SOCAR-da müəmmalı QAZ İTKİSİ: Yoxa çıxan 26 milyon manatlıq təbii qaz necə tapılıb?


Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 626,2 milyon kub metr əmtəəlik təbii qaz itkiyə gedib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan rəsmi məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisdə itkiyə gedən təbii qazın həcmi 22% və ya 112,9 milyon kub metr artıb. Belə ki, ötən ilin ilk 9 ayı ərzində 513,3 milyon kub metr təbii qaz itkiyə gedib.
Maraqlı məqamlardan biri odur ki, Dövlət Statistika Komitəsinin bu ilin ilk yarısı üçün açıqladığı hesabatda qaz itkisinin daha çox olduğu göstərilib. Belə ki, bu ilin yanvar-iyun aylarında ölkə üzrə təbii qaz itkisi 800,8 milyon kub metr olub.
Məlum məsələdir ki, ilin 6 ayında 800,8 milyon kub metr olan qaz itkisinin, ilin 9 ayında 626,2 milyon kub metr olması mümkün deyil. Hətta son 3 ay ərzində 1 kub metr qaz  itkiyə getməsə belə, rəqəm dəyişməz qalacaq. Amma açıqlanan rəsmi statistika itkilərin azaldığını göstərir.
Məsələ ilə bağlı Statistika Komitəsindən Yeniavaz.com-a verilən açıqlamada bildirildi ki, ilin ilk yarısı ərzində 800,8 milyon kub metr təbii qazın itkiyə getməsilə bağlı məlumat onlara SOCAR tərəfindən verilib. Komitədən qeyd etdilər ki, bu ilin oktyabr ayında SOCAR-dan onların ünvanına qaz itkisi ilə bağlı yeni - dəqiqləşdirilmiş məlumat daxil olub.
SOCAR tərəfindən dəqiqləşdirlməmiş məlumat hansı səbəbdən Statistika Komitəsinə təqdim edilib? Dəqiqləşdirilən məlumat niyə 2 ay sonra Statistika Komitəsinə göndərilib?   
SOCAR-ın Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, həqiqətən də açıqlanan məlumatda yanlışlığa yol verilib: "Qaz itikisilə bağlı açıqlanan göstərixidə rəqəmlərdən biri səhv yazılıb. Lakin, bu rəqəmin səhv olduğunu bildikdən sonra Statistika Komitəsinə bununla bağlı məlumat verilib. Onların səhv məlumatı niyə düzəltmədikləri barədə bizdə məlumat yoxdur".
Məlumat üçün qeyd edək ki, bu ilin ilk yarısında 800 milyon kub metr həcmində təbii qazın itkiyə getməsi barədə məlumat avqust ayında Statistika Komitəsi tərəfindən açıqlandığı zaman bu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub. Lakin,  o zaman rəsmi qurumlar bu məsələyə münasibət bildirməyiblər.
Sonda qeyd edək ki, bu ilin ilk 9 ayında 626,2 milyon kub metr təbii qazın itkiyi getməsi ilə bağlı (əgər daha sonra dəqiqləşdirilməyəcəksə - red.) məlumat dəqiqdirsə, onda ilin ilk yarısı üçün açıqlanan məlumatın əksinə olaraq, ən azı 174,6 milyon kub metr həcmində təbi qazın əslində itkiyə getmədiyini görəcəyik. Bu həcmdə təbii qaz 2 ay ərzində  itki kimi təqdim olunub. Yəni mövcud tariflə (orta tarif 0,15 azn) hesabladığımız zaman dəqiqləşdirilməyən və dəqiqləşdirilən məlumat arasında ən azı 26 milyon manatlıq bir fərq ortaya çıxır.
Onu da qeyd edək ki, son 4 ilin ilk yarısı və ilk 9 ayı ərzində əmtəəlik təbii qazın ümumi ehtiyatları və itkilərlə bağlı açıqlanan rəsmi məlumat belə olub: 
Hesabat
dövrü
Ümumi
ehtiyatlar
İtki
2016
Yanvar -sentyabr
15,9 milyard kub metr 524,7 milyon kub metr
2017
Yanvar - sentyabr
16,5 milyard kub metr 594 milyon kub metr
2018
Yanvar - sentyabr
17,7 milyard kub metr 513,3 milyon kub metr
2019
Yanvar - sentyabr
20,2 milyard kub metr 626,2 milyon kub metr
 
 
Hesabat
dövrü
Ümumi
ehtiyatlar
İtki
2016
Yanvar - iyun
11,3 milyard kub metr 476,6 milyon kub metr
2017
Yanvar - iyun
11,8 milyard kub metr 531 milyon kub metr
2018
Yanvar - iyun
12,6 milyard kub metr 491,4 milyon kub metr
2019
Yanvar - iyun
14,3 milyard kub metr 800,8 milyon kub metr

Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top