Bakıda metroda gənc oğlan relslərin üzərinə yıxılıb.
Hadisə metronun "Azadlıq prospekti" stansiyasında baş verib. 1999-cu il təvəllüdlü oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə səhər saat 08:33 radələrində baş verib:
"1999-cu il təvəllüdlü O.E adlı oğlan anidən stansiya yoluna yıxılıb. Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Əməkdaşlar təcili tibbi yardım çağırıb. Gənc həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib".
B.Məmmədov baş verən hadisənin qatarların intervalına təsir etmədiyini vurğulayıb.
***09:50Bu gün səhər saat saatlarında Bakı metrosunun "Azadlıq prospekti" stansiyasında 20-25 yaşlarında kişi qatar relslərinin üstünə yıxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Səməd Məlikzadə öz “Facebook” səhifəsində məlumat yayıb.
Jurnalist bildirir ki, bir anda iki gənc özünü relslərə yıxılan kişiyə tərəf atdılar və onu qatar keçən ərazidən götürdülər:
“Tezliklə "Dərnəgül" stansiyasından qatarın gəlişi gözlənilirdi. Elə belə də oldu. Təxminən bir dəqiqə keçmiş həmin istiqamətdən gələn qatar stansiyaya daxil oldu. Xoşbəxtlikdən daha ağır faciə baş vermədi. Gənc oğlan huşunu itirmişdi. Biz onun ürək tutmasından yıxıldığı qənaətindəydik. Oğlanı stansiyadakı oturacaqlara uzatdılar. Qadınlardan biri dedi ki, deyəsən epilepsiyası var, barmaqlarını yığılmağa qoymayın və ağzını açın. Belə də etdilər və soydaşımız özünə gəldi. Az sonra polis əməkdaşları onu yanlarına alıb müayinə üçün apardılar. Həmin anda mənə elə gəldi ki, hər şey qaydasındadır”.