220 nəfər işçisi olan dövlət qurumunun binasını 1,5 milyon manata təmir edəcəklər - Azərbaycanda


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin inzibati binasının əsaslı təmir işləri üçün 1 milyon 493 min 915 manat vəsait ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bu məqsədlə keçirilən tenderin qalibi "İdeal TM" MMC şirkəti olub.
Məlumat üçün bildirək ki, 1,5 milyon manatlıq tenderin qalibi olan "İdeal TM" MMC  bir il əvvəl - 13.12.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tiflis prospekti, ev 44-də yerləşir. Qanuni təmsilçisi Şölə Əliyeva olan MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. "İdeal TM" MMC -nin adı yalnız bir mənbədə yer alıb. Bu mənbə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Komitənin məlumatında "İdeal TM" MMC-nin adı Qaradağ rayonunda tikilən 1 mərtəbəli anbar binasının sifarişçisi kimi keçir. Bundan başqa heç bir mənbədə "İdeal TM" MMC-nin adına rast gəlmək mümkün deyil.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin mart ayında imzaladığı "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" fərmanında qeyd olunur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin say həddi cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50 ştat vahidi müəyyən edilib.
Məlumat üçün onu da qeyd edək ki, "e-tender.gov.az" saytında tender müqaviləsinin dəyəri səhvən 149 milyon 391 min manat olaraq göstərilib və məlumat mətbuatda yayıldıqdan sonra texniki səhv düzəldilib.  
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top