İstintaqdan 7 il gizlənmiş azərbaycanlı narkotacirin məhkəməsi başlayır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində, qaçaqmalçılıqda təqsirləndirilən Hüseynov Elnur Elxan oğlu cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, Elnur Hüseynov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 2012-ci ilin fevralında axtarışa verilib. O, bu ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.
İstintaqla müəyyən edilib ki, Hüseynov Elnur Elxan oğlu külli miqdarda psixotrop maddənin satış məqsədilə qanunsuz yolla əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılığını həyata keçirən sabit cinayətkar qrup - mütəşəkkil dəstənin rəhbəri olub.
2011-ci ilin oktyabrında Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysi ilə getmək istəyən cinayətkar qrupun üzvü Azərbaycan vətəndaşı Bağırov Əfqan İlham oğluna məxsus çamadana baxış keçirilərkən gömrük nəzarətindən gizlədilmiş şəkildə 2295,7qram metamfetamin psixotrop maddəsi aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb.
Cinayətkar qrupun rəhbəri Hüseynov Elnur Elxan oğlu İran İslam Respublikasında şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə birlikdə qeyd edilən külli miqdarda psixotrop maddəni Azərbaycanın gömrük sərhədindən tranzit qaydada keçirməklə İrandan Tailand və Malayziya krallıqlarına göndərməyi planlaşdırıb.
Bu məqsədlə Hüseynov Elnur Elxan oğlu cinayətkar dəstə yaradıb, dəstəyə digər iştirakçılar, o cümlədən Azərbaycan vətəndaşları - Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlunu cəlb edərək onları təlimatlandırıb, iştirakçıların fəaliyyətlərini əlaqələndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar iştirakçılara göstərişlər verib, cinayətlərin icraçılarına haqq ödənilməsi və cinayətkar fəaliyyət üçün zəruri pul vəsaitlərinin əldə edilməsini təşkil edib və beləliklə, planlaşdırılan cinayətlərin törədilməsinə rəhbərlik edib.
Dəstənin digər üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi daha əvvəl keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top