
Sevgimi əyləncə sanaraq aaaz,
Qəlbimi odlara qalama dayna.
 
Məni dinməz görüb gəl uşaq demə.
Hələ sözlərimi qoymuşam dəmə.
Arabir sataşıb mənim ləhcəmə,
Tənənlə könlümü talama dayna!
 
İstəmə hicrandan qara bağlayam,
Mən oda bağlıyam, qara bağlıyam.
Özün bilirsən ki, qarabağlıyam.
Day məni barmağına dolama dayna!

Mövsümlə axırıncı dəfə illər əvvəl Göyçayda - rayon qəzeti redaksiyasında görüşmüşük... 
Universiteti bitirəndə təyinatla Mehdini Şuşaya göndərdilər. Getdi. Uzun illər "Şuşa" rayon qəzetində müxbir, məsul katib işlədi. Sonra "ispolkom"a, rayon icra hakimiyyətinə apardılar. Ağır illərdə odun-alovun içindən keçdi. Artıq 20 il olar Qaradağ rayonunda məskunlaşıb, üç övlad, beş nəvə sahibidi. Ömrün payızını yurd həsrəti ilə yaşayır. Danışanda sözlərində kədər süzülür, nisgil yağır. Daha Mehdi Kadır İnanıra oxşamır, saçı-saqqalı ağappaqdı. Baxıram, baxıram, deyirəm bu dünya nə vəfasızmış- verdiyinin hamısını sonra geri alır. İndi o ötkəm Mehdi az danışır, çox vaxt sakit-sakit baxır. Arada dedim ki, Mehdi bəlkə bir ağız "Qarabağ şikəstəsi"i oxuyasan, gördüm gözləri doldu, çöhrəsini sanki payız dumanı bürüdü. Hannan-hana cavab verdi ki, “başına dönüm, Səməd, daha oxuya bilmirəm”. Deməyimə də peşiman oldum.
Bunlar da Mehdinin alın yazısıymış. O bu yazıların çoxunu yaşayıb, qalanını isə... Fikir verdim, neçə illərdi Bakıda yaşayır, Mehdi indi də "qağa" əvəzinə  "qaqa", "elə"  yox, "heylə" deyir, "dəə" demir, "dayna" deyir...


Teymur elə həmin Teymurdu
Kursumuzun ağsaqqalı Teymur elə həmin Teymurdu, maşallah, elə bil illər ondan yan keçib. Dünya dağıla, maraqlı söhbətlərindən, yumorundan, zarafatlarından qalan deyil. Elə ki, görür hansı birimiz kefsizik, fikirliyik xoş sözlərlə, zarafatla könlümüzü alır. Sosial şəbəkədəki yazışmalarını, paylaşımlarını oxusanız ovqatınız xoş olar, üzünüzə təbəssüm qonar.
Biləsiz, Teymur universitetə qəbul olunmazdan əvvəl Rusiyada çox gəzib-dolanıb, yaxşı mənada, çox oyunlardan çıxıb. Yaxşı gitara çalmağı, pəsdən oxumağı var. Bunlar bir yana, zarafatlarından olmaz. Tələbəlikdə ən çox “qrupkom”umuz, ruhu şad olsun, Mail Dəmirli ilə zarafat edərdi. Onu da deyim ki, onlar universitetə qəbul olunmazdan əvvəl hazırlıqda birgə oxuyublar.  Ruhu şad olsun Mayılın, cəfakeş yoldaş idi, dost, yoldaş üçün dünyanın o başına gedərdi...
Teymurun zarafatlarından günlərlə danışmaq olar, çoxu da xoş ovqat yaradan idi. Birini bu yazıya yazmışdım, sonra pozdum.
Onun satirik şeir yazmaq bacarığı da var. Dərslərdə, mühazirə zamanı kiməsə həcv yazıb atırdı birimizin üstünə. Bir dəfə kağız parçasında rəhmətlik Nüsrət müəllimlə Mayılın telefonlaşmasından yazıb mənə tərəf atmışdı. Yadımda qalan misralarda var, ancaq, bağışlayın, bura yaza bilmərəm...
Teymur əvvəl öz rayonu olan Xaçmaz qəzetində işləyib, sonra "Magistral" qəzetinin 13 il  baş redaktoru olub. Bir müddət "Təfəkkür" universitetinin elmi jurnalına redaktorluq edib. Daha sonra, pensiyaya çıxanadək AzərTAc-da baş redaktor işləyib... Nikbin, həyatcanlı yaşamaq belədi, sanki illər ondan yan keçir...
Mehdi və Teymurla bizim redaksiyada - "Tumurcuq"da görüşdük. Dedik, güldük, kövrəldik və hər bir yoldaşımızı xatırladıq... Bu görüş mənə çox şeyləri yenidən yaşatdı. Sən demə, bu dünyada uzun ayrılıqların da sonu varmış...
Sözardı. Uzaqda və yaxında olan bütün tələbə yoldaşlarımı Yeni il münasibətilə təbrik edir, dünyasını dəyişənlərə "ruhunuz şad olsun", deyirəm! Mən ürəyimdə daim Sizlərə zaman ayırdım, belə etməsəydim yəqin zaman Sizi məndən alardı. Bu gün də hər birinizi yanımda bilir və Sizinlə fəxr edirəm, dostlar!

Hörmətlə, Sizin Səməd

DİGƏR XƏBƏRLƏR

Top