Hitlerin şlyapası fantastik qiymətə hərraca çıxarıldı


Almaniyada yerləşən bir hərrac evində Adolf Hitlerə aid əşyaların auksiona çıxarılması etirazlara səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Münhen şəhərində yerləşən Herman Historika adlı hərrac evində nasist dövrünə aid 147 əşya hərraca çıxarılıb. Əşyaların arasında  Adolf Hitlerin “Mənim mübarizəm” adlı kitabının gümüş cildli nəşri, silindr formalı şlyapası və həyat yoldaşı Eva Braunun libasları da yer alıb. Sadəcə Hitlerin şlyapasına təyin olunan qiymət 50000 avro (təxminən 94000 AZN) müəyyən edilib.
Əşyaların hərraca çıxarılmasını tənqid edən çox sayıda adam etirazlarını hərrac evinə göndərdikləri məktublarla bildiriblər. Hərrac evinin rəhbəri Bernard Paçer satışla bağlı açıqlama verib: “Tarixi əşyalar olduğu üçün bu satışı edirik, müştərilərimizin çoxu muzey və mədəniyyət qurumlarının nümayəndələridir”.
Avropa Yəhudi Dərnəyinin rəhbəri Haham Menşem Marqorin hərrac evinə göndərdiyi məktubunda satışın qeyri-qanuni deyil də ancaq etikadan kənar olduğunu bildirib.
Qeyd edək ki, Herman Historika adlı hərrac evində 3 il əvvəl Hitlerin geyindiyi şalvar da satılıb.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top