Körpələrə ət və sümük suyu verməyin! – PEDİATRDAN MƏSLƏHƏT


“Körpəyə verəcəyimiz ət məhsulu ətin özü olmalıdır. Bu da  körpənin 8-ci ayından etibarən ət püresi şəklində olmalıdır. Verilmə qaydası isə həftədə iki dəfə olmaqla, iki çay qaşığı şəklində. Toyuğun ayaqlarını qaynatmaq, heyvanın oynaqlarını, sümüklərini qaynadıb körpə yeməyinə qatmaq doğru deyil. Bunların daha çox zülal və yağ tərkibi körpənin həzm fermentləri üçün artıq doza olur və həzmsizlik başlayır. Nəcisin yağlı olması, pis yuyulması,kəskin qoxu gəlməsi buna bir işarədir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə “Facebook” hesabında qeyd edib.
Bundan əlavə Aytən İsmayılzadə altı aylıq körpələrə küftəli şorbaların da verilməyinin düzgün olmadığını bildirib: “Körpələrin 6 ayı tamam olan kimi küftəli şorbalar vermək olmaz. Ət zülalının həzmi üçün fermentlərin aktiv olması və uşağın aktiv udma bacarığının olması lazımdır. Buna görə 8 aydan tez həmin şorbaları vermək olmaz. Ət bulyonunda tərəvəz deyil, tərəvəz bulyonunda ət verilməlidir. Sümük suyu körpənin minerallara , kalsiuma olan ehtiyacını doyurmaq üçün doğru seçim deyil. Yalnız 1-1,5 yaşdan sonra bulyon yəni ət və ya sümük suyu vermək olar. Yenə də uşağın həzm sistemini, fiziki inkişafını , çəki artımını nəzərə alaraq”.

Həzm disfunksiyasi olarsa nə baş verər, yəni dozadan artıq ətin yaxud bulyonun verilməsi nə ilə nəticələnər?
“Hər bir qida artıqlığında olduğu kimi burda da bağırsaqda yaranmış köp , qıcıqlanma , selikli qişada zədələnmə , divarönu həzmin pozulması, mineral və vitaminlərin sovrulmasına əngəl olur. Əksinə zədələnmiş sıx təmas sistemindən allergenlər , mikroblar, göbələklər, triqliserisdlər, şəkər kütləvi şəkildə qana keçir və müxtəlif xəstəliklərə yol açır”.
Pediatr uşaqlara balıq ətinin verilməsini də məsləhət görmədiyini qeyd edib: “Balıq ətini isə bir yaşa kimi məsləhət görmürəm. Allergiya riski var. Ümumiyyətlə bilməliyik ki, ət körpəyə niyə lazımdır?  Həm zülal mənbəyi həm də rahat sorulan dəmir mənbəyi olaraq ət körpəyə lazımdır. Buna görə, quzu əti, keçi əti , yağsız mal əti seçilir. Balıq əti isə xüsusilə dəniz balıqları, ağır metallarla çirklənmiş olur , və ilk 1-2 ildə məsləhət görmürəm. Hamiləlik zamanı və 3 yaşadək uşaqlara da balıq yağı verilməsinə qarşıyam”.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top