Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi zamanı 307 ağac köçürüləcək


Əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsində ictimai dinləmə keçirilib.

Tədbirdə bir sıra layihələrin icrası zamanı ekoloji təsirlərin planlı şəkildə müəyyənləşdirilməsi və ekoloji tarazlığın bərpası istiqamətində yerinə yetiriləcək işlər barədə müzakirələr aparılıb.

Layihə icraçılarının, ictimaiyyət və QHT nümayəndələrinin, aidiyyəti mütəxəssislərin iştirak etdiyi dinləmələrdə ETSN mütəxəssisləri hər bir layihənin ətraf mühitə təsirlərini və onların kompensasiyası mexanizmlərini açıqlayıb, layihə icraçılarının məsuliyyət yükü barədə ictimaiyyəti məlumatlandırıb.

Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi istiqamətində genişləndirilməsi layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, adıçəkilən layihə çərçivəsində 500 metrlik ərazidə olan 307 ağac və 203 kol müvafiq aqrotexniki qaydada digər ərazilərə köçürüləcək:

“Köçürülməsi mümkün olmayan ağacların əvəzinə yeniləri əkiləcək. Sonrakı prosesdə vacib məqamlardan biri də aqrotexniki qaydalara əməl edilməsidir. Ağacların köçürülməsi zamanı ekspertizanın rəyinə uyğun olaraq köçürülmə prosesi təmin edilməlidir. Sonradan həmin ağaclara mütləq şəkildə aqrotexniki xidmət göstərilməlidir. Köçürülmə prosesi nazirliyin əməkdaşlarının iştirakı ilə həyata keçirilir”. 

Nazirlik rəsmisi Bakıda tikinti obyektlərinin sahiblərinə də müraciət edib:

““Pilot” layihələr çərçivəsində Bakı şəhərində istismar müddəti başa çatmış binaların sökülərək yerində yeni yaşayış binalarının tikintisi zamanı sahibkarların bizə təqdim etdiyi bir çox layihələr geri qaytarılır. Buna səbəb həmin ərazilərdə yaşıllıq sahələrinin nəzərdə tutulmamasıdır. Qanunvericiliyə əsasən, tikinti üçün ayrılan ərazilərin 25 faizi yaşıllıq sahəsi olmalıdır”.

Qeyd edək ki, dinləmələr zamanı həmçinin icrası davam etdirilən Bakı-Rusiya Federasiyası dövlət sərhəddinədək yeni avtomobil yolunun tikintisi, Gəncə-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun 4 zolağa genişləndirilməsi, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması,  rayon mərkəzləri və şəhərlərdə su kanalizasiya sistemlərinin yenidən qurulması, məktəblərin, səhiyyə obyektlərinin yenidən qurulması və genişləndirilməsi, Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi istiqamətində genişləndirilməsi layihələri haqqında müzakirələr aparılıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top