Sumqayıtda 14-cü mərtəbədə yaşayan sakin: Yağış yağan kimi başımıza su damır - VİDEO


Sumqayıt şəhər 45-ci kvartal, ev 14, mənzil 152-də yaşayan Samirə İbadullayeva Yeniavaz.com saytına müraciət edərək yağış yağan zaman evlərində yaşamağın mümkünsüz olduğunu bildirib. O şikayətində vurğulayıb ki, yaşadıqları binanın dam örtüyünün sentyabr ayında yenilənəcəyini desələr də hələ ki, heç bir iş görülməyib: “Yağış yağan kimi başımıza su damır, liftimiz işləmir. Binanın girişində qapı olmadığına görə yoldan keçən adam daxil olur blokumuza ordan da dama çıxır. Nəzarətsizliyə görə son zamanlar nə qədər intihar halları yaşanıb. Bu intihar halları da heç kimi narahat etmir. Bizə demişdilər ki, sentyabr ayına kimi dam örtüyü vurulacaq ancaq bununla bağlı heç bir iş görülmədi. Binamız 14 mərtəbəlidi 12-ci mərtəbədən sonra yaşamaq demək olar ki mümkün deyil”. S. İbadullayeva qeyd edib ki, binada istilik sistemi də yoxdur: “Binamızda istilik sistemi də yoxdur. Sakinlər öz hesablarına müxtəlif qızdırıcılardan istifadə edərək mənzillərini qızdırırlar”.

Vətəndaşın şikayəti ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev yeniavaz.com-a bildirdi ki, məsələdən xəbərdardılar və yaxın vaxtlarda qeyd olunan binanın da dam örtüyü problemi həll olunacaq: “14 mərtəbəli binada dam örtüyü problemi ilə bağlı bizə məlumat veriblər qısa vaxtda həmin binanın dam örtüyü və digər məsələlərlə bağlı problem həll olunacaq. Heç kim sakinlərə “Sentyabra kimi sizin binanın dam örtüyü dəyişdiriləcək” deməyib”. Liftin işləməsi məsələsinə gəlincə isə, o bu məlumatın doğru olmadığını bildirdi.

İlkin Uğur
 

DİGƏR XƏBƏRLƏR

Top