Dünyanın ilk həqiqi elm adamı İbn Heysəm


Əlimizə telefonu alıb hər dəfə şəkil çəkəndə onu xatırlaya bilərik. Çünki o ilk dəfə video kameraların, şəkil çəkən aparatların işləmə mexanizmini ta min il əvvəl ortaya qoymuş və "Kitab əl-Mənazir" (Görmələr kitabı - Optika) əsərində bunları geniş-geniş açıqlamışdır. Hər dəfə bədrlənmiş aya baxanda orada 32 km genişliyində, 2 km dərinliyində bir kraterin onun adını daşıdığını yada sala bilərik. “Apollon” ilə Aya enən ilk astronomlar orada gördükləri möhtəşəm kraterlərə mühüm şəxslərin adlarını verərkən, bir kraterə də onun adını vermişlər.
Həmçinin dünyada ilk elm adamı ünvanına sahib şəxs kimdir sualına da heç çəkinmədən onun adını verə bilərik. Ümumiyyətlə onun həyatı və araşdırmaları barədə oxuyanda insan gərək zərgər dəqiqliyində olsun. Zərgər elə həssas, elə dəqiqliklə işləyir ki, hər hansı toz qırıntısını belə itirməsi onun üçün ziyandır. Çünki o qızılla, dəyərli daş-qaşla işləyir. İbn Heysəmi oxuyub onu tanıyanda da eynilə zərgər dəqiqliyi ilə hərəkət etməmiz gərəkir. İbn Heysəm həm də bu gün bilinən mənada ilk dəfə elmi metoddan, elmi araşdırmadan istifadə edən şəxs olmuşdur. Gəlin onu biraz yaxından tanıyaq...
İbn Heysəmin əsl adı əl-Həsəndir. Qərb dünyası onu əl-Həsəndən yola çıxaraq “Alhazan” olaraq tanıyır. Heysəmin oğlu mənasına gələn İbn Heysəm isə atasına nisbət edilərək verilmişdir. Bu yazıda biz ondan İbn Heysəm olaraq bəhs edəcəyik.
İbn Heysəm belə deyir: “Həqiqəti tapmaq asan deyil və ona gedən yol çətindir. Həqiqəti axtaran sizlər dərhal hökm verməməli və əvvəlkilərin yazılarına qeyri-şərtsiz bağlanmayacaq qədər müdrik olmalısınız. Sorğulamalı və o yazıları hər cəhətdən tənqid süzgəcindən keçirməlisiniz. Hər hansı bir şəxsin söylədiklərini deyil, yalnız dəlil və təcrübəni əsas almalısınız. Çünki hər insan qüsurun hər növünə qarşı müdafiəsizdir. Həqiqəti axtaranlar olaraq bizlər, ön mühakimədən qaçınmaq üçün çalışmalarımızda şəxsi fikirlərimizə belə şübhə və sorğulama ilə yanaşmalıyıq. Bu dərsi çıxarın və həqiqət gözlərinizin önünə sərilsin”.
İbn Heysəm mövzunun din deyil, elm olduğu zaman şübhəci və sorğulayıcı davranmanın daha faydalı olduğunu müdafiə edir. O belə deyir: “Həmişə bilginin və həqiqətin arxasınca düşdüm. Nə vaxt ki, Yaradana yaxın olmaq və aydınlığa qovuşmaq istədim, bu zaman bilginin və gerçəyin arxasınca getməkdən daha yaxşı yol olmadığına inandım”.
İbn Heysəmin bu metodu əslində müasir elmin metodudur. Bu üsul və metod sayəsində addım-addım inkişaf edən elm və texnologiya insanlığı Aya aparmağı bacarmışdır. Oraya enənlər özlərinə sadəcə baxmağı deyil, görməyi də öyrədən bu həqiqi elm adamının adını yaşatmaq üçün kraterlərdən birinə onun adını vermişdir.
İbn Heysəmin göz və işıqla bağlı etdiyi araşdırmalar və önə sürdüyü hipotezlər (təsdiq edilməmiş iddia) onu böyük bir elm insanı etmiş və tarixdə adının həkk olunmasına səbəb olmuşdur. İbn Heysəm özündən əvvəl dünyada görmə ilə bağlı qəbul edilən görüşlərin yanlış olduğunu söyləmişdir. İbn Heysəmə qədər demək olar ki, necə gördüyümüzü bilmirdik. O dövrdə Qərb dünyasında görmə hadisəsi insanların gözlərindən çıxan şüaların ətrafdakı əşyalara dəyərək gözə geri gəlməsilə gerçəkləşdiyini düşünürdülər. İbn Heysəm isə işığın gözdən çıxaraq deyil, əksinə cisimdən gözümüzə gəlməsi ilə gördüyümüzü tapmışdır.
Səmada görünən ulduzların gözlərdən çıxan şüaların çata bilməyəcəyi qədər uzaq məsafədə olduğunu vurğulayan alim gözlərdən şüa çıxmadığını, əksinə şüaların əşyalara dəyərək gözə gəldiyini düşünürdü. İbn Heysəm işığın meydana gəlməsi üçün bir qaynağın olması gərəkdiyini çox yaxşı bilirdi. Gözün gerçəyə yaxın bioloji təsvirlərini düzəltdiyi üçün gözlərin belə bir qabiliyyətə sahib olmasını ehtimal xaricində görürdü.

İbn Heysəmin yaşadığı dövrdə Qərb dünyasında görmə hadisəsi aşağıdakı şəkildə olduğu kimi izah edilir.
Görmə hadisəsinin gözlərdən çıxan şüa ilə gerçəkləşdiyi qəbul edilirdi.

O belə deyirdi: “Əgər görmək üçün gözlərimizdən şüa yayırıqsa necə olur ki, parlaq günəşə baxdığımızda gözlərimiz ağrıyır, ancaq şam işığına baxanda ağrı vermir? Ya da gecələri aya baxanda həqiqətən də gözümüzdən çıxan şüalar o qədər uzağa gedə bilərmi? Halbuki işıq gözümüzdən çıxmır, əksinə düz çizgilər halında gözümüzün içinə gəlir. Qaranlıq bir otağın tavan ya da divarında bir deşik açarsaq yalnız o açılan deşikdən gələn şüaları görəcəyik. Halbuki şüalar gözümüzdən çıxsaydı hər tərəfi görməmiz lazım idi”.
İbn Heysəm görüntünün gözdə necə meydana gəldiyini anlamaq üçün qaranlıq bir otaqdan ibarət bir göz modeli düzəldərək otağın divarına balaca bir deşik açmışdı. Bu zaman otağın xaricində aydın görünən bir cismin “qaranlıq otaq”da tərs bir əks olunma meydana gətirdiyini görür. Sonralar Latın dilində bu balaca deşik açılan “qaranlıq otaq” modelinə “camera obscura” deyiləcək. İbn Heysəmin “qaranlıq otaq” (camera obscura) modeli foto aparatların icad edilməsinə səbəb olduğu kimi teleskopların da icad edilməsinə təkan vermişdi.
İbn Heysəmin “qaranlıq otaq” (camera obscura) təcrübəsi gecə vaxtı tətbiq edilsəydi işığın intensivliyi az olduğuna görə çadırın içində görüntü meydana gətirmək üçün işığın içəriyə girdiyi deşik böyüdülərək daha böyük ölçüdə işıq toplaması gərəkirdi. Bu prinsibin əsasında teleskoplar icad edilmişdir. Sözün qısası çadırın içində başlayan bir görüntü ilə kainatın ən uzaq nöqtələrini görə bilməmizi təmin edən texnologiyalara görə biz həm də İbn Heysəmə borcluyuq.

İbn Heysəm tarixdə ilk dəfə elmin qayda və prinsiplərini ortaya qoymuşdur. O, müasir elmi metodologiyanı ilk dəfə meydana gətirmiş və bunu yazdığı “Kitab əl-Mənazır” (Optika) əsərində ilk dəfə tətbiq etmişdir. Beləliklə də “Kitab əl-Mənazir” (Optika) ilk elmi vəsait olaraq tarixə keçmiş, İbn Heysəm də “dünyanın ilk həqiqi elm adamı” olmuşdur. Bu kitabın ən bariz xüsusiyyəti əvvəlki nüfuz sahibi elm adamlarına bağlanmadan tamamilə təcrübəyə əsaslanaraq, riyazi və əqli-məntiqi yollarla nəticəyə çatmasıdır. İbn Heysəm düzəltdiyi optik alət və vasitələrlə təcrübələr aparmış və əldə etdiyi nəticələri tezisinin isbatında istifadə etmişdir.
İbn Heysəmin məşhur əsəri “Kitab əl-Mənazir” (Oprika) orta əsrlərdə beş dəfə latın dilinə tərcümə edilmişdir. Bu əsər bütün Avropada universitet və elm mərkəzlərində tanınan və yeganə müraciət edilən qaynaq idi. Optika elminin qərbdəki öncülərindən olan Rocer Bekon (1212-1292) İbn Heysəmi müəllimi olaraq qəbul etmişdir.

Fəlsəfə ilə də maraqlanan İbn Heysəm bu sahədə də o qədər dərinləşmişdi ki, Aristotel və Ptolemeyin əsərlərindəki xətaları ortaya qoymuşdur. İbn Heysəm Aristotel və Ptolemeyin kainatın dünyanın ətrafında döndüyünü müdafiə edən fikirlərinə qarşı çıxmış və kainatın dünyanı mərkəz alaraq onun ətrafında dönəcək qədər balaca olmadığını, əksinə dünya və günəş sistemimiz kimi başqa bir çox sistemlərin də ola biləcəyini demişdir. Həmçinin İbn Heysəm Aristotel və Ptolemeyin bir çox əsərini ərəb dilinə tərcümə etmişdir.
XVII əsrə aid tablonun bir tərəfində İbn Heysəmin şəkli yer alır. Adının həmən altında isə “ağıl” yazılmışdır. Deməli avropalıların gözündə İbn Heysəm ağılı təmsil edir. Digər yanda isə məşhur Qalileyin rəsmi yer alır. Qalileyin adının həmən altında isə “duyğular” yazılmışdır. Aydın olur ki, XVII əsrdə Qərb dünyasında ağılı simvolu olaraq qəbul edilən şəxs müsəlman bir alimdir.

İbn Heysəm belə deyirdi: “Gerçəyi axtaran şəxs, əvvəlki alimlərin yazdıqlarını araşdıraraq onların görüşlərini təqib edən və nəticədə onlara güvənən şəxs deyildir. Əksinə gerçəyi axtaran şəxs onlara şübhə ilə baxan, onlardan topladığı bilgiləri sorğulayan, bir çox qüsur və əskikləri olan bu insanların sözlərinə deyil, dəlillərə və sübutlara boyun əyən şəxsdir”.
Görəsən İbn Heysəmin yaşadığı dövrlərdə İslam dünyasında elmi inkişafın altında yatan əsas faktorlar nələr idi? Nə baş vermişdi ki, dünyanın ən geridə qalmış cəmiyyətlərindən olan ərəblər qısa bir müddətdə ən inkişaf etmiş mədəniyyət qura bilmişdilər, elmdə bu qədər inkişaf etmişdilər? Nə olmuşdu ki, dünya səhnəsinə çıxan ərəblər birdən-birə dünya ilə günəş arasında olan məsafəni, bədəndə qanın dolaşması və s. sahələr ilə maraqlanmağa başlamışdılar? Bu sualların cavabını tapmaq üçün o dövrün əsərlərində tez-tez istinad edilən ağıla və düşünməyə dair ayələrə nəzər yetirmək gərəkir. Həmin ayələr o dövrün müsəlmanlarını təbiəti və öz bədənlərini anlamağa, tədqiq etməyə sövq etmişdir. Bilmək bir mənada dini bir vəzifədir. Belə bir dini motivasiya olmasaydı tarixdə baş verən bu böyük inqilabı anlamaq çətin olardı.

Məşhur “Cosmos” sənədli filmində İbn Heysəmə: “Bəlkə də ən böyük elm adamı idi” deyilmişdir. İbn Heysəm İslam coğrafiyasında elmin və mədəniyyətin ən zirvə dövründə yaşayan və bu dövrün seçkinlərindən olan İbn Sina və Biruni kimi alimlərlə eyni dövrdə yaşamışdır. O Qədim Yunan filosoflarının riyaziyyat, astronomiya və fizikaya dair əsərlərini ətraflı və dərin bir şəkildə tədqiq eləmişdir. Beləcə o Qədim Yunan mədəniyyətinə aid təbiət elmləri və riyaziyyata dair kitablarını birinci qaynaqdan öyrənmişdir. Bununla da həm öz tezislərini sübut etmiş, həm də əvvəlcədən irəli sürülmüş ancaq yanlış olmasına baxmayaraq mənimsənilən görüşləri çürütmüşdür.
İbn Heysəmin Nil daşqınlarını önləmək və Nilin suyundan səmərəli istifadə etməklə bağlı bəzi görüşləri var idi. O belə demişdi: “Əgər Misirdə olsam, Nil üçün elə bir iş görərəm ki, suyu gur və az olan vaxtlarda (insanlara) fayda gətirər”. Bu xəbəri eşidən Fatimi hökmdarı Hakimbiəmrillah (985-1021) İbn Heysəmi Misirə dəvət edib, layihəsini həyata keçirməsi üçün onu hər bir şeylə təmin edir. İbn Heysəm Yuxarı Misirdə yerləşən Asuan ərazisində araşdırmalar aparır və məlum olur ki, o dövrün imkanları ilə Nilin üzərində bənd tikmək mümkün deyildir. Bunu başa düşən İbn Heysəm xəlifə Hakimbiəmrillahdan layihəsini həyata keçirə bilmədiyi üçün üzr istəyir. Xəlifə qəzəbini boğur və İbn Heysəmə divanxanada vəzifə verir. Xəlifənin hər an onu cəzalandıra biləcəyindən qorxan İbn Heysəm özünü dəliliyə vurur, xəlifənin vəfatına qədər ev dustağı edilir. Həyatının mühüm hissəsini Misirdə keçirən İbn Heysəm məhz bu vaxt ərzində (1011-1021-ci illər) özünün məşhur “Kitab əl-mənazir” əsərini yazır. Hakimbiəmrillahın 1021-ci ildə vəfatından sonra rahatlıq tapır, sərbəst şəkildə elmi tədqiqatlar aparır.
İbn Heysəm 1038-ci ildə 73 yaşında Misirin paxtaxtı Qahirədə dünyasını dəyişmişdir. Ondan sonra İbn Şatır, Batruci, Nyuton və Kepler kimi elm adamları da İbn Heysəmin irəli sürdüyü günəş sistemi modelini mənimsəyərək çalışmalarını bu yöndə inkişaf etdirmişdir.
 

Qeyd: Yazının hazırlanmasında bloger Barış Özcanın “Dünyanin ilk gerçek bilim insani kimdir?” başlıqlı videosu və mətnindən (https://bit.ly/37TjYo7), Elvüsal Məmmədovun “İbn Heysəm – Optika problemlərinin müsəlman tədqiqatçisi kimi” (https://bit.ly/2L7VBcW) başlıqlı məqaləsindən, “https://www.fikriyat.com/tarih/2018/08/27/dunyanin-ilk-gercek-bilim-adami-ibnul-heysem” və s. kimi mənbələrdən istifadə edilmişdir.

 

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top